Ən son xəbərlər
Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmə inteqrasiya səylərində çətin və şərəfli yol keçib. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti Avropa Şurasında (AŞ) qonaq statusu almaq üçün müraciət etsə də, bu, yalnız dörd ildən sonra mümkün olub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkənin xarici siyasət xəttində bir sıra mühüm və təxirəsalınmaz dəyişikliklər etdi.
Ulu öndər çalışırdı ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü reallaşsın və biz öz ərazilərimizin Ermənistan tərəfindən işğalını dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm bir platforma əldə edək. Elə buradaca vurğulamaq lazımdır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993- cü ildən Azərbaycanda ölüm cəzasına moratorium qoyulması, 1998-ci ildə isə ləğv edilməsi, yəni cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olub. Unudulmaz dahi şəxsiyyətin Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycanın Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında imzaladığı sərəncamlar da birmənalı olaraq ölkəmizin AŞ-yə qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi.
Avropa Şurası qitədə insan hüquqlarını müdafiə edən aparıcı təşkilatdır. Tərkibi Avropa İttifaqının 28 üzv ölkəsi daxil olmaqla, 47 dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıblar. Ulu öndərin səyləri sayəsində Azərbaycanın adı Avropa Şurasının tribunasından tez-tez çəkilməyə başlamışdır. Təsadüfi deyil ki, 1997-ci il aprelin 22-də keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 saylı qətnamə qəbul edilib.
Nəhayət, yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. Bir həftə sonra Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib. Ümummilli lider həmin gün – yanvarın 25- də Avropa Şurası Parlament Assambleyasında çıxış edib və bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirib. Tarixi çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram olub.
Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti 6 həqiqi və 6 əvəzedici üzv olmaqla, ümumilikdə, 12 üzvdən ibarətdir. 2001-ci il aprelin 24-dən 27-dək keçirilmiş AŞPA-nın plenar sessiyasında Azərbaycan Respublikasının bu qurumda nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak edib. Nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalı siyasilərin diqqətinə çatdırılıb. AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırılıb. Cənab İlham Əliyev Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu bəyan edərək deyib ki, qondarma "Dağlıq Qarabağ Respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Məhz belə qətiyyətli mövqedən sonra AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yaranıb.
Həmin sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə xarakterli təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilərin Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanıb.
Bundan əlavə, AŞPA-da “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və s. sənədlər yayılıb. Elə o vaxtlardan İlham Əliyevin əsl siyasətçi keyfiyyətləri özünü göstərib. 2003-cü ilin yanvarında İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın büro üzvü seçilib. Bundan bir qədər sonra qurumun fəaliyyətində nümunəvi iştirakına və Avropa ideallarına sədaqətinə görə, o, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 19 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçiləndə o, artıq siyasi xadim kimi dünyada tanınırdı.
Cənab İlham Əliyevin təməlini qoyduğu AŞPA-da yüksək səmərəli fəaliyyət ənənəsi uğurla davam edir. Hazırda nümayəndə heyətimizin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidovdur. Nümayəndə heyəti Azərbaycanın mənafelərinə uyğun təşəbbüslər irəli sürür, müvafiq sənədlər üzrə müzakirələrdə fəal iştirak edir.
Azərbaycanın AŞ-da üzvlüyü xronikasına nəzər salaq. 2002-ci il aprelin 15-də respublikamız Avropa İnsan Hüquqları Konvensiyası və onun protokollarının ratifikasiya edilməsi haqqında sənədi depozitariyə təqdim edib. Həmin gündən konvensiya və onun protokolları Azərbaycana münasibətdə qüvvəyə minib. Həmin tarixdən etibarən Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və digərlərinin) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (Avropa Məhkəməsi) müraciət etmək hüququ yaranıb.
Azərbaycan tərəfinin davamlı səyləri nəticəsində 25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı qətnamə və tövsiyə qəbul olunub. Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırladıb və tərəfləri silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edib. Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının doğma yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapıb. Bununla belə, AŞPA-nın 1416 saylı qətnaməsinə əsasən, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə, əslində, fəaliyyətsiz qalıb.
AŞ Nazirlər Komitəsinin 2014-cü ilin mayında Vyanada keçirilmiş 124-cü sessiyasında komitəyə sədrlik Avstriyadan Azərbaycana keçib. Sədrlik dövründə Azərbaycan prioritetlərə sadiqliyini nümayiş etdirib. Həmin il iyunun 24-də AŞPA-nın yay sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanı ifşa edən, beynəlxalq təşkilatları isə birtərəfli mövqe tutmaqda qınayan parlaq tarixi çıxışı politoloqlara unudulmaz təsir bağışlayıb.
Onu da qeyd edək ki, hələ 2014-cü ildə Avropa İttifaqı (Aİ) və AŞ arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus,Gürcüstan, Moldova Respublikası və Ukrayna) ilə əməkdaşlıq layihələrinin icrasına dair razılığa gəlinib. Öncə Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi, 2017-ci ildən etibarən isə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq adlanan bu təşəbbüsdə Aİ əsas donor, AŞ isə layihələri həyata keçirən təşkilat qismində çıxış edib. Sözügedən təşəbbüs çərçivəsində bir sıra regional və ikitərəfli layihələr icra olunub. Ümumilikdə 14 regional layihəyə əlavə olaraq Azərbaycan üçün ümumi büdcəsi 4,9 milyon avro təşkil edən ikitərəfli layihələr də həyata keçirilib.
2019-cu ilin may-iyul aylarında yeni fəaliyyət planına uyğun olaraq, ilk layihələrin reallaşdırılmasına başlanılıb. Həmin layihələr ədliyyə sisteminin səmərəliliyi, penitensiar sahədə islahatlar, çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrini əhatə edir. Qarşılıqlı əməkdaşlıq üçün çərçivə rolunu oynayan bu sənəd bir sıra istiqamətlər üzrə AŞ-nin texniki yardım və ekspertizasından yararlanmağa imkan yaratmaqla, ölkəmizdə müvafiq sahələrdə davam edən islahatlar gündəliyinin dəstəklənməsinə töhfə verib.
AŞPA çərçivəsində “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” ilə bağlı hesabatlar müzakirə edilib. Azərbaycanın əzəl torpağı olan Qarabağın Ermənistan tərəfindən işğalı birmənalı olaraq assambleya tərəfindən pislənilib.
Təəssüf ki, işğalçı Ermənistana qarşı atılan addımlar bundan o yana getməyib. 2020-ci ilin oktyabrında Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “L’Humanite” qəzetinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən bildirib ki, münaqişənin həllinə töhfə vermək Avropa Şurasının borcudur. Avropa Şurası bütün vasitələrlə Ermənistanı başa salmalıdır ki, rəsmi Yerevan beynəlxalq hüquqa və qurumun Azərbaycan da daxil olmaqla, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət etməlidir. Onu da deyək ki, bir sıra hallarda bu təşkilatda ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz münasibət, yalan iddialara əsaslanan qərəzli yanaşmalar da olur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi, demək olar ki, bütün beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da aşkar şəkildə təriflənməsə də, buna qarşı ən cüzi bir etiraz bəyanatı da verilməyib. Bununla da həmin qurumlar Azərbaycanın haqq işinin təntənəsini təsdiqləmiş olublar. AŞ-ın baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib.
Bütün bunlarla yanaşı, müsbət tendensiyaları da danmaq olmaz. Başa çatmış ildə bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilib. Ötən ilin yanvarında Strasburqda Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi təntənə ilə keçirilib. 28 May – Müstəqillik Günü münasibətilə AŞ binasının ön hissəsində Azərbaycanın üçrəngli bayrağının nümayişi olub. Gecə səhərədək bina bayrağımızın rəngləri ilə işıqlandırılıb. Sentyabrda AŞPA-nın binasında “Nizami Gəncəvi ili” çərçivəsində böyük Azərbaycan mütəfəkkir şairinə həsr edilmiş ikihəftəlik sərginin təşkili həm də avropalı siyasətçilərə bizim mədəniyyət dərsimiz olmaq baxımından önəmlidir.
Hazırda, Azərbaycan Respublikası Avropa Şurası çərçivəsində qəbul edilmiş 60-dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır. Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq daha geniş kontekstdə, daha obyektiv əsaslarda davam etdirilir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə