Ən son xəbərlər
Prezident İlham Əliyevin yanvarın 14-də Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərinin nəticələri iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Azərbaycan və Ukraynanın dövlət başçılarının geniş tərkibdə görüşündə səsləndirilən fikirlər də bunun bariz ifadəsidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, bu iki ölkə uzun illər ərzində uğurlu əməkdaşlıq həyata keçirir, beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir. Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi də əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Dövlətimizin başçısı nitqində bu dövlətlər arasında pandemiya şəraitində belə iqtisadi sahədə canlanma müşahidə edildiyini, ticarət dövriyyəsində müsbət meyillər nəzərə çarpdığını diqqətə çatdırıb. Eyni zamanda, indiki səfər çərçivəsində imzalanan sənədlərin icrasının müzakirə olunan layihələrin gerçəkləşməsinə və iqtisadi əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.
Prezidenti İlham Əliyev çıxışında Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığının bəzi məqamlarına toxunub. Məsələn, dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzun illər Ukraynada səmərəli fəaliyyət göstərdiyini xatırladaraq, bu qurumun bundan sonra da energetika sektorunda mövcud əməkdaşlığı sürətlə genişləndirmək istəyində olduğunu diqqətə çatdırıb. Bundan başqa, yaxın gələcəkdə hər iki tərəfin nəqliyyat, kənd təsərrüfatı və turizm sektorlarının böyük perspektivləri nəzərə alınaraq, qarşılıqlı fəaliyyət istiqamətlərinin gücləndirilməsi nəzərdə tutulub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışında dövlətimizin başçısının nitqində diqqətə çatdırılan məsələləri dəstəklədiyini, aqrosənaye kompleksinin inkişafı istiqamətində əməkdaşlığın, ərzaq təhlükəsizliyinin xüsusi önəm daşıdığını vurğulayıb.
Xatırladaq ki, səfər çərçivəsində kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalanıb. Həmin sənədlərdə –“Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişdə, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, “Aqrar sahədə əməkdaşlıq haqqında”, “Energetika sahəsində əməkdaşlıq haqqında”, “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumlarında bundan sonra da sadalanan sahələrin inkişafına önəm veriləcəyi öz ifadəsini tapıb.
Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş olduğunu, indiki işgüzar səfəri çərçivəsində isə iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq aparıldığnı bildirib. Dövlətimizin başçısı deyib: “Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”.
Azərbaycan Prezidenti daha sonra iki ölkə arasında 30 il ərzində sıx əməkdaşlığın yaradıldığını, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini, respublikamızda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və hörmət olduğunu və bunun bariz ifadəsi kimi Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsinin ucaldıldığını, adına park salındığını, paytaxtın ən böyük meydanlarının birinin Ukrayna adını daşıdığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı bəyanatında səfər çərçivəsində imzalanan sənədlərdə ifadə olunan məsələrin yaxın gələcəkdə uğurla həlli nəticəsində iki ölkə arasında əməkdaşlığın, dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfərinin nəticələri iki ölkə arasında 30 il ərzində iqtisadi əməkdaşlığın inkişafının dinamik xarakter daşıdığını göstərir. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenskinin 2019-cu ilin dekabrında Azərbaycana etdiyi səfərin gündəliyində əsas məsələnin də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Digər tərəfdən, ticarət evlərinin açılması, biznes forumlarının keçirilməsi bu istiqamətdə daha yüksək nəticələrin əldə olunmasına hesablanmışdı. Ötən ilin on bir ayının göstəricilərini 2020-ci ilin nəticələri ilə müqayisə edəndə də, müəyyən müsbət dinamikaya nail olunduğunu görə bilərik. Belə ki, keçən ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 866 milyon dollar təşkil edib. İdxal 419 milyon dollara, ixrac isə 446 milyon dollara çatıb.
Pandemiyanın yaratdığı böhran şəraiti daha yaxşı göstəricilərin əldə olunmasına maneələr yaratsa da, göründüyü kimi, müəyyən inkişaf dinamikası müşahidə edilib və qarşıdakı illərdə iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək və yeni əməkdaşlıq formalarını müəyyənləşdirməklə bu gün iqtisadi-ticari əlaqələrinin sürətli inkişafına nail olmaq əsas vəzifədir. Bu vəzifənin həllini isə Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində imzalanan çox mühüm sənədlərin icra ediləcəyi şərtləndirir.
Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda enerji sahəsindəki əlaqələr xüsusilə diqqət çəkir. SOCAR-ın yanacaqdoldurma stansiyalarının Ukraynada məşhur brend kimi tanınması məhz bunun əyani ifadəsidir. Bununla belə unutmayaq ki, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün daha geniş imkanlar mövcuddur.
Təbii ki, hər zaman alternativ bazarlara çıxışın mövcud olması ölkələrin ixrac imkanlarının artmasına önəmli təsir edir. Bu baxımdan Ukrayna Azərbaycanın ixrac malları, o cümlədən kənd təsərrüfatı və neft-kimya məhsulları üçün əlverişli və alternativ bazardır. Bu ölkədən isə respublikamıza qara metallar, kağız, karton, əczaçılıq məhsulları və s. ixrac olunur.
Bununla yanaşı, dost ölkədə dəmyə əsaslı və yüksək məhsuldarlığa malik, xarici icarəyə açıq geniş torpaqlar var. Strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl əkini üçün icarəyə torpaqlar götürmək və hasil olan məhsulu ölkəmizə gətirmək mümkündür. Bu isə son günlər dünya bazarlarında ərzaq qiymətlərində müşahidə edilən artımın ölkə iqtisadiyyatına təsirinin azalmasına və ərzaq təhlükəsizliyimizin təmininə öz müsbət təsirini göstərə bilər. Şübhəsiz ki, Azərbaycanda bu istiqamətdə zəruri addımlar atılacağı gözlənilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də sözügedən məsələ barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı müsahibəsində xarici icarəyə açıq və münbit torpaq sahələrinin icarəyə götürülməsi, orada məhsulların yetişdirilərək ölkəmizə gətirilməsi məsələsinin mümkünlüyünü qeyd edib.
Sonda bir məqamı da qeyd etmək istərdik. Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli münasibətlərin inkişafında yeni səhifələr açan vacib sənədlər imzalanması bu ölkənin mediasında geniş işıqlandırılmağa başlanıb. Ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko mətbuata açıqlamasında bildirib ki, “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş iki ölkə arasında qida məhsullarının ixracı və idxalı üçün bürokratik əngəllərin aradan qaldırılmasını şərtləndirəcək. “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumu isə hər iki ölkənin iş adamları arasında əmtəə mübahisələrini daha tez və səmərəli həll etməyə imkan yaradacaq. Bu, eyni zamanda, Azərbaycan-Ukrayna arasında ticarət dövriyyəsinin daha da artmasına müsbət təsir göstərəcək.
Ukraynalı iqtisadçı ekspertin sözlərinə görə, “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu da bir sıra məqamlara əsasən xüsusi önəm daşıyır. Belə ki, Ukrayna bu gün aqrar sektora investisiyaların cəlb olunmasında maraqlıdır. Azərbaycan isə bu cür investor ola və dost ölkəyə kənd təsərrüfatının inkişafında, ümumiyyətlə ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həllində kömək edə bilər. Çünki Ukraynada torpaq bazarının işə düşməsindən sonra investorlar qarşısında böyük imkanlar açılır və burada dövlət dəstəyi, bu münasibətlərin inkişafının təminatı qarşıda mühüm vəzifə kimi durur. Nəhayət, Azərbaycan neftlə zəngin ölkədir, Ukraynada isə neft emalı zavodları mövcuddur və bunun üçün Azərbaycan neftini emal etmək sərfəlidir. “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu isə bu məsələnin reallaşmasını şərtləndirir.
Aleksandr Oxrimenko açıqlamasında imzalanan sənədlərin Azərbaycanla Ukrayna arasında müxtəlif istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açdığını əminliklə bildirib. Prezident İlham Əliyevin səfəri çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması isə iki ölkə iqtisadiyyatının daha sürətli inkişafına yol açacağını və yüksək dividendlər gətirəcəyini əsaslandırır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə