Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində keçirilən humanitar tibbi aksiyada pasiyentlərə 2750-dən çox tibbi xidmət göstərilib

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində keçirilən humanitar tibbi aksiya davam etdirilib.

Aksiyanın son günündə də yerli tibbi kadrlarla birlikdə pasiyentlərə lazımi tibbi xidmətlər göstərilib. Aksiya çərçivəsində 3 gün ərzində 1084 xəstə müayinə və müalicə olunub. Ümumilikdə, pasiyentlərə 2754 diaqnostik, terapevtik, cərrahi və digər tibbi xidmətlər göstərilib, 24 göz, 9 ümumi, 6 kiçik əməliyyat olmaqla, 39 pulsuz cərrahiyyə əməliyyatları aparılıb.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib.

Aksiya zamanı səhiyyə maarifi işi də aparılıb, vətəndaşların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.

Qeyd edək ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yanvarın 12-dən start götürən humanitar aksiyaya Respublika Klinik Xəstəxanasının 14 nəfərlik həkim heyəti dəvət olunub. Aksiya çərçivəsində yerli tibbi heyətlə birgə muxtar respublika sakinlərinə, o cümlədən şəhid ailələrinə və qazilərə təmənnasız tibbi xidmət göstərilib. Həkim heyətinin tərkibində yüksəkixtisaslı həkimlərdən pediatr, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, ginekoloq və başqaları iştirak edib.

 

15 Yanvar 2022 16:33 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə