Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda enerji təminatı prioritet istiqamətdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bir gün sonra ölkəmizin həyatında çox önəmli hadisə baş verəcəyini, xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulacağını bildirərək dedi: “Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür…” .

Xatırladaq ki, dövlətimizin başçısının müsahibədə vurğula­dığı tarixi hadisə yanvarın 13-də Gülüstan sarayında reallaşdı. Həmin gün Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək dedi: ”Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yara­dılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin isteh­salına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bun­dan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik”.

Dövlətimizin başçısı nitqində təməli qoyulan stansiyanın Azərbaycanın bərpaolunan enerji sektorunda ən böyük elektrik infrast­rukturu olacağını, istehsal gücünün isə 240 meqavat təşkil edəcəyini bildirdi. Ölkə rəhbəri bu obyektin re­allaşması ilə həm də respublikamı­zın enerji təhlükəsizliyinin daha da möhkəmlənəcəyini, çoxlu iş yerinin yaradılacağını qeyd etdi. Həmçinin stansiyanın işə düşməsi ilə təbii qaza qənaətdə növbəti addımın atılacağını, eyni zamanda, bununla ətraf mühitə mənfi təsirin azalacağı­nı da diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışın­da bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanının şirkəti olduğunu, bu ölkə ilə Azərbaycan arasında çox sıx dost­luq və qardaşlıq münasibətlərinin mövcudluğunu da vurğuladı: “Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalı­na görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”.

Mərasimdə ölkəmizlə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin çox yüksək dinamika ilə inki­şaf etdiyi, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq qurul­duğu, turizmin isə pandemiyadan sonrakı mərhələdə canlanacağı bildirildi.

Tədbirdə Azərbaycanla Səudiyyə Ərəbistanını yaxınlaşdıran digər bir məqama da toxunuldu. Bu, iki ölkənin birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışması məsələsi idi. Bu məqmı nitqində diqqətə çatdıran Prezi­dent İlham Əliyev OPEC+ formatı yaradılandan indiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynadığı­nı və bu formatda iştirak edən digər ölkələrlə bərabər hər iki dövlətin neftin qiymətinin sabitləşməsinə nail ola bildiyini mərasim iştirakçılarına xatırlatdı.

Mərasimdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının qu­rulmasını reallaşdıracaq investor barədə də məlumat verildi. Bildirildi ki, enerji infrastrukturunu bu sahədə böyük təcrübəsi olan və səmərəli fəaliyyəti ilə dünyada tanınan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti inşa edəcək. Adı çəkilən şirkət tərəfindən indiyədək inşa edilmiş stansiyaların enerji istehsalı gücü isə 42 min meqavat­dan çoxdur.

Azərbaycan Prezidenti nitqində “ACWA Power”nin ölkəmizdə fəaliyyət göstərməyə maraqlı olmasının səbəbini də açıqladı: “Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir...”.

Yeri gəlmişkən, mərasimdə də vurğulandığı kimi, istər Azərbaycanın yeni müstəqilliyinin ulu öndər Heydər Əliyev dönəmində, istərsə də dövlətimizin başçısı İlham Əliyevin ölkəyə rəhbərliyi zamanın­da bir çox müqavilələr imzalanıb və bunların demək olar ki, hamısı dəyişdirilmədən, müddəalarına toxu­nulmadan uğurla reallaşdırılıb. Ölkə rəhbərinin də dediyi kimi, 1994-cü ildə həyata vəsiqə alan və uzun illərdir ki, uğurla icra edilən “Əsrin müqaviləsi”ndə indiyədək bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qo­yulub. Bu, hazırda da uğurla davam edir.

Xarici şirkət nümayəndələrinin Azərbaycana gəlib sərmayə yatı­raraq, iş görmələrinin əsasında isə respublikamızda mövcud sabitlik, əlverişli investisiya mühiti daya­nır. Hazırda dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması şəraitində böyük nüfuza malik bir şirkətin- “ACWA Power”nin Azərbaycanda fəaliyyətə başlaması-Xızı rayonunda 240 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi qərarını verməsi də məhz qeyd edilən sabit­lik və cəlbedici investisiya amili ilə bağlıdır.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 me­qavat gücündə külək elektrik stan­siyasının tikintisi ilə bağlı layihənin reallaşdırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulub.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması, həmçinin müasir istehsal və xidmət sahələrinin yaran­masına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.

Azərbaycanın isə belə bir enerji layihəsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki respublika­mız müstəqillik dövründə uzun illər ərzində enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb, bu istiqamətdə bir sıra layihələri uğurla gerçəkləşdirib. Azərbaycan, eyni zamanda, dünya miqyasında nadir ölkələrdəndir ki, elektrik enerjisi ilə bərabər, həm də xam neft, təbii qaz, neft məhsulları ilə daxili tələbatı tam ödəmək üçün istehsalı gücləndirib və paralel olaraq bu məhsulların dünya bazarlarına ixracını həyata keçirib. Dövlətimizin başçısı çıxışın­da bununla bağlı dedi: “Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisi­nin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq”.

Bu gün düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda da yaşayış sahələrinin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. İşğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması da diqqət mərkəzində saxlanılır.

Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. Bu, təsadüfi deyil. Çünki respublikamız bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir.

Günəş və külək enerjisi poten­sialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elekt­rik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz, özəl investisiyalar hesabına reallaşdırılması planlaş­dırılıb.

Prezident İlham Əliyev bu il mayın 3-də “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutul­muş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekviva­lenti məbləğində vəsait ayrılıb.

Bu, dövlətimizin başçısının ölkəmizdə “yaşıl enerji” zonası ya­radılması layihəsinə mühüm önəm verməsinin bariz ifadəsidr. Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bu barədə bildirib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik”.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, xarici və yerli inves­torlar investisiya qoymaqla həm öz biznes maraqlarını, həm də Azərbaycanı uzunmüddətli, daya­nıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edə bilərlər.

İşğaldan azad olunan rayonlarda “yaşıl enerji” zonasının yaradılması üçün çox böyük potensial olduğunu qeyd edən Prezident İlham Əliyev bu bölgədə, məsələn, Laçın–Kəlbəcərdə külək enerjisindən, Zəngilan–Cəbrayıl ərazilərində isə günəş enerjisindən istifadə imkanlarının çox geniş olduğunu diqqətə çatdıraraq deyib: “Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə – bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir”.

Yeri gəlmişkən, dövlətimizin baş­çısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal son­ra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ilə bağlı çıxışında bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standartları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial im­kanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alter­nativ enerjidən istifadənin stimul­laşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

15 Yanvar 2022 01:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
24 May 2022 | 09:20
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə