Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş-məmur münasibətləri daha sağlam prinsiplər üzərində qurulmalıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən birini təşkil edən vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması korrupsiya hallarının tamamilə aradan qaldırılmasını, dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin edilməsini, vətəndaş məmnunluğunun artırılmasını ehtiva edir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində korrupsiya və rüşvətxorluğa qar­şı mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini vur­ğulayıb. Həmçinin son illər ərzində ölkə rəhbərliyi tərəfindən göstərilən qətiyyətin və sözlə əməl arasında olan vəhdətin hər kəs üçün dərs olmasının zəruriliyini diqqətə çatdırıb: “...Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparıl­malıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşı­sında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanun­dan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq...”.

Ölkə rəhbəri bu məsələdə mühüm önəm daşıyan bir məqamı da xatır­ladıb. Dövlətimizin başçısı prezident vəzifəsində fəaliyyət göstərdiyi 18 il ərzində öz təşəbbüsü ilə bir çox kadr dəyişikliyi etdiyini, lakin təəssüf ki, bəzi hallarda bu yeniliyin vəziyyəti müsbətə doğru dəyişmədiyini bildirib. Ona görə bu məsələdə cəza tədbirləri ilə bərabər, kadrların düzgün seçilməsi amilinə ciddi şəkildə yanaşılmasına da önəm verilməsini zəruri addım kimi qiymətləndirib.

Cənab Prezident müsahibəsində, həmçinin son vaxtlar hakimiyyətin demək olar ki, bütün qollarında, hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr islahatlarının aparıldığını və bunun tezliklə müsbət nəticələrlə müşahidə olunacağına əminliyini ifadə edib. Bundan başqa haqqında danışılan vəziyyətlə bağlı ictimaiyyətə mesajlarını da verib: “Biz cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakter­li işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin…”.

Ölkə rəhbəri bütün bunlarla yanaşı, korrupsiya üçün meydanı daraltmağın, şəffaflıqla, hesabatlılıqla bağlı əlavə addımların atılmasının əhəmiyyətini də diqqətə çatdıraraq, bütün sahələrdə-iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində “ASAN modeli”in tətbiqinin genişləndirilməsini zəruri sayıb. Səbəbini də belə əsaslandırıb ki, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi korrupsiya imkanlarının aradan qaldı­rılmasını şərtləndirir.

Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, bu məsələdə siyasi iradəsi artıq hər kəsə bəllidir: “Mən demişəm, əgər hansısa dövlət məmuru özü­nü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

Yeri gəlmişkən, xatırladım ki, dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyəti dövründə vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurul­masını, korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə ardıcıl qərarlar verib, müvafiq proq­ramlar imzalayıb. Atılan bu addım­lar isə sosial-iqtisadi islahatların gerçəkləşdirilməsinə mənfi təsir göstərən, ayrı-ayrı sahələrin davamlı inkişafına əngəl törədən, ən başlıcası isə ədalətli cəmiyyət quruculuğunu ləngidən halların qarşısına sədd çəkməklə ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi məqsədi daşıyıb.

Azərbaycanda koronavirus pan­demiyasına qarşı mübarizə aparıldığı, dövlət strukturları tərəfindən əhalinin sağlamlığı ilə bağlı mühüm tədbirlər gerçəkləşdirildiyi indiki vaxtda isə vətəndaşların və dövlətin qanunla qo­runan mənafelərinə ciddi zərər vuran, hüquqazidd əməllərə yol verən vəzifəli şəxslər daha sərt şəkildə cəzalandırılır, aşkarlanan korrupsiya və rüşvətxorluq kimi mənfi meyillər aradan qaldırılır.

Belə bir narahatlıq doğuran bəla ilə mübarizənin miqyasının getdikcə genişləndirilməsi, əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparı­lan hərtərəfli islahatların ən əsas elementlərindən biridir. Bununla bağlı ölkə səviyyəsində həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunması da məhz qeyd edilən fikrin bariz ifadəsidir.

Sevinc HÜSEYNOVA,

Milli Məclisin deputatı

15 Yanvar 2022 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə