Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin ötənilki fəaliyyəti gərgin, məhsuldar və çoxşaxəli olub

Azərbaycan artıq beynəlxalq aləmdə qalib ölkə kimi tanınır. 30 il ərzində dünyanın inkişaf etmiş dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki bütün cəhdləri heç bir fayda vermədi. Məlum olduğu kimi, münaqişənin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, QİƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişdilər. Ancaq Ermənistan öz xarici havadarlarına güvənərək, beynəlxalq hüquq normalarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmirdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatların və qüdrətli dövlətlərin, münaqişənin nizamlanması istiqamətində 30 il ərzində nail ola bilmədiklərini 44 gün ərzində həll etdi. 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladıqları bəyanata əsasən, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin gün imzalanan kapitulyasiya aktı Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi. Beləliklə, Azərbaycan qələbəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.

Müharibədən bir həftə son­ra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər edərək, yenidənqurma, bərpa və quruculuq işlərinin təməlini qoydular.

2021-ci ilin ilk günlərindən dövlət başçımızın iş qrafiki çox gərginliklə başladı. Axı qarşıda mühüm, əhəmiyyətli işlər durur­du. Bir tərəfdən işğaldan azad edilmiş ərazilərin bərpası, digər tərəfdən xarici siyasətdə qaza­nılan uğurları davam etdirmək, beynəlxalq tədbirlərdə müharibənin başlanılması barədə həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, eyni zamanda, daxili siyasətdə qazanılan nailiyyətləri davam etdirmək. Ərazilərimizin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olsa da, bir milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşasa da, insan amili daim dövlət başçımızın diqqət mərkəzində saxladığı prioritet sahələrdən olub. Bu illər ərzində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsul­luğun səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrin güzəranının yaxşlaşdırılma­sı zəruri vəzifələrdən biri olub. Dövlət başçımızın qətiyyəti sayəsində bu sahədə uğurlar bir-birini əvəz edib. Növbəti illərdə də bu sahələrdəki inkişafın diqqət mərkəzində ol­ması gözlənilirdi. Baxmayaraq ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə start verildi, sosial siyasət bir an da olsun unudulmadı. Əksinə, koro­navirus pandemiyasının tüğyan etdiyi vaxtlarda ölkəmizdə nəzərdə tutulmuş bütün sosial layihələr uğurla icra edildi. Üstəlik, Ümum­dünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verildi. Bundan başqa, iqtisadi cəhətdən tənəzzül keçirən 30-dan çox dövlətə yardım edildi. Bunlarla yanaşı, dövlət başçımız xarici ölkələrə səfərlərini, beynəlxalq təşkilatların tədbirlərində iştirakını, xarici ölkə başçıları ilə görüşlərini təxirə salmadı.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb. Belə gərgin və çətin zamanda, yəni bir tətəfdən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin geniş şəkildə start götürdü­yü, eyni zamanda, dünyanı koro­navirus pandemiyası bürüdüyü bir vaxtda möhtərəm Prezidentimiz Ru­siyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. O cümlədən, dövlət başçımız bu səfərlər zamanı 12 ölkənin preziden­ti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Avropa İttifaqı, NATO), 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb və ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar müzakirələr aparıb. Təbii ki, bütün bunlar ölkəmizin xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğundan xəbər verir.

2021-ci il Azərbaycan tarixinə daha bir parlaq səhifə kimi yazıldı. Dünyada hökm sürən dərin sosi­al-iqtisadi böhrana baxmayaraq, bir çox əsas sahələr üzrə inkişaf templəri qorunub saxlanıldı. O cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yadda qaldı. Hazırda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. İnkişafın əsas sütunu neft yox, qeyri-neft sektorudur. Statistik məlumatlara görə, qeyri-neft sahələrində artım dinamikası 3 dəfə böyükdür. Ən əsası, Qarabağ və Şərqi Zəngəzurda bir-birinə bağlı olan əhatəli yol-nəqliyyat şəbəkəsinin təməli qoyuldu. Ötən il ölkə başçısının Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərlərinin hər biri işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin prioritet vəzifə olması­nın göstəricisidir. Həmin səfərlər zamanı yadda qalan məqamlardan biri də möhtərəm Prezidentimizin iştirakı ilə bir sıra şəhər və rayon­ların baş planlarını ictimaiyyət nümayəndələrinə, xüsusilə, həmin rayonların sakinlərinə təqdimetmə mərasimlərinin keçirilməsi oldu. Bu səfərlərin hər biri işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində mühüm hadisələrlə yadda qalıb. Ölkə başçısının azad edilmiş ərazilərdə qısa müddətdə tikilib istifadəyə verilmiş obyektlərin açılışında, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakı belə hadisələrdəndir.

Ötən ilin əvvəlində dövlət baş­çımızın Moskvaya işgüzar səfəri böyük maraqla izlənildi. Çünki möhtərəm Prezidentimiz bu səfərə qalib ölkənin başçısı kimi gedirdi. Səfər çərçivəsində prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi məsələsi müzakirə olundu. Həmin görüşdə 3 ölkə rəhbərlərinin imzaladığı Birgə Bəyanat maraqla qarşılan­dı. Sonra ölkə başçıları mətbuata bəyanatla çıxış etdilər. Daha sonra prezidentlər İlham Əliyev və Vladimir Putinin ikitərəfli görüşü keçirildi.

Ötən il keçirilmiş tədbirlərdən söhbət düşəndə iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi səfərdə olması mütləq qeyd edilməlidir. Çün­ki həmin gün Azərbaycan tarixində daim əlamətdar gün kimi xatırlana­caq. Respublikamızın müstəqillik tarixində ilk dəfə olaraq dövlət başçımız xarici dövlətin rəhbərini Qarabağda qarşıladı. Həmin səfər çərçivəsində Azərbaycan Respubli­kası ilə Türkiyə Respublikası arasın­da müttəfiqlik münasibətləri haqqın­da Şuşa Bəyannaməsi imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu görüş hər iki xalq üçün mühüm əhəmiyyət kəsb edir. Çünki 28 illik işğaldan sonra Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublika­sı arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imza­lanması mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş gününə – 15 iyuna və Qarabağ, Zəngəzur üçün çox vacib sayı­lan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də rəmzi mənası var. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən, Prezident İlham Əliyev Qars müqaviləsini xatırlatdı. Dedi ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır: “ Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Dövlətimizin başçısının Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyildi. Çünki 100 il əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Ancaq bir fərqlə. 100 il əvvəl hadisələrin nəticəsi Ermənistanın və onun hava­darlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa zəfəri deməkdir. Göründüyü kimi, dövlət başçımızın son 18 ildə həyata keçirdiyi məntiqli strategiya nəticəsində xalqımız 100 il sonra tarixi ədaləti bərpa etdi.

Bəyannamədə xüsusilə diqqət çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.

Şuşa Bəyannaməsinin imzalanmasından bir ay ötməmiş dövlət başçımızın Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin videoformatda keçirilən aralıq konfransında çıxışı təqdim olundu. Bu çıxış da mühüm əhəmiyyət kəsb edirdi. Çünki Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi qurumdur və 120 dövləti özündə birləşdirir. QH-nın təməlində sülh, multilateralism və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığın­dan, mürəkkəb qlobal çətinliklər hərəkatın əhəmiyyətini daha da artırıb. Xatırladaq ki, bu səbəbdən 10 ildən artıqdır ki, ölkəmiz Qo­şulmama Hərəkatı ailəsinin üzvü olub. Qısa müddət ərzində respub­likamız qurumda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi. Ötən il hərəkatın üzvləri təşkilatın hazır­ki sədri Prezident İlham Əliyevə müraciət edərək, daha bir il sədrliyi öz üzərinə götürməyi xahiş ediblər. Həmin xahiş məmnuniyyətlə qəbul edildi.

Ötən il dövlət başçımız və birinci xanım mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər etmiş, xüsusilə, Şuşada keçirilmiş müxtəlif tədbirlərdə iştirak etmişlər. Bundan əlavə, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən, Soçidə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasın­da üçtərəfli görüşdə, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısın­da iştirak etdi. Dövlətimizin başçısı Brüsseldə Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində və Sankt- Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir. Bütün bunlar Azərbaycan liderinin ötənilki iş qrafikinin xeyli gərgin, çoxşaxəli və məhsuldar olmasından xəbər verir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

15 Yanvar 2022 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə