Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın tarixi turizmi və onun perspektivləri

(Əvvəli qəzetimizin 9 yanvar 2022-ci il tarixli sayında)

Azərbaycanın tarixi turiz­mi, digər turizm növləri kimi turist üçün cəlbedici məhsullar təqdim etməyə xidmət edir. Bu məhsulların müəyyən edilməsi, onun turlara çevrilməsi üçün tarixi turizmin əsas istiqamətlərinin Azərbaycan üzrə xüsusiyyətlərini müəyyən etmək zəruridir.

Tarix və mədəniyyət abidələri ümumiyyətlə, o cümlədən Azərbaycanın tarixi turizm sistemində mərkəzi yer tu­tur. Tarixi turizmin meydana gəlməsində tarix və mədəniyyət abidələri həlledici rola malik olub. Azərbaycana gələn səyyahlar ölkənin rast gəldikləri tarix və mədəniyyət abidələrinin təsvirləri ilə birgə, rəsmlərini də əsərlərində verib.

Keçmişə aid abidələrin tu­rizm üçün mövcud imkanlarının müəyyən edilməsi şərtdir. Bunun üçün ölkənin tarix və mədəniyyət abidələrinə kompleks şəkildə yanaşmaq lazımdır. Burada tarix və mədəniyyət abidələrinin ölkə tarixinin dövrləri üzrə təsnifatı ən vacib yer tutur. Bu bir tərəfdən dövrlə abidə arasındakı əlaqəni, digər tərəfdən dövrlər arasın­dakı əlaqəni müyyən etməyə imkan verir. Çox maraqlıdır ki, Azərbaycanın tarix və mədəniyyət abidələrinin Azərbaycan tarxinin dövrləri üzrə bölgüsündən ay­dın olur ki, mürəkkəb və gərgin tarixi gedişata baxmayaraq, bütün dövrlər özünəməxsus abidələr ilə təmsil olunur. Burada ən cəlbedici məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan tarixinin dövrləri Yaxın və Orta Şərqin tarixi ilə sıx bağlı olduğundan, əslində daha geniş informasiyaya cəlbediciliyə malik olur.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin tarixi baxımından potensial imkanların­dan biri də ölkənin turizm bölgələri üzrə təsnifatı zamanı özünü göstərir. Adətən, şəhər tarixi üzrə turlar zamanı böyük şəhərlər əhatə olunsa da ölkənin turizm bölgələri bəzən diqqətdən kənarda qalır. Azərbaycanın dünya və ölkə miqyaslı tarix və mədəniyyət abidələrinin tarixi-turizm bölgələri üzrə təsnifatı belə bir mənzərə yaradır: bu abidələrdən 138-i Qarabağ, 122-si Bakı-Abşeron, 48-i Gəncə Qazax, 45-i Naxçıvan, 45-i Şəki Zaqatala, 19-u Şirvan, 13-ü Quba-Xaçmaz, qalanlar isə Cavad-Salyan və Lənkəran-Astara bölgələrinin payına düşür. Bölgələr üzrə təsnifat ümummilli tendensiyalar ilə yanaşı, regional xüsusiyyətləri də müəyyən etməyə imkan verir.

Tarixi arxeologiyasız təsəvvür etmək mümkün deyil. Arexolo­giya yazıya qədərki dövr tarixi üzrə əsas söz sahibidir. Xronoloji baxımdan isə orta əsrlərə qədər gəlib çıxır və yazılı qaynaqların məlumatını genişləndirir. Arxeoloji tədqiqatların Azərbaycan tarixi üçün əhəmiyyəti xüsusilə böyük­dür, çünki ölkənin tarixi keçmişi haqqında, əsasən, qeyri-yerli qaynaqlar üstünlük təşkil edir ki, onlar da reallığı təhrif edir. Ona görə də, Azərbaycan üçün qədim və orta əsrlər tarxinin tə qdimatında tarixi-arxeoloji abidələr xüsusi yer tutur. Azərbaycan arxeologiyası bütün dövrlər üzrə dünya və ölkə əhəmiyyətli abidələr ilə təmsil olunur. Burada nadir mağara düşərgələri (Azıx, Damcılı, Qazma, Tağlar), yaşayış yerləri (Töyrətəpə, Çalağantəpə, Leylatəpə, Əliköməktəpə və s.), kurqanlar və s.vardır. Qədim şəhər yerləri də arxeoloji irsdə vacib yer tutur. Təsadüfi deyil ki, Azərbaycanın əksər arxeo­loji abidələrinin öyrənilməsində beynəlxalq ekspedisyalar iştirak edir. Bu Azərbaycanın arxe­oloji abidələrinin dünya üçün əhəmiyyətinin göstəricilərindəndir. Bütün bunlar arxeoloji abidələri Azərbaycanın tarixi turizminin önəmli istiqamətlərindən birinə çevirib. Arxeoparkların yaradıl­ması ilə arxeoloji turizmin inkişafı daha da genişlənib. Bununla eyni zamanda, turistlərin bilavasitə qazıntı işlərində iştirakının təmin edilməsi, əldə olunan tapıntılar­dan, müəyyən qaydalar daxilində, onlara hədiyyə edilməsi və s. arxeoloji turizmin ən perspektivli istiqamətlərindən biri kimi ayrıl­maqdadır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin ən unikal xarakteristikasından biri də ondan ibarətdir ki, onlar funksiyası­na görə qırxdan çox istiqaməti (məbəd, türbə, körpü və s.) əhatə edir. Bu da Azərbaycanın tarixi memarlığını, tikinti mədəniyyətini xüsusi turizm sahəsi kimi ayırma­ğa imkan verir.

Dünyada turizmin intensiv inkişaf edən istiqamətlərindən biri də dini turizmdir. Azərbaycan bu sahədə nadir imkanlara malik ölkələrdəndir. Azərbaycan atəşpərəstliyin ən qədim məskənlərindəndir. Atəşpərəstliyin mərkəzi-Qazaka da Azərbaycanın cənubunda yerləşirdi. Burada dini bayramlar keçirilirdi. Sasani hökmdarları baş məbəddə tac qoyurdu. Azərbaycanın şimalın­da, o cümlədən Suraxanıda da atəşpərəstlərin məbədi yerləşirdi. O islam dininin yayılmasınadək mövcud oldu. Buna baxmaya­raq, atəşpərəstlərin müqəddəs məbədi kimi zəvvarları özünə cəlb edirdi. XVII əsrdə onun yerində Hindistandan olan zəvvarlar yeni, Atəşgah məbədini tikdilər. Məbəd 1880-ci ilədək fəliyyət göstərdi. Azərbaycanın dini turizm tarixi ba­xımdan nadir fakt ondan ibarətdir ki, ölkə dini turizmin zəvvarlıq növünə də malik olub. Aleksandr Dümanın, rəssam Qaqarinin Atəşgaha səfəri zamanı burada atəşpərəstlərin dini mərasimləri həyata keçirilirdi. Məbədin bağ­lanmasından sonra Azərbaycanda yeganə zəvvarlıq turizmi aradan qalxdı.

Hazırda dini turizmin digər bir sahəsi-dini abidələr, fəaliyyət göstərən dini təsisatlar, xalq inanc yerlərinə səyahətlər əsas yer tutur.

Şəhər turizmi, xüsusilə şəhər tarixi ilə bağlı yerlərə səyahət tarixi turizmin ənənəvi sahələrindən biridir. Azərbaycanda da şəhər tarixi turizmi mühüm yer tutur. Bu da təsadüfi deyildir, çünki Azərbaycan qədim zamanlardan etibarən şəhərlər diyarı olmuşdur. Şəhərlər qədim zamanlardan Azərbaycana gələn səyyahların da diqqət mərkəzində olub. İlk vaxtlar şəhərlərin ümumi görünü­şü və ya planına üstünlük verilsə də, sonralar şəhərlərin tarix və mədəniyyət abidələri və sosial-iqtisadi həyatının təsvirinə də üstünlük verilib.

Yalnız bugünədək gəlib çatan şəhərlər deyil, tarix səhnəsini tərk edən Azərbaycan şəhərləri (Beyləqan, Şabran və s.) də arxeoloji qazıntılar nəticəsində aşkar edilib və turizm nöqteyi-nəzərindən maraqla qarşılanır.

Hazırda tarixi qoruqların da xeyli hissəsi (İçərişəhər, Şabran, Gəncə, Şuşa, Ordubad, Zaqatala, Qəbələ) məhz şəhərlər əsasında yaradılıb.

Tarixdə iz qoyan mühüm siyasi hadisələrin baş verdiyi məkan və binalar da insanlar üçün daima maraq kəsb edib. Bu baxımdan Azərbaycan, nəinki ölkənin özü üçün, eləcə də beynəlxalq aləm üçün önəmli olan məkanlara malikdir. Onların sırasında qeyri-adiliyi ilə diqqəti cəlb edənlər də çoxdur. Hülakülar dövlətində hakimiyyət dəyişikliyinin mərkəzi Qarabağ olub. Arqun xan (1284-1291) burada ölüb. Məşhur Qazan xan (1295-1304) burada taxta çıxıb. Əbu Səid (1316-1335) burada vəfat edib, ondan sonra yenə burada hakimiyyətə Arpa xan (1335-1336) gəlib. Şah İsmayıl Azərbaycan dövləti qurmaq uğrun­da mübarizəsini Gülüstan qalası ətrafında bəyan edib. Məşhur Nadir xan hakimiyyətini leqal­laşdırmaq üçün “şah seçkisi”ni Muğanda keçirib. Burada qısa müddətdə böyük bir “şəhər” əmələ gəlib. Müasir dövrdə Azadlıq mey­danında mühüm siyasi hadisələr baş verib və s.

Hərbi tarixi turizmdən bəhs edildikdə döyüş yerləri, onlar­dan qalan miras diqqəti cəlb edir. Azərbaycan tarixən strateji cəhətdən xüsusi önəmə malik olduğu üçün istər qərb, istərsə də şərq imperiyalarının tarixi döyüşləri və hərbi yürüşlərinin şahidi olub. Hərbi tarixi turizm burada hərbi tarixi yerlər və hərbi tikililər (qalalar, hərbi istehkam­lar, müdafiə divarları və s.) ilə təmsil olunur. Xəzərsahili müdafiə istehkamları dünya əhəmiyyətli abidələr sırasına daxildir. Azərbaycanın hərb tarixində vacib yer tutan hadisələr münasibətilə keçirilən hərbi paradlar da hərbi turizmin inkişafında önəmli rol oy­nayır. Bu baxımdan Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradı xatırlatmaq olar.

İndustrial turizm daha çox sənaye tarixilə bağlıdır. Ona görə də bunu tarixi turizm sisteminə daxil etmək olar.

Çox maraqlıdır ki, industrial turizm dünyada yeni istiqamət hesab olunsa da Azərbaycanda daha dərin tarixə malikdir və hətta, Azərbaycanı onun banilərindən hesab etmək olar. Bakıda neft bumu və neft sənayesi tarixi bunu sübut edir. 1846-cı ilin yanvarında dünyada ilk dəfə olaraq məhz Ba­kıda, Bibiheybətdə sənaye üsulu ilə neft hasil edilib. Bu münasibətlə orada ilk neft quyusuna abidə qo­yulub. XIX-XX əsrin əvvəllərində Azərbaycanda olan səyyahlar mütləq neft sənayesi ilə tanış olub, səyyah-rəssamlar (Ostroumova-Lebedeva, Simpson və b.) neft təsərrüfatını əsərlərində əks etdi­rib. Naxçıvanda duz, Gədəbəydə mis sənayesindən qalan mühəndis qurğuları və tikililər də bu sahəyə aiddir və turizmin məqsədlərinə xidmət edə bilər.

Azərbaycanlıların tarixi etnoqrafiyası və etnik tarixi də tarixi turizm üçün geniş imkanlara malikdir. Azərbaycanın tarixinin müxtəlif dövrlərində burada etnik miqrasiyalar baş verib. Bakıda neft sənayesinin sürətli inkişafı buraya sənaye, tikinti və mədəniyyət sahəsində çalışan mütəxəssisləri cəlb edib. Hazırda Azərbaycanda istər şərq, istərsə qərbdən olan bir sıra etnoslara aid tarixi irs kifayət qədər geniş yer tutur. Bu etnik turizmin xüsusi sahəsi kimi nostalji turizminin inkişafı üçün mühüm zəmin yaradır.

Xəzər dəniz turizmi obyek­ti kimi böyük önəmə malikdir. Bununla eyni zamanda, Xəzərin tarixi turizm imkanları onu daha da zənginləşdirir. Xəzər dənizi Azərbaycan tarixində də mü­hüm yer tutub, ölkənin siyasi və sosial-iqtisadi inkişafında ciddi rol oynayıb. Xəzərin qabarma və çəkilmələri də ölkə həyatında əhəmiyyətli yer tutub. XIII əsrdə tikilən Bayıl qəsri suyun altında qalıb. Dənizdə neftçıxramanın inkişafı ilə Neft daşları təşəkkül tapıb. Xəzərdə sualtı arxeologiya nəticəsində xeyli artefaktlar aşkar edilib. Xəzərdə dəniz gəzintisi ilə şəhərin görünən panoramı onun tarixi və müasir memarlığnın har­moniyasını əyani müşahidə etmək imkanı yaradır.

Azərbaycanın tarixi turizmində tarix və tarix diyarşünaslıq muzeyləri və tarixi qoruqlar da xüsusi yer tutur. Muzey turiz­mi, ümumiyyətlə turizmin ən çox inkişaf etmiş sahələrindən biridir. Azərbaycanın muzeylər sistemində tarix və tarix-diyarşü­naslıq muzeyləri xüsusi yer tutur, iki yüzdən çox muzeyin əksər hissəsini məhz onlar təşkil edir. Bu da muzey turizmində tarixi turiz­min xüsusi rolunu göstərir.

Muzey turizmi kimi ənənəvi sahə ilə müqaysədə tarixi qo­ruqlar nisbətən sonrakı dövrə aiddir. Hazırda Azərbaycanda tarix və mədəniyyət abidələrinin əhəmiyyəti nəzərə alınaraq ölkədə 28 dövlət tarixi qoruğu yaradı­lıb. Tarix qoruqları tarixi turizmin inikişafı üçün böyük potensiala malikdir.

Son dövrlərdə dünya turizmində hadisəvi turizm ən in­tensiv inkişaf edən sahələrdəndir. Bu daha çox müasir dövrdə baş verən mühüm hadisələr (musiqi, idman və s.) ilə bağlı olsa da, keçmişdə baş vermiş hadisələrin ildönümləri də buraya aid oluna bilər. Bu baxımdan Azərbaycanda demək olar ki, ildönümləri hər il qeyd edilən tarixi hadisələr üzrə tədbirlər həyata keçirilir. Tarixi turizm də bu sahəyə öz töhfəsini verə bilər. Bu baxımdan mart soyqırımı, Bakının azad edilməsi, 20 yanvar hadisəsi və digər tarixi hadisələrin ildönümləri üzrə turizm proqramları, marşurutlar və s. tətbiq oluna bilər.

Tarixi hadisələrin rekonstruk­siyası da tarixi turizmin yeni, lakin perspektivli sahələrindən hesab olunur. Bu istiqamətli tədbirlər turistlərin böyük marağına səbəb olur. Azərbaycan tarixi turizminin bu istiqamətdə inkişafı da böyük perspektivə malik ola bilər.

İqtisadiyyatın mühüm sahəsi kimi turizmdə marketinq xüsusi sahə kimi ayrılıb. Burada əsas məqsəd turizm bazarının komp­leks təhlili, turist məhsullarının istehsalı, həmin məhsulların real­laşdırılması sistemlərinin araşdırıl­ması və reklam mühüm yer tutur. Turizmdə marketinq iqtisadiyyatın digər sahələri ilə müqayisədə müəyyən xüsusiyyətlərə malik ol­duğu kimi, turizm daxilində növlər üzrə də bəzi spesifik cəhətlər ilə fərqlənir. Bu baxımdan tarixi turizmdə marketinq və reklamın da özünəməxsusluğunun müəyyən edilməsi onun inkişafı üçün önəmli rol oynaya bilər. Burada mərkəzi yeri turizm bazarına tələb olunan tarixi turizm məhsulunun müəyyən edilməsi, onun istehsalı və bazara çıxarılmasının təmin edilməsidir.

Tarixi turizm istiqamətlərinin müəyyən edilməsi elmi-idraki baxımdan zəruridir, lakin onun əsasında tələb olunan turizm məhsulları hazırlanıb, bazara çıxa­rılmırsa onun təcrübi əhəmiyyəti olmur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dünya üzrə tarixi turizm sahəsində meydana gələn bütün tələblərə cavab verə bilən turist məhsulları təklif etmək imkanına malikdir. Lazımi dövrdə və şəraitdə hansı məhsula ehtiyac olduğunu müəyyən etmək üçün ona təsir edən faktorları araş­dırmaq zəruridir. Azərbaycana şərq ölkələrindən gələn turistlər ilə, qərbdən gələn turistlər üçün eyni tarixi turizm məhsulu maraq­lı olmaya bilər. Burada reklam, xüsusilə onun turizmdə geniş tətbiq edilən növlərindən istifadə əhəmiyyətlidir. Azərbaycan tarixi turizm imkanlarının reallaşdırıl­ması üçün bu sahədə səmərəli brendinqə də ehtiyac vardır. Artıq Azərbaycanda Qız qalası, Şirvan­şahlar sarayı, Atəşgah və s. tarixi turizm brendi kimi formalaşıb. Bunlar müsbətdir, lakin bu sahədə də işlər davam etdirilməlidir.

Azərbaycan tarixi turizminin qaynaqları və istiqamətlərindən aydın oldu ki, onun obyektləri ən qədim zamanlardan mü­asir dövrədək müxtəlif tarix və mədəniyyət nümunələrini əhatə edir. Bu obyektlərdən istifadənin təmin olunması üçün onun mühafizəsi zəruridir. Azərbaycanda tarixi inkişa­fın müxtəlif dövrlərində hərbi əməliyyatlar və təbii fəlakətlər zamanı xeyli abidələr məhv edilib. Bir xeyli abidə isə kifayət qədər qorunub, mühafizə olunmadı­ğına görə məhv olub. Möminə Xatun türbəsinin ətrafındakı tarixi abidələr və yaxud, Şəmki qülləsi buna nümunə ola bilər. Hazırda Azərbaycan Respublikasında tarix və mədəniyyət abidələrinin mühafizəsi dövlət siyasətidir və bir sıra qanunvericilik sənədləri ilə tənzimlənir. Bununla eyni zamanda, istər daxili, istərsə də beynəlxalq turizmin inkişafı tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsinə yeni bir aspektdən yanaşmanı irəli sürüb. Bu mühüm tendensiya Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (ingilis dilində UNWTO) rəsmi sənədlərində (Manila bəyannaməsi (1980), Osaka bəyannaməsi (2001) və b. ) də əksini tapıb. Manil bəyannaməsində qeyd edilir ki, “müxtəlif ölkələrin turizm ehtiyat­ları həm təbii zənginliklər, həm də maddi dəyərlərdən ibarətdir. Məsələ ondan ibarətdir ki, bəzi turizm ehtiyatlarının limitsiz istifadəsi onların tükənməsinə və hətta yox olmasına da gətirib çı­xara bilər...Bütün turizm ehtiyatları bəşəriyyətin ümumi sərvətidir. Milli qurumlar və bütövlükdə beynəlxalq ictimaiyyət onların qorunma­sı üçün tədbirlər görməlidirlər. Tarixi, mədəni və dini obyektlərin istənilən vəziyyətdə, xüsusən hərbi münaqişələr zamanı qorun­ması dövlətin əsas vəzifələrindən birinə çevrilməlidir.” Osaka bəyannaməsində isə turizmdə mədəni irsin mühafizəsinə ayrıca bölmə həsr edilib. Azərbaycan Respublikası da turizmdə tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsinə xüsusi diqqət yetirir. Turizmə dair Strateji Yol xəritəsində bu məsələ mühüm yer tutur.

Turizmin, o cümlədən tarixi turizmin inkişafında peşəkar kadr hazırlığı həlledici yerlərdən birini tutur. Turizm təhsili Azərbaycan üçün yeni sahə olsa da burada ciddi addımlar atılıb. Burada əsas yer Azərbaycan Turizm və Menec­ment Universitetinə aiddir. Uni­versitetin tarixi turizm sahəsində mütəxəssislər yetişdirməsi də zəruri tələbdir. Bunun üçün onun tərkibində müvafiq struktur dəyişikliyi edilə bilər. Universitetdə mövcud olan “Muzeyşünaslıq. Ar­xiv işi. Tarixi abidələrin qorunması” ixtisası əsasında onları da özündə birləşdirən “Tarixi turizm” ixtisası yaratmaq olar. Bu barədə dünyada da analoqlar vardır. Dünyanın bir sıra universitetlərində hətta, tarixi turizm fakültələri fəaliyyət göstərir. Bu sahədə ciddi uğurlar əldə etmək üçün digər universitetlərin coğrafiya, iqtisadiyyat və digər fakültələri kimi tarix fakültələrində müvafiq struktur dəyişikliyi ilə bu işə cəlb etmək mümkündür.

Kərim ŞÜKÜROV,

AMEA Tarix İnstitutunun baş direktoru,

tarix üzrə elmlər doktoru, professor

14 Yanvar 2022 05:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Yanvar 2022 | 10:55
Neft bahalaşıb
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə