Ən son xəbərlər
Ötən ilin iyulunda ermənilərin Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı general Polad Həşimovun xaincəsinə şəhid olduğunu eşidən gənclərimizdə vətənpərvərlik, düşmənə nifrət, qəzəb və qisas hissi daha da alovlandı. Ön cəbhəyə getməyə yararlı olan da, olmayan da, yaşı bu xidmətə uyğun gələn də, gəlməyən də “biz də döyüşə getmək, düşmənin başını əzmək istəyirik” – deyə ayağa qalxmışdı. Evlərdə, küçələrdə hər kəs bu barədə danışırdı. Qismən səfərbərlik elan olunduqdan sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istər paytaxtdakı, istərsə də rayonlardakı şöbələrinin həyəti hər gün izdihamla dolub boşalırdı. İki qardaş – İsgəndərov Seyfəli Taleh oğlu və İskəndərov Həmid Taleh oğlu də həmin günlərdə xidmətin Sabirabad rayon şöbəsinə gedərək, adlarını könüllülər sırasına yazdırırlar.
Vətən müharibəsinin qəhrəmanları – bir ailənin iki oğlu, Qarabağla, qarabağlılarla heç bir qohumluq əlaqəsi olmayan, əslən Sabirabad rayonu Qaraqaşlı kəndinin sakini olan qardaşlar hər gün onlara çağırış gələcəyini gözləyirlər... O qardaşlar ki, ataları hələ onlar uşaq ikən rəhmətə gedib. Analarının görən gözü, tutan əli olublar. Yaxşı olar ki, həmin günləri Seyfəli göz önünə gətirsin. Çünki Seyfəli də, Həmid də 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmək üçün ön cəbhədə olub, yaralanıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sentyabrın 29-da Seyfəliyə çağırış gələndə o, Bakıda olub. Çağırışdan xəbər tutan kimi tərəddüd etmədən rayona, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Sabirabad rayon şöbəsinə gedib. Qardaşı Həmid də, həmçinin onunla birgə yollanıb. Qeyd edək ki, Həmid, hətta, general-mayor Polad Həşimov şəhid olanda könüllü olaraq ordu sıralarına yazılmaq üçün müraciət edibmiş. Seyfəli danışır: “Qardaşım orada döyüşə getmək istədiyini bildirsə də, razı olmadılar. Dedilər ki, iki qardaşsınız, eyni anda hər ikinizi apara bilmərik”.
Qardaşlar şöbənin həyətinə günlərlə ayaq döyüb təkidlə Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşə getmək istədiklərini bildiriblər. Bəlkə də orada xidmətin əməkdaşlarına yalvarıblar ki, onları bir-birindən ayırmasınlar, ikisini də bir yerdə, eyni əraziyə aparsınlar. Nəhayət ki, razılıq alıblar. Həmid heç evə gedib ailəsi, övladları ilə sağollaşa bilməyib. İki qardaş eyni vaxtda Qarabağın işğaldan azad edilməsi üçün gedən döyüşlərə qatılıblar.
S.İsgəndərov deyir ki, qardaşı Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb: “İkimiz də döyüşə bir yerdə getdik. Füzuli, Cəbrayıl, Qubadlı istiqmətində döyüşlərdə iştirak etdik. Qardaşım Həmid oktyabrın səkkizində Cəbrayılda gedən döyüşlərdə ağır yaralandı. Düşmənin atdığı minaatan mərmisi düz onun yanına düşüb. Qəlpələr kürəyinə dəyərək kürək nahiyyəsini yaralayıb, ağ ciyərlərini ciddi zədələyib. O, yaralananda biz eyni istiqamətdə deyildik. Qardaşımın onurğa sütunu zədələndiyi üçün beldən aşağısını hiss etməyib. Elə bilib ki, bədəni iki yerə ayrılıb. Həmidin ciyəri zədələndiyindən ağzından qan gəlib. Deyir, düşündüm ki, iki dəqiqəyə nəfəsim kəsilər, ölərəm. Amma şəhid olacağını düşünüb ürəkdən gülümsəyib. Bir neçə dəqiqə sonra ölmədiyini görəndə, sol əli ilə bədənini yoxlayıb, görüb ki, ikiyə bölünməyib. Ondan sonra özündə güc toplayıb ayağa qalxıb”.
Həmid danışır: “Həmin an güclə nəfəs alırdım, danışa bilmirdim. Birdən yanımdakı döyüş yoldaşımın ayağının topuqdan aşağı hissəsinin olmadığını gördüm. Əsgər yoldaşımın ayağını bağlamaq üçün rezin (jqut) götürmək istədim, amma sağ əlimi tərpədə bilmədim. O biri yanımdakı döyüşçüyə vəziyyəti birtəhər izah etdim ki, yaralı əsgərin ayağını bağlasın. Döyüşçü yoldaşım danışa bilmədiyimi, ağzımdan qan gəldiyini görüb dedi ki, “sən də yaralısan, nə kömək edim”? Mən öləcəyimi güman etdiyim üçün, “məni boş ver ona kömək et” – dedim. Sonra özümdə güc toplayaraq, yaralı yoldaşlarımın yanından sürünə-sürünə öz möqvelərimizə tərəf gəldim ki, meyitim düşmən əlinə keçməsin. O vəziyyətdə belə ağrıya dözüb, düşündüm ki, nəşimi evə param – parça aparsalar, anamız dözə bilməz. Ölüm anında da bizi min bir əziyyətlə böyüdən anamızı düşündüm. O an şəhadət gətirdim. Sağ qalacağıma zərrə qədər də inamım olmasa da, sürünməyə davam etdim. Az sonra bizim zirehli maşın məni gördü və məni götürdülər. Şükür Allaha ki, yaralarım çox ağır olsa da, sağ qaldım. Müalicəm hələ də davam edir. Siz mənim qospitaldan evə qayıtdığımı görən anamın aldığım xəsarətlərə baxmayaraq, sevincdən necə hönkürdüyünü görəydiniz. O mənzərəni təsvir etməyə sözlər acizdir”.
...Biz də sizin şücaətinizi, hiss və həyəcanlarınızı, gecə-gündüz bilmədən, soyuqda, yağışda meşələrdə, dağlarda qalaraq irəlilədiyiniz günləri, düşmənə qan uddurduğunuz dəqiqələri, ölümün bir addımlığında olduğunuz anları ifadə etməkdə acizik. Sizin döyüş yolunuzdan nə qədər yazılsa, filmlər çəkilsə də, çəkdiyiniz əziyyətin milyondan birini ödəməz. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyərək, “Var olun, igidlərimiz. Vətən sizinlə Vətən olur, bütövləşir” – deyirəm.
Seyfəli deyir ki, mən isə qardaşım üçün nə qədər nigaran olsam da, onun intiqamını almaq üçün sona qədər vuruşdum və xidmətimi davam etdirdim. Gözümüz nələr görmədi? Hər addımımızda ölümlə üz-üzə, diz-dizə idik...
... Dekabrın 28-də Ali Baş Komandanımızın əmrinə əsasən, evə qayıtdım. Prezidentimizin sözünə qüvvət olaraq, ürəkdən deyə bilərəm ki, həqiqətən də, ordumuz düşmənin başını dəmir yumruqla əzdi, onları iti qovan kimi qovdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Həmid İskəndərov “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə, Seyfəli İsgəndərov isə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə