Ən son xəbərlər
Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni, bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsindən
12 yanvar 2022-ci il
Dövlət başçısı yerli telekanallara müsahibəsində işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpasından da danışmış, işğaldan sonra həyata keçirilən layihələrin davam etdiriləcəyini bildirmişdir.
Həqiqətən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından 2021-ci ildə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində əhəmiyyətli layihələr reallaşdırılmışdır.
Məlumdur ki, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 22-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılmasında məqsəd dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəçilikdə səmərəliliyin təmin edilməsi, eyni zamanda, daşınmaz tarix və mədəniyyət abidələri və qoruqların mühafizəsinin müasir səviyyədə təşkili, müasir texnologiyaların və aparıcı beynəlxalq təcrübənin tətbiqindən ibarətdir. Hazırda bu idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri il ərzində davam etdirilib. Dövlət xidmətindən bildirmişlər ki, 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərin payına düşür.
Ötən il daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması sahəsində bir neçə layihə reallaşdırılmışdır. Şabran rayonunda yerləşən Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilib. Qazax rayonunda Müəllimlər Seminariyasının binasının bərpasına başlanılıb. Daha 10 abidədə bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.
Ötən ilin martında “Çıraqqala–Şabran”, “Qədim Şəmkir şəhəri” və “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq olunub.
İşğaldan azad olunmuş ərazilərindəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşdırılması və mühafizə tədbirləri həyata keçirilib. Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.
Ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən və erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirib, məlumatlar toplanılıb. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinosun ölkəmizə səfəri çərçivəsində Füzuli və Ağdam şəhərlərinə səfər təşkil edilib. Qonaq işğalçı Ermənistanın törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.
Ötən il dövlət xidmətinin fəaliyyətində Zəfər Gününün birinci ildönümünə həsr edilmiş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans da yaddaqalan olub. Tədbirdə yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Qarşıda isə mühüm vəzifələr durur. Məlumdur ki, 2022-ci ili Prezident İlham Əliyev “Şuşa ili” elan etmişdir. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb. Hazırda “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.
Bundan əlavə, Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb.
Dövlət xidmətindən onu da bildirmişlər ki, “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda, Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib.
Ötən il dövlət xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr də hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə