Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Orqan transplantasiyası proqramı uğurla icra olunur

7 aylıq körpəyə qaraciyər və 4 yaşlı uşağa böyrək köçürülüb

2008-ci ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq canlıdan canlıya qaraciyər köçürülməsi əməliyyatı keçirilib. Bununla ölkəmizdə, eləcə də Cənubi Qafqazda orqan transplantologiyasının əsası qoyulub.

Müsahibimiz– həmin əməliyyatı icra et­miş, ölkəmizdə transplantologiya sahəsinin inkişafında, bu sahədə milli kadrların yetişdirilməsinə böyük əməyi olan Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan tarnsplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi söhbətimizə bu uğurundan başladı:

– Doğrudur, bu əməliyyatla ölkəmizdə orqan transplantologiyasının əsası qoyuldu. Bu hadisə mənim üçün unudulmaz bir tarix olmaq­la yanaşı, dövlətimizin sosial-iqtisadi və digər layihələrdə olduğu kimi, səhiyyə sahəsində də regionda yeni bir ilkə imza ilə ikiqat qürurverici oldu. Təbii ki, bu əməliyyatın icra olunması­na qədər müəyyən çətinlikləri aşdıq, həm də böyük bir təçrübi yol keçdik.

– Mümkünsə, bu barədə bir az ətraflı danışın...

– Azərbaycan Tibb Universitetinn məzunuyam. Bir müddət ATU-nin ümumi cərrahiyyə kafedrasında çalışdım. Daha sonra Türkiyənin Egey Universitetində uzmanlıq təhsilimi davam etdirdim. Egey Universitetinin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası Mərkəzi, o cümlədən Qaraciyər Transplantasi­yası Mərkəzi Avropada canlıdan canlıya ən çox qaraciyər transplantasiyasının icra olunduğu məşhur mərkəzdir. Burada aparıcı mütəxəssis və qaraciyər transplantasiyası proqramının məsul əməkdaşlarından biri kimi çalışdım, geniş bilik və təcrübə əldə etdim.

Qeyd etdim ki, təhsil aldığım dövrdə 10-a yaxın rayonu özündə birləşdirən Egey bölgəsində beyin ölümü olan şəxslərdən orqanların alınması komandasının da rəhbəri kimi fəaliyyət göstərirdim. Xüsusi ayrılmış nəqliyyat vasitələri, uzaq məsafələrə isə helikopterlər vasitəsi ilə gedərək orqanlarını bağışlamış donorlar üzərində əməliyyatı icra edir və fəaliyyət göstərdiyim mərkəzdə onların transplantasiyasını həyata keçirirdim. Bütün tibb sahələri, xüsusilə transplantalogiya bu sahədə ciddi təhsil və xüsusi təcrübə tələb edir. Bu sahənin qısamüddətli kurslarla və ya kənardan izləməklə öyrənilməsi mümkün deyil.

Egey Universitetində azərbaycanlı həkimlərin təhsil almalarına da dəstək göstərmişdim. Hazırda bu həkimlər ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər. 2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun dəvəti ilə Bakıya gəldim və 2008-ci ilin 12 dekabrında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etdik.

– Bu, Azərbaycanda ilk orqan köçürülməsi idimi?

– 1970-ci illərdə mərhum akademik Mirməmməd Cavadzadə ölkəmizdə böyrək transplantasiyası əməliyyatları üzrə işlərə başlamışdı. Lakin nədənsə, bu işlər davam etdirilməmişdi. 2010-cu ildə isə Azərbaycanda böyrək transplantasiyası əməliyyatları tərəfimizdən həyata keçirilməyə başlandı. Bu sahədə peşəkar komanda formalaşdı, rezidentlərin yetişdirilməsi istiqamətində işlərə başlanıldı. Yeri gəlmişkən qeyd edim ki, trans­plantasiya əməliyyatlarının icrası komanda işidir. Həkimlərimiz Türkiyədə, Yaponiyada, İngiltərədə təhsil almış peşəkarlardır.

Bu işdə dövlətimizin dəstəyinin böyük rolu var. Dövlətimizin dəstəyi ilə yerli mütəxəssislər, həkimlər və tibb bacıları üçün Türkiyədə birillik kurslar təşkil edildi. Həmin dövrdə Mərkəzi Neftçilər Xəstaxənasının maddi-texniki bazası yeniləndi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbə açıldı. Bu, dövlətimizin Azərbaycan xalqına töhfəsi, transplantalogiya sahəsinin inkişafına verdiyi dəyər idi. Sonrakı illərdə peşəkar kadr­lar hazırlandı, yerli mütəxəssislər bu işlərə cəlb olundu. Lazımi komanda formalaşdırıldı və bugünədək fəaliyyətini uğurla davam etdirir.

– Orqan transplantasiyası sahəsinin il­kin mütəxəssisi kimi bəs indi neyləyirsiniz?

– 2018-ci ildən fəaliyyət göstərdiyim Mərkəzi Gömrük Hospitalı koronavirusdan əziyyət çəkən xəstələrin xidmətindədir. Bu istiqamətdə ciddi tədbirlər görülür və ölkəmizin ən qabaqcıl xəstəxanalarından biri kimi bu mübarizəyə kömək göstərilir. COVİD-19 pandemiyası ilə bağlı ilk vaxtlar müəyyən çətinliklərimiz oldu. Bütün bunlara baxmaya­raq, fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Fəaliyyətimiz canlı donor şansı olan xəstələr üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Bu günə qədər 1500-ə yaxın orqan transplantasiyası əməliyyatı icra olunub. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, təcrübə və biliyimiz sayəsində bütün yaş qruplarından olan xəstələri uğurla əməliyyat etmişik.

Ən azyaşlı pasientimiz anasının donor­luğu ilə 7 aylıq körpə üzərində qaraciyər transplantasiyası və 4 yaşlı uşaq üzərində böyrək transplantasiyası əməliyyatlarıdır. Ən mürəkkəb hadisə 7 yaşlı uşaq üzərində həm qaraciyər transplantasiyası, həm də açıq ürək əməliyyatının keçirilməsi oldu. Bu dünyada nadir bir əməlyat idi. Digər bir xəstə üzərində isə qaraciyər transplantasiyası və ürəyin aorta qapağının dəyişdirilməsi uğurla icra olundu.

Bu gün orqan transplantasiyası sahəsində nəinki ölkədə, həm də regionda liderliyimi­zi qoruyub saxlamışıq. Digər tərəfdən, ən çox diqqət edilməli məqam donora zərər yetirilməməsidir. Böyrək donoru əməliyyatlarını laparoskopik (qapalı) üsulla həyata keçiririk. Bu üsul donorların kiçik bir dəlikdən əməliyyat olunmasına və 3–5 gün sonra normal həyat fəaliyyətinə qayıtmasına imkan verir. Peşəkar komandamız tərəfindən regionda ilk dəfə donordan qaraciyər götürülməsi əməliyyatı laparoskopik yolla icra edilib.

Bir xəstəyə eyni anda həm qaraciyər, həm də böyrək transplantasiyası, digər bir xəstəyə iki donordan dual qaraciyər transplantasiyasını məhz biz həyata keçirmişik. Orqan çatışmazlı­ğı bütün dünyada ciddi problemdir. Qan qrup­ları uyğun olmayan xəstələr arasında donorla­rını dəyişərək çarpaz orqan transplantasiyası həyata keçirilir. Bu günədək təxminən 16-ya yaxın xəstə üzərində çarpaz orqan transplan­tasiyası əməliyyatı mümkün olub.

– Qarşılaşdığınız problemlər, çatışmaz­lıqlar varmı? Onların aradan qaldırılması üçün hansı işlər görülür?

– Əlbəttə, hər bir sahədə olduğu kimi, bizdə də müəyyən çatışmazlıqlar mövcuddur. Yalnız canlı donorlardan orqan götürülməsi ilə transplantoloji əməliyyatları icra edirik. Bu isə məhdud sayda insanın sağlamlığa qovuş­ması deməkdir. Ağciyər, ürək, mədəaltı vəzi, o cümlədən canlı donoru olmayan insanlar üçün qaraciyər və böyrək əməliyyatlarını da icra etmək üçün meyitlərdən orqanların götürülməsi tələb olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı fərmanla “İnsan orqan və (və ya) toxumasının transplantasiyası haqqında” qanun yeniləndi, daha da mükəmməlləşdirildi. Bu qanuna əsasən, 2022-ci ildən bu istiqamətdə işlərə start veriləcək. Düşünürəm ki, yaxın gələcəkdə meyit orqanlarından da istifadə edərək orqan transplantasiyası əməliyyatlarını icra edəcəyik.

İşçi qrupunun üzvlərindən biri kimi, bu qanunun yenidən işlənilməsində birbaşa iştirak etdim. Buna görə də, əminəm ki, həm həkimlərimiz, həm də dövlətimiz meyit orqanından istifadə edərək transplantoloji əməliyyatların həyata keçirilməsinə maraqlıdır. Bu maraq dövlətin öz vətəndaşının sağlamlığı­na olan diqqətindən irəli gəlir. Bu proses artıq yekunlaşma mərhələsindədir. Bu mexanizmə daxil olan beyin ölümü diaqnozunun qoyul­ması, orqan transplantasiyası koordinatlarının yetişdirilməsi, milli koordinasiya mərkəzinin ya­radılması və s. istiqamətdə işlər davam etdirilir.

– Hələlik qonşu ölkələrdə, Azərbaycanda olduğu kimi, transplantasiya proqramları icra olunmur. Mircəlal həkim, siz ölkəmizdə belə bir nadir tibbi fəaliyyəti təşkil etdiyinizə görə xalqımızın rəğbətini və minnətdarlığını qazanmısınız. Müsahibəyə görə isə çox sağ olun.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti”

14 Yanvar 2022 05:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə