Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Mirzə Babayevin vəfatından 19 il ötür

 

O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

Hər dəfə Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslu­bu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı.

AZƏRTAC Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babaye­vin vəfatının 19-cu ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımı­zın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünya­ya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil al­mışdı. Böyük Vətən müharibəsinin başlanma­sı onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.

Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musi­qimizi zirvələrə qaldırıb.

Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni za­manda otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki ma­raqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.

Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Res­publika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adı­na layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olub, “Şöhrət” ordeni ilə təltif edilib.

Mirzə Babayev Azərbaycan estradası­nın ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

Bəlkə də çoxları bilmir ki, o, həm də me­mar idi. Bakı şəhərində, Gəncədə, Sumqayıt­da, Mingəçevirdə və başqa şəhər və rayon­larda onun layihələrinə əsasən binalar tikilib.

Kimlər gəldi, kimlər getdi bu dünyadan,

Arif olan nakam getməz bu dünyadan...

Bəstəsi Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan bu möhtəşəm mahnını çox müğənnilər ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən, yanğılı oxuyan ol­mayıb. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi şərəfli bir ömür yaşadı. İllər, qərinələr keçəcək, lakin Mirzə dayının ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaq­da davam edəcək.

14 Yanvar 2022 04:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə