Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

100 yaşınız mübarək, Fatma xanım!

Örnək qəhrəmanlarımız

Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Fatma Səttarova bu gün də ictimai fəaliyyətini uğurla davam etdirir

Azərbaycan alman faşizminə qarşı 1941-1945-ci illər Böyük Vətən müharibəsinə 600 min oğul və qızını yola salıb. Müharibə illərində onların, demək olar ki, yarısı həyatını qurban verib. Müxtəlif cəbhələrdə qəhrəmanlıqlar göstərmiş oğul və qızlarımız SSRİ-nin yüksək mükafatlarına, orden və medallarına layiq görülüb, bir çoxu isə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alıb.

Böyük Vətən müharibəsinin od-alovundan keçmiş azərbaycanlılar arasında fədakar qızlarımız da olub və onların qəhrəmanlığı haqqında həmişə iftixar hissi ilə söhbət açırıq. Belə igid qızlarımızdan biri də müharibə illəri ərzində ən müxtəlif cəbhələrdə ordu hissələrində tibbi xidmət göstərmiş Fatma Hüseyn qızı Səttarovadır.

1922-ci ildə Bakıda anadan olmuş Fatma xanı­mın bu ay 100 yaşı tamam olur. Ağır və məşəqqətli cəbhə yollarından, Moskvanın müdafiəsindən, Leninqradın blokadasından keçmiş, Stalinqrad cəbhəsində düşmən bombardmanı altında yaralıları xilas etmiş Fatma Səttarova bu gün təkcə uzunömürlü vətəndaşımız deyil, həm də əmək fəaliyyətini uğurla davam etdirən ictimai xadimdir. O, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına sədrlik edir.

Bu gün Azərbaycanda Fatma xanımı, təbiidir ki, tanımayan yoxdur. Eyni zamanda, onu yenidən kiməsə tanıtmağa da ehtiyac yoxdur. Amma 100 yaşı­nın tamam olması ərəfəsində onunla görüşüb keçdiyi müharibə yolları haqqında bir daha geniş söhbət etdik.

Əmək və müharibə veteranı olan Fatma Səttarova bildirdi ki, ailənin tək övladı olub. Böyük Vətən Müharibəsinin başlandığı ilk aylarda – 1941-ci ildə 18 yaşında o vaxt İçərişəhərdə yerləşən Bakı Hərbi Komissarlığına müraciət edərək tibb bacısı kimi kö­nüllü surətdə cəbhəyə getmək istəyini bildirib. Fatma xanım o illəri xatırlayaraq dedi: “1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ailə həyatı qurmuşdum. Beş ay sonra isə müharibə başladı. Texnikumda hərbi kafedra da vardı və məktəbi qurtaranda bizə diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də vermişdilər”.

Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişib. 1941-ci il iyunun 22-də Almaniyanın sovet İtti­faqına qəfil hücum etdiyi məlum olanda Fatma xanım həyat yoldaşı Məhəmmədlə birlikdə hərbi komissarlığa gələrək, könüllü surətdə cəbhəyə getmək istədiklərini bildiriblər. O vaxt Fatma Səttarovanın həyat yoldaşı Montin adına maşınqayırma zavodunun direktoru vəzifəsində çalışıb. Müharibə başlayanda bu zavod istehsal yönümünü dəyişərək silah-sursat istehsalı­na keçib. Zavodun işçiləri isə arxa cəbhənin fədakar iştirakçıları olublar. Ona görə də Məhəmmədin Bakıda qalması məsləhət görülüb. Fatma xanım isə şəfqət bacısı kimi cəbhəyə yollanıb.

Müxtəlif cəbhələrdə keçirdiyi ağır zamanlar barədə danışan Fatma Səttarova qeyd etdi ki, 1941-42-ci illərdə Moskva şəhərinin faşistlərdən müdafiəsində yaxından iştirak edib. Çox ağır günlər olub. Şəhər al­man faşistləri tərəfindən hər gün bombardmana məruz qalıb, yüzlərlə, minlərlə insan yaralanıb, həlak olub. Şəfqət bacıları yaralılara ilkin tibbi yardım göstərərək onları xüsusi ayrılmış maşınlarla hospitallara yola salıblar. Bəzən bu maşınlar mənzil başına gedib çata bilmir, elə yoldaca hərbi təyyarələrin hücumuna məruz qalaraq məhv edilirmiş. Gənc qız üçün bütün bunları görmək, hər gün ölüm halları ilə qarşılaşmaq çox çətin olub. Fatma xanım bu gün də həmin hadisələri böyük ağrı ilə xatırlayır.

Ağır xəsarətlər almış əsgərləri təyyarə və artilleri­yanın atəşləri altında döyüş meydanından çıxarmaq, hərbi hospitallarda müalicə alan yaralıların ağrı və əzablarına dözmək gənc şəfqət bacısı üçün əsl faciə olub. Ancaq neyləmək olardı?! Vətənin dar günü idi, insanlara kömək etmək lazım idi. Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. Özü də dəfələrlə ölümlə üz-üzə gəlib. Bir dəfə Moskva ətrafında döyüş meydanının bombard­manından sonra Fatma xanımın üstünə çoxlu torpaq tökülüb. O, bir müddət torpağın altında qalıb. Hətta üstündən tanklar da keçib. Xoşbəxtlikdən onu torpağın altından sağ-salamat çıxarıblar.

Moskva döyüşlərində artıq böyük təcrübə toplamış tibb bacısı sonra Stalinqrad cəbhəsinə göndərilib. Lakin burada qısa müddət xidmətdə olub. Çox keçmədən blokadada olan Leninqrada getmək barədə əmr alıb.

Fatma xanım fəxrlə bildirdi ki, Leninqradın müdafiəsində də yaxından iştirak edib. O ağır günlərdə, çörəyin talonla qram-qram verildiyi, ərzağın, tibbi ləvazimatların, dava-dərmanın çatışmadığı günlərdə Leninqrad sakinləri və müdafiəçilərinin nələr çəkdiyini xatırlamaq dəhşətlidir. Alman təyyarələri şəhərə mütəmadi olaraq bombalar yağdırırmış. Mühasirədə olan Leninqradla dörd ay yarım yalnız Ladoqa gölü üzərindən salınmış “Həyat yolu” körpüsü vasitəsilə əlaqə saxlamaq, ərzaq, dava-dərman da­şımaq mümkün imiş. Bərələr keçən zamanı düşmən təyyarələrinin hücumlarına məruz qalır, mərmilər qayıqların üzərinə düşür, insanlar həlak olurmuş. Bun­lara baxmayaraq, Fatma xanım xeyirxah mələklərin himayəsindəymiş kimi, bütün çətinliklərdən sağ-salamat çıxa bilib. Leninqradın müdafiəçiləri böyük qurbanlar versələr də, Neva üzərindəki tarixi şəhəri faşistlərə təslim etməyiblər.

Fatma xanım danışır ki, yaralıları sarımaq üçün bint belə tapılmırmış. Qana bulaşmış sarğıları təcili olaraq yuyub, qurudub təzədən istifadə edirmişlər. Təki əsgərlərin həyatı xilas edilsin. Nəhayət, sovet ordusu blokadanı yarandan sonra yaralılar gəmilərlə Ladoqa gölü vasitəsilə Leninqraddan çıxarılmağa başlayıb.

Fatma Səttarova sovet ordusu sıralarında Berlinə doğru şərəfli bir yol keçib. Macarıstana çatanda orada xəstələnib və 1945-ci ilin fevralında Tibbi Komissiya­nın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək fevralda Bakıya qayıdıb. Cəmi üç ay sonra mayın 9-da sovet ordusunun faşizm üzərində qələbə qazandığı elan olunub. Müharibədə xidmətləri nəzərə alınaraq, Fatma xanım çox sayda orden və medallarla təltif edilib.

Həmsöhbətim bildirdi ki, Bakıya qayıtdıqdan sonra müharibədə gördüyü qan-qadalar onun tibb sahəsində fəaliyyətini davam etdirməsinə mane olub. Cəbhədən qayıtmış azərbaycanlı tibb bacılarından bir neçəsi Tibb İnstitutuna daxil olsa da, o, bu sahəni deyil, Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsini seçib. Bu­rada təhsilini başa vurduqdan sonra uzun illər ictimai iaşə sahəsində çalışıb.

İkinci Dünya Müharibəsinin xanım veteranının 4 övladı olub, 11 nəvəsi və 25 nəticəsi var. O, bütün həyatı boyu işləyib, uzun illər rəhbər vəzifələr tutub. Hazırda da ölkəmizin ictimai həyatında fəal iştirak edir.

Fatma Səttarova müharibə və əmək veteranı kimi hazırda veteranlar təşkilatına rəhbərlik edir. Gənclərin Vətənə, dövlətə sədaqət və vətənpərvərlik ruhunda tərbiyələndirilməsində, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayır.

Fatma Səttarova Böyük Vətən müharibəsinin ildönümləri ilə bağlı Rusiyanın təşkil etdiyi tədbirlərə mütəmadi olaraq dəvət alıb və ölkəmizi layiqincə təmsil edib. O, Moskvada Böyük Qələbənin 75 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdərdə də iştirak edib. MDB ölkələrindən müharibə veteranı olan qa­dınların təmsil olunduğu “Qalxan və qızılgül”, Ümum­rusiya illik ictimai mükafatının təqdimat mərasiminə də dəvət alıb və iki medalla – “1941-1945-ci illər müharibəsində Qələbənin 75 illiyi” və “Vətənin fəxri” medalları ilə təltif olunub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Fatma Səttarovanın anadan olmasının 95 illiyi təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə keçirilmiş tədbirdə ona təşkilatın rəyasət heyətinin qərarı ilə təsis olun­muş “Veteran həmrəyliyi” medalı təqdim edilib.

Fatma Səttarova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatınin sədri vəzifəsinə 2021-ci ilin fevralından rəhbərlik edir. Biz də “Xalq qəzeti” olaraq 100 yaşlı veteran xanımı – Fatma Səttarovanı şanlı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, apardığı ictimai işdə uğurlar arzulayırıq.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

14 Yanvar 2022 04:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 İyul 2022 | 17:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə