Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın minalardan təmizlənməsi Böyük qayıdışa təhlükəsiz yol açır

Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin son məlumatına görə, təkcə 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfər soydaşımız mina qurbanı olub. Son 1 ildə azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 25 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəsmi statistikaya görə, ümumilikdə, Azərbaycanda 2 min 439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 min 56 nəfər yaralanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazisində hazırda Milli Minatəmizləmə Agentliyi və Türkiyə hərbi istehkamçıla­rı, ermənilər yaşayan hissədə isə Rusiya Müdafiə Nazirliyi minatəmizləmə işlərini sürətlə da­vam etdirirlər. Bu prosesin uğurla aparılması Qarabağda kommku­nikasiyaların bərpa edilməsinə və quruculuq işlərinə daha geniş meydan açır. Ərazilərin mina­lardan daha tez təmizlənməsi isə müvafiq xəritələrdən istifadə edilməsindən asılıdır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu önəmli məsələ ilə bağlı bildirdi:

– Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra sonra ötən il Ermənistan işğaldan azad edilmiş ərazilərin minalanmış sahələrinin formulyarlarını ölkəmizə təqdim etdi. Ermənistan tərəfi müva­fiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə, guya, bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır.

Ermənistanın daha öncə Ağ­dam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi mina sahələri üzrə məlumatların dəqiqliyi, ən yaxşı halda, 25 faizdir. Təqdim olunan formulyarlar hərtərəfli təhlil olun­duqdan sonra onların nə dərəcədə dəqiq olmasını söyləyə bilərik. ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri isə göstərir ki, verilmiş xəritələr yenə də minalanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir.

I Qarabağ müharibəsinin cəsur korpus komandiri, ehti­yatda olan polkovnik, tanınmış hərbi ekspert Şair Ramaldanov isə düşmən ölkənin verdiyi mina xəritələrinin doğru-yanlış­lığı ilə bağlı bildirdi:

– Ola bilər ki, həmin xəritələri tərtib edən mütəxəssislərin peşəkarlıq səviyyəsi aşağı olub, ya da Ermənistan bizi qəsdən yanlış istiqamətləndirmək istəyib. Bu xəritələr, ola bilsin ki, 25–30 il əvvəl təmas xəttində tərtib edilib. Ermənistan bizə mina xəritələrini beynəlxalq təzyiqlər və çağırışla­rın nəticəsində təqdim etdiyi üçün o, bununla, əslində, “gözə kül üfürmək” taktikası yeridib. Yəni biz öhdəmizə düşün işi yerinə yetirdik, hər kəs də bunu gördü.

Ermənistanın indiyə kimi insan­lıq əleyhinə törətdiyi saysız-he­sabsız cinayətləri yaxşı bildiyimizə görə onun belə bir addım atma­sına da təəccüblənməməliyik. Onlar bu günə qədər beynəlxalq hüquq normalarını necə pozublar­sa, bundan sonra da elə davam edəcəklər. Bu saxta xəritələr də növbəti erməni oyununun da­vamıdır. Odur ki, rəsmi İrəvanın verdiyi mina xəritələrdən hazırda məqsədyönlü şəkildə istifadə edə bilmirik.

Gerçək olanı odur ki, II Qara­bağ savaşında ermənilər döyüş ərazilərindən geri çəkilən zaman böyük əraziləri minalayıblar. Bu zaman həmin yerlərin mina xəritələrini də tərtib etməyiblər. Çünki, savaş davam etdiyi müddətdə bu çətin bir prosesdir. Düşünürəm ki, Azərbaycan tərəfi mina sahələrini saxta xəritələrdən faydalana bilmədən təmizləməli olacaq.

Ümumiyyətlə, ərazilərin mina­lardan və partlamamış sursatdan təmizlənməsi uzun illər çəkən prosesdir. Belə ərazilər isə çox böyükür. 30 il ərzində təkcə təmas xətti minalanmayıb, I Qarabağ savaşını da hesablamalıyıq. Demək olar ki, bütün işğal olun­muş ərazilər mina təhlükəsi saçır. Ermənistan tərəfindən verilən mina xəritələrinin də cəmi 25 faizi dəqiqdir. Üstəlik, bu problemin həlli böyük vəsait tələb edir. Bir minanın təmizlənməsi 300 dollara başa gəlir. Təkcə Ağdama 97 mindən çox mina basdırılıb. Bu isə milyonlarla dollar vəsait deməkdir. Odur ki, xarici köməyə böyük eh­tiyac var. Türkiyədən məsafədən idarəolunan maşınlar gətirilib, Çexiyadan da maşınlar almışıq. Türkiyə, Rusiya nümayəndələri də minatəmizləmədə iştirak edirlər.

Hərbi ekspertin dediklərinə onu əlavə edək ki, II Qarabağ savaşından sonra Qarabağda­kı minaların xəritələri ilə bağlı rəsmi İrəvanın mövqeyi bir neçə dəfə dəyişmişdir. Əvvəlcə belə xəritələrin olduğunu inkar et­miş Ermənistan hökuməti daha sonra bəzi rayonlara aid mina xəritələrini “üzə çıxartmışdır”. Lakin Azərbaycana təqdim olun­muş müvafiq xəritələrin dəqiqliyi, göründüyü kimi, cox ciddi suallar doğurur.

Görünən bir də budur ki, Qarabağın təkcə siyasi və hərbi işğaldan deyil, həm də mina işğalından azad olunmasına mane olmağa çalışan qüvvələr var. Əslində, ərazilərin mina­lardan təmizlənməsi humanitar məsələ olduğudan beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün İrəvana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması ilə bağ­lı illərdən bəri apardığı informasiya-təbliğat fəaliyyətini uğurla davam etdirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu ölümsaçan bəla ilə bağlı bildirdi:

– Qarabağ uğrunda Vətən müharibəsi bir ildən artıqdır ki, bitib. Münaqişənin qanlı mərhələsi arxada qalsa da, Ermənistanın ara-sıra törətdiyi hərbi təxribatlar və qoyub getdiyi kütləvi ölüm mənbəyi– başdan-başa mi­nalanmış ərazilər səbəbindən soydaşlarımızın günahsız yerə həyatlarını itirməsi halları davam edir. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində bu gün də mina müharibəsi davam edir və Ermənistan tərəfi 30 illik işğal dövründə azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər. Dünyada hər kəsin müqəddəs sandığı, toxunul­maz hesab etdiyi qəbirstanlıqları, məscidləri, məbədgahları belə mi­nalayıb, çirkin əməllərinin məkanı ediblər.

Təəssüf ki, bütün dünyada bu fəlakətin qurbanları təkcə sadə vətəndaş yox, əsgər, həkim, ha­kim, hətta dünyaya həqiqəti yayan jurnalistlər də olur. Son 1 ildə 3 azərbaycanlı jurnalist minanın qur­banı olub. Minalardan təmizləmə təşkilatlarının, milli hakimiyyət orqanlarının, donor hökumətlərin və özəl dəstəkçilərin tərəfdaşlıq ruhu, qətiyyəti və ambisiyası ilə biz bütün dünyada bu bəlaya qarşı olan təşkilatlar birləşib, minasız bir dünya yarada bilərik. Mən bütün dünyanın minalarla mübarizə aparan ən qlobal təşkilatlarını son yüzilliklərin dəhşətli qor­xusu olan minalarla birgə və operativ mübarizəyə çağırıram. Beynəlxalq Avrasiya Mətbuat Fondu bu istiqamətdə bütün dün­ya təşkilatları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Ötən ilin sonlarında Haaqada keçirilmiş “Piyadalar əleyhinə mi­naların istifadəsi, ehtiyatının top­lanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 19-cu illik konfransında qeyd olunan hesabatlar insanı dəhşətə gətirir. Minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı ilbəil artmaqdadır və hesabat dövründə bu rəqəm 7 min 73 nəfər olub. İtkilərin 80 faizi­ni mülki şəxslər təşkil edir, bunun da, təxminən, yarısı uşaqlardır.

Azərbaycanla Ermənistan arasında müharibə qurtardıqdan sonra, yəni ötən ilin noyabrında imzalanan kapitulyasiya aktının şərtlərinə görə, Ermənistan dərhal mina xəritələrini təqdim etməli idi. Ümumiyyətlə, beynəlxalq konvensiyalar və beynəlxalq hüququn tələbləri bunu zəruri edir. Çox təəssüf ki, Ermənistan bu xəritələrin verilməsini də Azərbaycana qarşı bir şantaj alətinə çevirdi. Ağdamın və Füzulinin verilən mina xəritələri reallığı əks etdirmədi. Yəni, bütövlükdə, bu xəritələrdə, demək olar ki, heç bir koordinat doğru deyil. Azərbaycanda bu gün elə ərazilər var ki, 1 kvadratmetrdə piyada əleyhinə 10 mina basdırılıb və bunlar birbaşa Ermənistanda istehsal olunan minalardır.

Minalar üçtərəfli müqavilə imzalandıqdan sonra öz yurd-yuvasına getmək istəyən nə qədər insanın həyatına son qoyub. 2020-ci ilin 10 noyabr bəyanatından sonra, ümumilikdə, 160-a yaxın mülki şəxs və hərbçi minadan zərər çəkib. Hadisələr, əsasən, işğaldan azad olunan ərazilərə səfərlər edərkən, xidməti vəzifələrini yerinə yetirərkən və ya sosial infrastruktur layihələrin icrası zamanı baş verib. Zərərçəkənlərin 70 nəfərə yaxı­nı mülki şəxslərdir. Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Beynəlxalq Avrasiya Mətbuat Fondu əsas media fəaliyyəti ilə yanaşı, Azərbaycanda “Birinci səviyyəli mina tədqiqatı”, “Mi­naların mənfi təsirinin tədqiqatı” və “Minadan zərərçəkənlərlə bağlı tədqiqat” layihələrini həyata keçirən bir təşkilatdır. Biz bu problemin bütün incəliklərinin fərqindəyik. Rəhbərlik etdiyim təşkilat, demək olar ki, 20 ildən çoxdur ki, mina problemi ilə məşğul olur. BAMF-ın son 30 ildəki işi, əsasən, Qafqazda, xüsusən də Azərbaycanda mina qurbanlarına dəstəyə yönəlib. BAMF həm də bölgədə mina təhlükəsi nəticəsində didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək üçün bir çox layihəyə rəhbərlik edib.

Bu məsələyə beynəlxalq ictimaiyyət, ümumdünya təşkilatları, mina təhlükəsizliyi ilə mübarizə aparan insanlar biganə qalmamalı, regiona diqqət ayır­malıdırlar. Azərbaycanın bu gün işğaldan azad edilən torpaqlara geri qayıtmaq prosesində ən vacib məsələlərdən biri infrastruktur layihələrinin həyata keçirilməsi– yaşayış məntəqələrinin salınması, yolların, su xətlərinin çəkilməsidir. Bu həm də bölgədə iqtisadiyyatın, turizmin inkişafına təkan verən amillərdir.

Bu gün Azərbaycanda 1 mil­yon 200 min qaçqın və məcburi köçkün var. Bu insanlar öz yurd-yuvasına qayıtmağı gözləyirlər, amma bunların hamısı ərazilərin təmizlənməsindən, mina problemi­nin həllindən asılıdır. Azərbaycan bu gün öz daxili imkanlarına sığınıb problemlərini həll etməyə çalışır, amma heç kəs unutmalı deyil ki, bu təkcə Azərbaycanın problemi deyil, bu ümumbəşəri qorxunc reallıqdır və bu problemin həllinə hər kəsin qatqısı olmalıdır!

Müsahibimizin dediyinə əlavə olaraq xatırladaq ki, ötən il ölkə rəhbərliyi mina layihələrinin həyata keçirilməsinə 60 milyon dollar vəsait ayırmışdır. BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutu­lan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon dollar məbləğində vəsait ayırmış­dır. Bu vəsaitlə BMT İP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yara­dan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verir.

Bu layihə ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarının genişləndirməsinə, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çı­xışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə də kömək edəcək. BMT İP-nin dəstəyi ilə təsis edilən ANAMA son 20 ildə Azərbaycanda 806 mindən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160 min 500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.

Qarabağ münaqişəsi ərazilərinin minalardan təmizlənməsi üçün Böyük Britani­ya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq, Qızıl Xaç xətti ilə zərərçəkənlərə isə 1 milyon funt sterlinq yardım ayırıb. Bundan öncə Böyük Britaniya Ermənistan və Azərbaycanı Ottava Konvensi­yasını imzalamağa çağırıb. Həmin konvensiya bütün dünyada mina­ların tətbiqinin qadağan edilməsini nəzərdə tutur.

Avropa İttifaqı zərərçəkənlərə humanitar yardım kimi 500 min av­ronun verilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə 2021-ci il üçün memorandum imzalanayıb. Həmin yardım bu il də davam etdiriləcək. Minalardan təmizləmə prosesində Slovakiya­nın Bozena-5 radioidarəolunan maşınlarından uğurla da istifadə olunur. Ən əsası, təbii ki, Azərbaycan dövləti özü problemin həlli üçün bütyün zəruri addımları atır.

Azərbaycan Ərazilərinin Mi­nalardan Təmizlənməsi üzrə Milli Agentlik son 1 ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərində 5,5 min hektardan çox ərazini təmizləyib. 9 min 835 piyada əleyhinə mina, 4 min 175 tank əleyhinə mina, həmçinin 11 min 62 partlama­mış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Minatəmizləyənlər Qarabağın əsas yerlərini ölümsaçan bəladan sürətlə təmizləyir, iri şəhərlərdə infrastrukturun bərpasına, in­sanların qayıdışına nail olmaq istiqamətində ümidli addımlar atılır. Getdikcə daha geniş ərazilər təhlükədən xilas ediləcək, inf­rastruktur planlı surətdə bərpa ediləcək. Qadağan olunan sahələr isə qalacaq, işarələrlə göstəriləcək, çünki minaların tam təmizlənməsinə illər lazımdır. Azərbaycan indiyədək, əsasən, kommunikasiyaların keçdiyi sahələri, kənd təsərrüfatı təyinatlı sahələri minalardan təmizləyib. Bununla, Böyük qayıdışın özüllərinin yaradılması üçün geniş meydan açılıb.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

14 Yanvar 2022 04:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə