Ən son xəbərlər
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsini diqqətlə dinlədim. Dövlət başçımız yenə də şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan ətraflı danışdı. Bildirdi ki, “Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq”.
Mən şəhid atası kimi, deyə bilərəm ki, bu qayğını daim hiss etmişik. Biz 1993-cü ildə Qubadlı işğal olunandan sonra məcburi köçkün həyatı yaşayırdıq. Allaha şükürlər olsun ki, artıq torpaqlarımız işğaldan azad edilib, doğma yurdumuza “Böyük Qayıdış” başlayıb. Bilirsiniz, biz yaşlı adamlar doğma yurda qayıtmağı necə həsrətlə gözləyirdik. Xoşbəxtəm ki, torpaqlarımızın işğaldan azad edilməsində mənim də övladlarım iştirak ediblər. Oğlum Həmzə Adıyev Birinci Qarabağ müharibəsində Ağdamın Güllücə kəndində döyüşlərdə, nəvəm Sirac Abışov isə Vətən müharibəsindən sonra teleoperator kimi Kəlbəcərdə çəkiliş apararkən minaya düşərək şəhid olublar. Hər ikisi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuşlar. Əlbəttə, mənim üçün ağrılı məqamlar çox oldu, amma şükürlər olsun ki, özümü toparlaya bildim. Düşündüm ki, övladlarım müqəddəs Vətən torpağı uğrunda şəhid olmuşlar.
Bu gün Qubadlı işğaldan azad edilmişdir. Mənim şəhid nəvəm Sirac Abışov Qubadlı işğaldan azad olunandan sonra kəndimizə – Dondarlıya getmişdi. Evimizin qarşısında Azərbaycan bayrağını asmış, Şəhid oğlumun şəklini də divara yapışdırmışdır. Onun çəkdiyi videomateriala baxanda hansı hissləri keçirdiyimi bir Allah bilir.
Kəndimizdə nankor düşmən daşı-daş üstə qoymayıb, hər şeyi dağıdıb. Hətta, qəbirlərimizi də söküb talayıblar. Bəli qisas yerdə qalmadı. Mən cənab Prezidentimizin Qubadlı rayon ictimaiyyəti ilə birgə rayonumuzda olduğu anları əks etdirən televiziya verilişinə də baxdım. O dağları, çayları, meşələri yenidən görmək çox qürurverici idi. Cənab Prezidentin həmin görüşdəki çıxışından bir məqamı diqqətə çatdırmaq istərdim: “ Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək. O cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır”.
Biz qubadlılar inanırıq ki, dağıdılmış kəndlərimiz tezliklə yenidən bərpa ediləcək və biz də öz doğma ocağımıza qayıdacağıq.
Qardaşxan ADIYEV,
şəhid atası
Köhnə versiyamızdan xəbərləri izlə