Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan özünün ərzaq təhlükəsizliyini gücləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yer­li televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Müsahibədə ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinə də toxunulub. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

Mən möhtərəm Prezidentin yerli te­leviziya kanallarına müsahibəsini böyük maraq və diqqətlə izlədim. Bu, çox par­laq, dərin məzmunlu müsahibədir. Orada dövlətimizin başçısının müdrik daxili və xarici siyasətinin bir çox aspektləri şərh olunub, ölkəmizin qarşısında duran mü­hüm vəzifələrlə bağlı son dərəcə dəyərli fikirlər səsləndirilib.

Azərbaycan Prezidenti ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı sua­lın cavabında bildirib ki, bu, ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bu məsələni daim nəzarətdə saxlayır və hökumətə lazımi tapşırıqlar verir.

Müsahibədə qeyd olunub ki, Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Uzun illər ərazimizin təxminən 20 faizi işğal altında olub. Ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Bununla bərabər, Azərbaycan dövləti problemin həlli istiqamətində ardıcıl, düşünülmüş işlər görür.

Cənab İlham Əliyev qeyd edib ki, hazırda əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Yalnız bu yolla biz özü­müzü kənarda, başqa ölkələrdə yaran­mış böhrandan sığortalaya bilərik. İkinci vacib məsələ, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirməkdir. Bu isə aqrar sektorda həm məşğulluğu, eyni za­manda, yerli istehsalı və ixracı artırmağa imkan verəcək.

Prezident müsahibədə həmçinin demişdir: “Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır”.

Məlumdur ki, hazırda ölkəmizdə 3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Bunun cəmi 2 milyon tonu Azərbaycanda istehsal edilir. Qalanı idxal edilir. Pre­zident demişdir: “Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.

Təqdirəlayiq haldır ki, Azərbaycanda vaxt itirilmədən işğaldan azad edil­miş ərazilərdə əkin işlərinə başlanılıb. Bura böyük vəsaitlər qoyulur. Həmin ərazilərdən indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.

Düzdür, Azərbaycanın buğda isteh­salı ilə istehlakı arsında kəsir obyektiv səbəblər üzündən bir müddət qala­caq. Bununla bərabər, görülən işlər bu kəsiri xeyli dərəcədə azaltmağa imkan verəcək. Bunun üçün, əlbəttə, ölkədə taxıl sahələrinin məhsuldarlığının artırıl­masına çalışmalıyıq.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

14 Yanvar 2022 04:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə