Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial xidmətlərin əhatə dairəsi və bu xidmətlərə əlçatanlıq artır

Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Qanunvericilikdə nəzərdə tutulan kateqori­yalara aid şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunub, sosial xidmətlərin keyfiyyəti və əhatə dairəsi, bu xidmətlərə əlçatanlıq artırılıb, sosial xidmətlər sistemində müasir texnologiyalar geniş tətbiq edilib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, şəhid ailələri, müharibə əlillərinə münasibətdə və onların sosial rifahının yaxşılaşdırılması sahəsində ölkəmiz dünya miqyasında öz modelini ortaya qoyur. Çünki bu sahədə elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Dövlət başçımız dedi: “...Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib”.

Qeyd edək ki, ölkəmizdə mini­mum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmama­sı üçün ciddi nəzarət tədbirləri görür. Bu barədə nazirlikdə keçirilən, DƏMX-nin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və xidmətin qarşısında duran vəzifələrə həsr olunmuş iclas­da bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğu­nu vurğulayıb. O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son 3 ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunu (210 manat) 43 faiz üstələdiyini bildirib.

Hazırda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması, işçilərin əmək hüquqla­rının qorunması üçün ciddi nəzarət həyata keçirilir. Yeni tədbirlər planı əsasında bu istiqamətdə işlər aparılır. “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşa­ğı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub. Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb. Əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətalar elektron informasi­ya sistemləri vasitəsilə aşkarlanır, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində müvafiq işlər görülür.

Dövlət başçısının fərmanına əsasən bu ilin əvvəlindən hərbi qulluqçuların və bir sıra digər kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət ic­bari şəxsi sığortası üzrə fəaliyyət, həmin sığorta vəsaitlərinin idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiri­lir. Köklü islahatlar çərçivəsində yaxın vaxtlarda bu sahədə bütün xidmətlər elektronlaşdırılacaq, sığorta ödənişlərinin proaktiv təyinatı sistemi işə salınacaq.

Fondun 2021-ci il üzrə fəaliyyətinin yekunlarına və quru­mun qarşısında duran vəzifələrə həsr olunmuş iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazi­ri Sahil Babayev bu məqsədlə elektron infrastrukturun formalaş­dırılacağını, 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsis­teminin qurulacağını bildirib. Nazir ümumilikdə bu sahədə innovativ həllərin geniş tətbiqinin və optimal idarəçiliyin, müasir, operativ və şəffaf xidmətlərin təşkilinin, sığorta ehtiyatlarının yaradılması, artırıl­ması və bu ehtiyatdan səmərəli istifadənin əsas prioritetlər olduğunu deyib. Həmin ehtiyat­dan səmərəli istifadə nəticəsində formalaşan gəlirlərin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə yönəldiləcəyini qeyd edib. Bildirilib ki, dövlət başçısı­nın fərman və sərəncamları ilə ölkəmizdə bu ilin əvvəlindən yeni sosial islahat reallaşdırılmaqla 2,1 milyon insanı əhatə edən pensiya, əməkhaqqı, müavinət və təqaüdlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 1,5 milyard manat ayrılıb. DSMF tərəfindən sosial təminat növləri üzrə bütün ödənişlərin qeyd edilən artımlarla birgə müvafiq qrafik əsasında hər ay vaxtlı-vaxtında ödənilməsi təmin ediləcək.

Prezidentin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı ötən il 5 dəfə genişləndirilib. Dövlət başçısı yerli televiziya kanalları­na müsahibəsində bu məsələni xüsusi vurğuladı: “Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu ka­teqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür”.

Qeyd edək ki, 2021-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiya yö­nümlü sosial xidmətlər göstərilib. Həmin müəssisələrdən biri olan həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən ilin iyul ayında məişət zorakılığın­dan zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi açılıb, şöbədə 41 nəfər sosial xidmət və reabi­litasiya dəstəyi ilə əhatə olunub. Agentliyin dəstəyi ilə yaradılmış günərzi qayğı və icma əsaslı əsaslı reabilitasiya mərkəzlərinə əsasən sağlamlıq imkanla­rı məhdud uşaqlardan ibarət 7 minədək uşaq cəlb edilərək onlara, habelə ailələrinə reabili­tasiya dəstəyi göstərilib. Ötən ay isə qurumun Abşeron rayonun­da sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidməti göstərən yeni sosial xidmət mərkəzi fəaliyyətə başla­yıb və artıq 40 uşaq mərkəzdəki xidmətlərdən faydalanır. Əlilliyi olan şəxslər üçün Peşə – Əmək Reabilitasiya Mərkəzinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabi­litasiya Müəssisəsinin regionlarda fililallarının, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələrinin və s. yaradılması da nəzərdə tutulur.

Onu da qeyd edək ki, dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanına əsasən 1991– 1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclasın­da S.Babayev Prezident İlham Əliyevin qeyd edilən fərmanının müharibə əlillərinə xüsusi qayğı­sının növbəti təzahürü olduğunu vurğulayıb. Bildirib ki, fərman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qa­nununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə ƏƏSMN tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlillər – 8800 manat, II dərəcə – 6600 manat, III dərəcə – 4400 manat) verilməsini nəzərdə tutur.

İyirmi min şəxsi əhatə edəcəyi gözlənilən fərmanın icrası işlərini diqqətə çatdıran nazir qeyd edib ki, I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazır­lanıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Fərmanın əhatə etdiyi şəxslər sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət alması və ya xəstələnməsi ilə əlaqədar ara­yış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüqu­qu notariat orqanları tərəfindən müəyyən ediləcək. Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçu­lara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

Bundan başqa, şəhid ailələri və müharibə əlillərinin mənzil – məişət şəraitlərinin yaxşılaş­dırılması işləri bu il daha da genişləndiriləcək. Eyni zamanda, bu işlər çərçivəsində ƏƏSMN tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir. 2022-ci ildə həmin evlər, həmçinin yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonev­roloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək. Hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabi­rabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq gedir və Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır. Həmçinin Lənkəran və Xaçmaz rayonlarında sağ­lamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabili­tasiya müəssisələrinın açılacağı gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, dövlət başçısının tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək. Ödənişli ictimai işlər proqramının işsiz və işax­taran şəxslərin məşğulluğunun təminatında xüsusi rolu və əhəmiyyəti var. Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlar­la əməkdaşlıqda önəmli işlər görülüb. 56 min iş yerini əhatə edən ödənişli ictimai işlər proq­ramı çərçivəsində ötən il Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirlikləri, ASAN xidmət, YAŞAT Fondu, Mediasiya şurası və s. qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib. Son günlərdə 1231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə “Azərpoct” MMC və “Aztelekom” MMC müəsissələrində poçtalyon və operator işlərinə cəlb olunub. Ümumilikdə, müxtəlif qurumlar­la layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər eyni zamanda əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirir.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

14 Yanvar 2022 04:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə