Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha güclü Azərbaycan naminə

 

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini mən də sonsuz maraqla izlədim və ömrünün yarısını vətənin müdafiəsinə həsr etmiş bir zabit kimi dövlətimizə, xalqımıza, ölkəmizin inkişaf tendensiyalarına görə bir daha hədsiz qürur hissi keçirdim. Dövlətimizin başçısı Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları real faktlar əsasında hərtərəfli cavablandırdıqca, gözlərim önündə ildən-ilə dinamik tərəqqi edən, güclənən və dünya çapında nüfuzu artan ölkəmizin parlaq mənzərələri canlanırdı.

İlk növbədə onu deyim ki, cənab İl­ham Əliyevin 2022-ci – “Şuşa ili”ndə ilk müsahibəsində postmünaqişə dövründə bərpa-quruculuq sahəsində görülən işlərlə bərabər, ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılması üzrə atılan addımlar, o cümlədən şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğısının artı­rılması barədə söylədikləri Azərbaycanın bu sahədə dünya miqyasında öz modelini ortaya qoymasının göstəricisidir: “Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çün­ki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqo­riyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib, 7400 nəfərə isə minik avtomobili verilib. Növbədə duranlar, yəni Birinci Qa­rabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər”.

Mən ehtiyatda olan sərhədçi zabit kimi iftixarla vurğulamaq istəyirəm ki,Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan-Ermənistan sərhədləri tamamilə bizim nəzarətimiz altına keçib – sərhədboyu Araz­dan Murov dağına qədər. Cənab İlham Əliyev müsahibədə bu barədə də ətraflı danışaraq bildirib ki, biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədləri qorumalıydıq və bu gün buna nail olmuşuq: “Çox çətin bir şəraitdə bunu bacar­dıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postla­rına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir”.

Müzəffər Ali Baş Komandanımızın Qa­rabağa hər səfərində hərbçilərlə görüşməsi onlarda yüksək əhval-ruhiyyə yaradır, Vətən naminə hər cür fədakarlığa hazırlıq əzmini daha da artırır. Cənab Prezident müsahibə zamanı qüdrətli Azərbaycan amalına sadiq­liyini bir daha göstərib: “Hər an hazır olma­lıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.

Müsahibədə Azərbaycanda hərbi quru­culuq məsələlərinə də toxunulub. Bu məsələ cənab Ali Baş Komandanın gündəliyində həmişə birinci dərəcəli yer tutub. Ordu üçün müxtəlif xarakterli müasir silah sistemlərinin alınması, digər tədbirlər, xüsusilə də Koman­do qüvvələrinin yaradılması Azərbaycanın hərbi potensialını təkmilləşdirmə elementlərindəndir.

Möhtərəm Prezidentimiz müsahibədə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə də ardıcıl işlər görülür. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi eyni zamanda, Fövqəladə Hallar Nazirliyi fəal işləyirlər. Bütün səylər müharibənin yaralarının sağaldılması, bərpa-quruculuq işlərinə əngəl olan minaların və partlamamış mərmilərin tezliklə çıxarılıb zərərsizləşdirilməsinə yönəldilib. Bu işlər sürətlə, səylə görülməlidir ki, genişmiqyaslı qayıdış proqramına başlanılsın.

Nəhayət, onu qeyd edim ki, dövlət başçı­mızın yerli televiziya kanallarına müsahibəsi hər birimizin daha güclü Azərbaycan naminə atılan addımlarla bağlı nikbinliyini daha da artırdı.

Hikmət XƏLİLOV,

Azərbaycan Silahli Qüvvələrinin ehtiyatda olan zabiti

14 Yanvar 2022 04:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə