Ən son xəbərlər
Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.
Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib.
Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi saytının məlumatına əsasən, ötən il dekabr ayınadək BTQ xətti ilə ümumilikdə 262 qatar, 26 min 214 konteynerlə 1 milyon 419 min 686 ton yük daşınıb.
Ölkəmizin təşəbbüsü ilə inşa edilən BTQ dəmir yolu bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu yoldan səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi, təxminən 20 faiz yüksəlib.
Liman infrastrukturu, limanların inkişafı üzrə logistika da yaxşılaşdırılıb, limanlarda tranzit yük daşıması üstünlüyünə nail olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının (“hub”) yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb. Müasir tipli ona yaxın aeroport tikilib və ya yenidən qurularaq beynəlxalq əhəmiyyətli aeroport infrastrukturu yaradılıb. Təyyarə parkımız dünyada ən müasir parklardan biri olmaqla həm yük, həm də sərnişin təyyarələrinin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb, onlar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanı kimi dünyadakı 10 limandan biri, MDB-də isə birinci yerdə qərarlaşıb.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər- Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin – Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırılmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində isə Zəngəzur dəhlizinin işə salınmasına mühüm önəm verərək deyib: “Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək”.
Yeri gəlmişkən, burada xarici ekspertlərin bir fikrini də xatırlatmaq istərdik. Bildirilir ki, Azərbaycan ikinci Qarabağ müharibəsindəki qələbəsi ilə Qərbə və Şərqə çıxışın qovşağında yerləşən və əzəli torpağı olan Qarabağı azad etməklə qonşu ölkələr sırasında özünün geosiyasi–geoiqtisadi kursunu bir qədər də dəqiqləşdirdi. Bununla da respublikamız həm Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda, həm də Orta Asiya və Yaxın Şərqdə məqsədyönlü geoiqtisadi fəaliyyət üçün əlverişli şərait yaratmalı oldu.
Beləliklə, Horadiz-Zəngilan- Ağbənd dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək, bu bölgədə tikinti-quruculuq layihələrinin reallaşdırılmasını sürətləndirəcək.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan- Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə