Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hazırda geniş yayılan “İnfluenza” infeksiyasının A ştammıdır

Son günlər uşaqlar, eləcə də, böyüklər arasında yayılan xəstəlik getdikcə daha şox insanı əhatə edir. Mütəxəssislərin bildirdiklərinə görə, bu, qripin, yəni “İnfluenza” virusunun A və ya B ştammıdır. Qeyd edilməlidir ki, bəzi hallarda mənşəyi bilinməyən və təhlükəli virus adlandırılan “İnfluenza”nın A və B ştammları tibb elminə uzun illərdir ki, məlumdur. “İnfluenza” virusu hər il payız-qış mövsümündə həm uşaqlar, həm də böyüklər arasında yayılır.

 

Hazırda əksər ailələr bu problemlə qarşılaşıb. Hər iki-üç ailədən biri yeni yayılan bu xəstəlikdən şikayətlənir. Mütəxəssislər bildirirlər ki, uşaqlar və böyüklər arasın­da yayılan virusu yeni növ koronavirus (COVID–19) infeksiyası ilə səhv salmaq olmaz. Bu barədə “Leyla” klinikasının şöbə müdiri Sahib Cəfərov belə deyib: “Uşaqlar­da xəstəlik müşahidə edilən andan həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomları: öskürək, gözlərin sulanması, narahatlıq hiss olunan kimi sahə və ya ailə həkiminə məlumat verilməli, test müyinəsi aparılmalıdır. Bəzən valideynlər övladlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirirlər. Belə gecikmiş mərhələ müalicə müddətinin uzanmasına səbəb olur. Erkən mərhələdə həkimə müraciət edildikdə isə lazımi müayinə- müalicə üsulu həyata keçi­rilir. Nəzərə almaq lazımdır ki, gecikmiş mərhələdə test müayinəsi nəticəsində virusa yoluxma halı qeydə alınmır, çünki virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yol­larına düşəndən sonra pozitiv cavab almaq mümkün deyil. Ona görə də valideynlərə erkən mərhələdə həkimə müraciət etmək tövsiyə edilir”.

Həkimlər, həmçinin uşaq­ların həddindən çox qapalı mühitdə saxlanılmasını da məsləhət görmürlər. S.Cəfərov deyir ki, COVID–19 pandemi­yası dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qaldıq­larına görə, daha sonra ictimai obyektlərin, məktəb və bağça­ların açılması virusa yoluxmala­rı daha da sürətləndirdi: “Qapa­lı mühit uşaqların immunitetinin aşağı düşməsinə səbəb olur. Ona görə də hazırda uşaqların immuniteti çox zəifdir. Onlar ötən müddətdə açıq havada az vaxt keçirdiklərinə və daha az vitamin qəbul etdiklərinə görə valideynlər payız-qış mövsümündə övladlarına qarşı diqqətli olmalıdırlar”.

Mütəxəssis onu da qeyd edir ki, son günlər azyaşlılar arasında yayılan xəstəliklərlə əlaqədar xəstəxanalara müraciətlərin sayı da artıb. Uşaqlar arasında əsasən qız­dırma halları müşahidə olunur. Temperaturun yüksəlməsi, burun axıntısı, boğaz ağrısı və halsızlıq şikayətləri ilə müraciət edənlərin sayı daha çoxdur. Doğrudur, qış mövsümündə havaların soyuması ilə əlaqədar həmin hallara hər il rast gəlinir. Bu il də bağçalar və məktəblər açılandan sonra həmin müraciətlər daha da çoxalıb. Həkimlərin bildirdiyi kimi, uşaqlar arasında möv­sümi xəstəliklərə hər zaman rast gəlinsə də, pandemi­ya dövründə qeydə alınan artım narahatlıq doğurur. Virusa əsasən 2–12 yaş arasında bağça və məktəbə gedən azyaşlılar yoluxur. Xəstəlikdən sağalma müddəti isə müxtəlifdir. Bəzi uşaqlar 2–3 günə, bəziləri isə daha gec sağalır.

Həkim deyir: “İlk üç gündə qızdırmanı aşağı salmağa çalışır, burunu təmizləyir, sonra şikayətə əsasən müalicə tətbiq edilir. Uşağın qızdırması 3–5 gündən daha çox çəkərsə, mütləq həkimə müraciət edib müayinə olunmaq lazımdır. Son zamanlar həmin halın mutasiya olunan virus oldu­ğu barədə şayiələr yayılıb. Pandemiya dövründə yaşadığı­mıza görə COVID – 19-dan da şübhələnmək lazımdır. Ən azı xəstəliyin qrip virusu, “İnfluen­za” və ya COVID –19 virusu olduğunu ayırd etmək üçün test yoxlaması lazımdır”.

Mütəxəssislər məsləhət görürlər ki, qızdırması olan uşaqları çox isti geyindirmək olmaz. Valideynlərin əvvəlki illərdə olduğu kimi uşaqları tərlədərək sağaltmaq üsulu hazırda həkimlər tərəfindən tövsiyə olunmur. Bildirirlər ki, bu, vəziyyətin bir qədər də ağırlaşmasına aparıb çıxara bilər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə də xəstələrin sağlamlıq qayğısına qalmaq mümkün­dür. Uşaqlar arasında yüksək qızdırma, boğaz və baş ağrısı, iştahsızlıq kimi əlamətlərlə yanaşı, bəzi hallarda qusma da müşahidə edilir. Övladların­da həmin şikayətləri müşahidə edən valideyn müraciətlərinin sayının artması, ölkədə uşaq­lar arasında qrip virusunun ge­niş yayıldığının göstəricisidir. Ötən il yeni növ koronavirus (COVID–19) pandemiyası­na görə qapanmalar tətbiq olunduğu üçün ünsiyyət az idi və bu, həm böyüklərin, həm də uşaqların qrip virusuna sürətlə yoluxmasının qarşısını almışdı.

Test müayinələrinin nəticələri hazırda geniş yayılan xəstəliyin məhz “İnfluenza” infeksiyasının A ştammı olduğunu deməyə əsas verir. Həqiqətən də, qrip virusunun həmin ştammı ilə yoluxanlar çox narahat olurlar. Uzun müddət davam edən qızdırma və halsızlıq xəstəliyin əsas simptomlarıdır. Belə xəstələrdə yüksək hərarət, əsasən, 5–7 gün, öskürək isə 2–3 həftə davam edir. “İnfluenza”dan qorunma üsulları da elə koro­navirusda olduğu kimidir. “İnf­luenza” virusu da COVID–19 kimi yuxarı və aşağı tənəffüs yollarının virusudur. Ona görə də şəxsi gigiyenaya diqqət etmək, tibbi maska taxmaq və sosial məsafəni qorumaq lazımdır.

S.Cəfərov qeyd edib ki, Səhiyyə Nazirliyinin baş mütəxəssisi Erkin Rəhimovun fikrincə, qrip əleyhinə peyvənd vurduraraq da xəstəlikdən qorunmaq mümkündür. O deyib: “Qrip peyvəndi hamilə qadınlara, 6 yaşa qədər olan uşaqlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə və 60-65 yaşlı şəxslərə daha çox tövsiyə edilir. Lakin digər vətəndaşlar da peyvənd vurduraraq özlərini qripdən qoruya bilərlər. “İnfluenza”nın müalicəsi üçün istirahət, bol miqdarda maye qəbulu, çox isti geyinməmək və bədən temperaturu yüksəldikdə hərarətsalıcı dərmanlar istifadə etmək məsləhətdir. Bəzi hallar­da xəstəlik ağır gedişli olarsa, xəstə həkim təyinatı əsasında başqa dərman preparatlarından da faydalana bilər. Valideynlərin övladlarına həkim təyinatı olma­dan antibiotik müalicəsi etməsi yanlışdır, çünki antibiotiklər viruslara təsir göstərə bilmir. Əksinə, lazımsız antibiotik istifadəsi uşaqlarda ciddi fəsadlara yol aça bilər”.

Zərifə BƏŞİRQIZI,

"Xalq qəzeti"

13 Yanvar 2022 05:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə