Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan yeni inkişaf mərhələsinə uğurlu göstəricilərlə qədəm qoyub

Azərbaycan son 18 ildə dünyada bənzəri olmayan bir inkişaf yolu keçib. Sosial sahədə çoxsaylı islahatlar aparılıb, iqtisadiyyat üç dəfədən çox artıb, iqtisadiyyata 300 milyard dollara yaxın investisiya yatırılıb. Ölkənin strateji valyuta ehtiyatları son 10 ildə 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatıb və bu rəqəm bütövlükdə ölkənin ÜDM-ni üstələyib.

Yola saldığımız 2021-ci ildə iqtisa­diyyatın artım tempi müşahidə edilib və inkişaf göstəriciləri yüksəlib. Ölkənin neft sahəsindən asılılığını aradan qaldır­maq istiqamətində görülən tədbirlər öz səmərəsini verib və qeyri-neft sektorunda artım əldə olunub. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına təsir göstərib.

Ötən il əldə edilən uğurlar işğal­dan azad edilən torpaqlarımızda sürətli yenidənqurma, tikinti-quruculuq işləri, COVID-19-la mübarizə şəraitində qazanı­lıb. Bu dövrdə heç bir sosial layihə təxirə salınmayıb. Bütün layihələr Azərbaycanın heç bir dövlətdən borc almadan öz gücünə rellaşdırılıb.

Ötən il Azərbaycanda reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilib, istehsal və ixrac poten­sialının artırılması, sərmayə qoyuluşu­nun stimullaşdırılması üçün səmərəli mexanizmlər tətbiq olunub. Bütün bu işlər dünyada hələ də sonu görünməyən pande­miya və iqtisadi-maliyyə çətinlikləri fonunda reallaşdırılıb və müsbət göstəricilər əldə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiy­yatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 055,3 manata bərabər olub.

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahib­karlar tərəfindən 2021-ci ilin 11 ayı ərzində 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 20,7 faiz artıb. Respublikada sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb, 9 min 500-dək iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 0,4 milyard manat investi­siyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub.

Hazırda ölkədə mövcud olan 7 sənaye parkı və 5 sənaye məhəlləsində bu günə qədər 5 milyard manatlıq məhsul istehsal edilib, bunun 1,4 milyard manatı, təxminən 28 faizi ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektorundan daxilolmalar 5,870 milyard manat təşkil edib və proqnoza 114,8 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmala­rı 13,5 faiz və ya 697,3 milyon manat artıb.

Hesabat ilində Azərbaycanın neft stra­tegiyasının da uğurlu icrası davam etdirilib. Xatırladaq ki, dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımı­zın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində əsası qoyulan neft strategiyasının həyata keçirilməsi parlaq uğurlarla yadda qalıb. “Əsrin müqaviləsi” adlandırılan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatı­nın pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çev­rilib, onun dinamik templə sonrakı davamlı yüksəlişini reallaşdırıb.

Bu sazişdən irəli gələn vəzifələrin yerinə yerinə yetirilməsi nəticəsində keçən ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda təxminən 31,6 milyon ton neft (kondensat­la birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton az olub. Energetika Nazirliyinin məlumatına görə, respublika üzrə neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (konden­satla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 25,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Bunun 24,5 milyon tona yaxın konsorsiumun, 1,2 milyon tondan çoxu isə SOCAR-ın payına düşüb. Neftin (konden­satla birlikdə) ixraca nəqli 2020-ci ilin müva­fiq dövrünə nisbətən, təxminən 334 min ton, yəni 1,3 faiz az olub.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri AÇG-dən, 20,4 milyard kubmetri “Şahdəniz”dən, 7,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2020-ci ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satı­şı təxminən 16,9 milyard kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 faiz çox­dur. 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kubmetr, Avropaya təqribən 7,3 milyard kubmetr, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 92 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetrdən çox qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən keçən ilin dekabrın 1-dək 578,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 544,6 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 34 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin dekabrın 1-dək təqribən 578,1 milyon ton neft (kondensat­la birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən 2021-ci ilin dekabrın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 188,7 milyard kubmetrdən çox, “Şahdəniz”dən isə 155,3 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 106,2 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.

Ölkədə neftin emalı 2021-ci ilin yanvar-noyabr aylarında 6,1 milyon ton təşkil edib. Neftin emalı 2020-ci ilin müvafiq dövrünə nisbətən 756,6 min ton çox olub.

Sonda qeyd edək ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.

Ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaş­dırılıb. Yeni hava limanları inşa olunub, min kilometrlərlə müasir yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilib, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynayan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsini, inqilabi qərarların qəbulu və icrasını real­laşdırıb. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artı­rılmasını nəzərdə tutan sosial paketlər gerçəkləşdirilib.

Bütün bu iqtisadi uğurlarla bərabər, Azərbaycanın Avrasiyanın nəqliyyat habına çevilməsi istiqamətində də mü­hüm layihələr gerçəkləşdirilib. Füzuli aeroportunun, bir sıra magistral yolların istifadəyə verilməsi böyük önəm daşıyıb. Bu inkişaf beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz ifadəsini tapıb. Məsələn, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan hava və dəmir yolları nəqliyyatı xidmətlərinə görə müvafiq olaraq 11-ci və 12-ci yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilib. Çin öz mallarını Avropa məkanlarına buradan daşımağa başlayıb. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi də böyük üstünlük yaradıb. Bu dəhlizin Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçməsi gerçəkləşib. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri də artıq tamamlanıb.

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün real imkanlar yaranıb. Bu dəhliz ilə Azərbaycandan Ermənistana və oradan respublikamızın Naxçıvan bölgəsinə, eləcə də Türkiyə və Avropaya əlverişli alternativ nəqliyyat marşrutunun fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Hesabat dövründə bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edən IV sənaye inqilabının çağırışları Azərbaycanda da özünü qabarıq büruzə verib. “Sənaye 4.0”ün çağırışları diqqət mərkəzində saxlanılıb və buna uyğun siyasət yürüdülüb. Ən əsası isə respubli­kamızda bu sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün inteqrativ və dayanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə uğurla daxil olub. BMT, Davos İqtisadi Forumu­nun Dördüncü Sənaye İnqilabı Mərkəzi, “Microsoft”, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korpora­siyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlığa başlayıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

13 Yanvar 2022 04:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
24 May 2022 | 09:20
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə