Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli uğrunda döyüşlərdə şəhid oldu

 

Ölkəmiz Vətən müharibəsində şanlı Qələbə qazandı. Amma Ermənistan işğalçılarına qarşı müharibə şəhidsiz ötüşmədi. Yüzlərlə vətənpərvər övladımız misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucaldı.

Belə qəhrəman oğullarımızdan biri də şəhid Ruslan Natiq oğlu İmanquliyevdir. 1996-cı il martın 14-də Sumqayıt şəhərində anadan olmuş Ruslan evin tək oğlu idi. Anası Ramiyə xanım onu təkbaşına, minbir əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. O, 2012-ci ildə Sumqayıtdakı H.Aslanov adına 22 saylı orta məktəbin 9-cu sinfini bitirərək peşə məktəbinə daxil olmuş, telekommunikasiya-kompüter texnologiyası operatoru ixtisasına yiyələnmişdi. 2015-ci ilin yayında hərbi xidmətə çağırılaraq Vətən qarşısında borcunu yerinə yetirmişdi.

Bir neçə ildən sonra ailə quran Ruslan müddətdən artıq hərbi qulluqçu kimi yenidən hərbi forma geyinmək qərarına gəlmiş, 2019-cu ilin dekabrında Pirəküşküldəki hərbi hissədə xidmətə başlamışdı. Burada təlim-məşq prosesləri zamanı hərb elminin dərinliklərinə yaxından bələd olmuşdu.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda isə Ruslan könüllü olaraq ön cəbhəyə yola düşdü. Döyüş yolu Füzuli rayonundan keçdi. Burada düşmənlə ölüm-dirim savaşına atıldı. Erməni faşistləri şəhərin müdafiəsini kifayət qədər möhkəmləndirdiklərindən Füzuli uğrunda ağır döyüşlər davamlı oldu. Bu döyüşlərdə Ruslan da digər əsgər yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirirdilər. Lakin şiddətli döyüşlərin birində amansız düşmən mərmisi Ruslanı da haqladı. O, şəhidlik zirvəsinə ucaldı.

Sonradan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Ruslan “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundu.

Ruslan İmanquliyev oktyabrın 3-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olundu. Onun məzarı başında anası bildirdi ki, 44 günlük Vətən müharibəsinin qələbə ilə bitməsində oğlunun da payı var və bununla fəxr edir, qürur duyur.

Məşdi ZEYNALOV,

Sumqayıt Şəhər Veteranlar Təşkilatının məsul katibi

12 Yanvar 2022 04:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 İyul 2022 | 17:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə