Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa–tarixi, mədəni və strateji əhəmiyyətli şəhər

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

– Elçin müəllim, Prezident İlham Əliyevin bu il yanvarın 5-də imzaladığı sərəncama əsasən, Azərbaycan Res­publikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi mühüm əhəmiyyət kəsb edir. Sərəncamda vurğulanır ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.

– 2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinə şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Qeyd etmək lazımdır ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Qarabağ xanlığının əsasının qoyulma­sı və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər sülaləsinin Sarıcanlı oyma­ğından idi. Bu Azərbaycan tayfası Qara­bağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əsgəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Dövlət başçımızın sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu bir daha təsdiqlədi. Çünki bu sərəncam hər bir soydaşımız tərəfindən sevinclə qarşılandı.

– Şuşa həm də görkəmli şəxsiyyətləri ilə tanınıb.

– Artıq XIX əsrin ikinci yarısında Şuşa əhalisinin sayı 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışdır.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Heç də təsadüfi deyildir ki, Xur­şidbanu Natəvan, Molla Pəhah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süley­man Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağayev,Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilər, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev və dünya şöhrətli onlarca ziyalının xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur.

Şuşa XVIII əsrin II yarısından musi­qi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə təkan vermişdir. Hacı Hüsü, Məşədi İsi, Əbdülbaği Züla­lov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Əhməd Ağdamski, Segah İslam, Zabul Qasım, Məcid Beh­budov, Mütəllim Mütəllimov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də, bütün Ya­xın Şərqdə məşhur olan xanəndə və sənətkarlardır.

Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi ol­maqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır. Bundan əlavə, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov, eləcə də, görkəmli rəssam və memarlar­dan Lətif Kərimov, Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov və bir çox başqa xadimlərin adı, eləcə də, sənəti Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur.

– Ulu öndər Heydər Əliyevin Şu­şaya zəngin tarixi abidə kimi qayğısı respublikamızın bu füsunkar diyarını beynəlxalq aləmdə də tanıtdı.

– Sovet dövründə görkəmli dövlət xa­dimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də, erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuş­dur. Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyev XX əsrin 70-ci illərində Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə tapşı­rıq vermişdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edil­mişdi. Həmin il şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük meh­manxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuşdu. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumitti­faq səviyyəli kurort şəhərinə çevrilmişdi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zaman­da, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edil­mişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Heydər Əliyev Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin ta­rixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”.

Həmin illərdə ümummilli lider Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış və geniş qurucu­luq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif Poeziya Günlərində iştirak etdi.

Ulu öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla da tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpası ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək, işlərin da­vam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehti­ramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtan­lar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.

1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Qeyd etmək lazımdır ki,o, bir ildə iki dəfə Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ümummilli lider ziyalıları Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

– XX əsrin sonlarında Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və mədəni soyqırımı siyasəti ilə nəticələndi. Şuşa misli görünməmiş vəhşiliklərə, dağıntılara, talanlara məruz qaldı.

– XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə yeridərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq, Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırıl­mış və dağıdılmışdır.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəni və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Ha­cıqulların malikanəsi, İkimərtəbəli kar­vansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sa­dıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan olunmuş, dağıdılmış və məhv edil­mişdir.

– Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanın 28 illik işğalına son qoydu. Şuşanın işğaldan azad edilməsi “Zəfər Günü” kimi tarixə yazıldı.

– Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdi­yi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsini şərtləndirdi. Pre­zident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni za­manda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünya­ya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaran­masına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olun­malı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycanın milli və dövlətçilik maraq­larını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyab­rın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!”

Azərbaycan Prezidentinin dekab­rın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gü­nünün təsis edilməsi haqqında Prezident sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oyna­dı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə düşməni Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

– Hazırda Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qaraba­ğın azadlıq rəmzidir.

– 2021-ci il yanvarın 14-də Şuşa­ya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişdir və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldı­rılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğala­nır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz tor­paqlarımızı azad etməliyik və bunu etdik”.

Şuşaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin bütün tarixi binalarının bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən, Şu­şanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış, lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.

Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası olduqca zəruridir. Bu baxımdan, strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğu­layan dövlət başçısı bildirmişdir ki, bu, bizim qədim, tarixi şəhərimizdir və əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıblar. Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bildirmişdir ki, yarıdağıl­mış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Prezident İlham Əliyev deyib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxla­nılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlət başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşları­mız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqın­da Prezident İlham Əliyevin 2021-ci il ma­yın 7-də imzaladığı sərəncamında vurğula­nır ki, şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşma­sı, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

Azərbaycan Prezidenti bəyan edib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytara­cağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır”.

2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa­da, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtına, Xarı­bülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

– Bu gün Şuşada genişmiqyaslı yenidənqurma və bərpa işləri aparı­lır. Bu qədim diyarımız Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir incisi kimi bərpa edilir. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.

– Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriya­sı, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşa­nın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

2021-ci il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin baş planı təqdim olundu.

Qeyd etmək vacibdir ki, 1982-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə böyük təntənə ilə açılmış dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin məqbərəsi, Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edildikdən sonra ermənilər tərəfindən dağıdılmışdı. Avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, həmçinin erməni vandalizminə məruz qalmış şairin öz evinin yerindəki büstü də yenidən ucaldıldı.

Eyni zamanda, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış­lıq, həmçinin dağıdılmış heykəlinin, eləcə də vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu. Eyni gündə Azərbaycanın mədəniyyət pay­taxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan XX əsrin 70-ci illərində tikilmiş “Qarabağ” mehmanxanasının da fəaliyyəti bərpa olundu.

Avqustun 30-da isə 39 il əvvəl – 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, eləcə də bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış oldular.

Bununla yanaşı, Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgidə Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-me­marlıq nümunələrimizə qarşı vandalizm aktları, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olun­duğu, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edildi. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olundu.

2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Hər il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir, Şuşa­da, onun heykəlinin ucaldığı parkda təşkil edildi. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılmış heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi za­manı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi. Artıq işğaldan azad edilmiş Şuşa şəhərində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli öz əvvəlki yerində ucaldılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva no­yabrın 7-də Şuşa şəhərinə səfəri zamanı əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak edib, daha sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar.

Eyni zamanda, Şuşada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Meh­mandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2021-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərək diqqətə çatdırmışdır ki, Zəfər Günü bizim bayramı­mızdır, bu, zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Bununla yanaşı, Zəfər Günündə Şuşada Topxa­na meşəsinin bərpasına start verilib və ağacəkmə aksiyası keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də, taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya mey­danında da uğurlarını şərtləndirirdi.

Müsahibəni apardı:Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

11 Yanvar 2022 03:54 - MÜSAHİBƏ
MÜSAHİBƏ
19 İyul 2022 | 02:12
İrəvanda qalan irsimiz

Köhnə versiyamızdan xəbərləri izlə