Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçirilib

Yanvarın 8-də İstanbulda Türkiyə ilə Azərbaycan arasında beynəlxalq siyasi və mədəni əməkdaşlıq tədbirləri çərçivəsində konfrans keçirilib.

İstanbul Kent Universitetində “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən tədbir ölkəmizin bu şəhərdəki Baş konsulluğu tərəfindən təşkil olunub.

Konfransda “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü”, “Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq anlaşmaları və İkinci Qarabağ müharibəsi dövründə Pilotsuz Uçuş Vasitələri (İHA) və Silahlı Pilotsuz Uçuş Vasitələrinin (SİHA) rolu”, “Qarabağ müharibəsinin siyasi və iqtisadi nəticələri” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın açılış nitqini edən İstanbul Kent Universitetinin rektoru professor Nəcməddin Atsü Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyəti, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə iki qardaş ölkənin, o cümlədən dünyada müxtəlif tədbirlərin keçirilməsinin türk mədəni tarixindəki rolu, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər və ümumiyyətlə, son dövrlər ərzində Azərbaycan ilə Türkiyə arasındakı əsrlər boyu davam edən əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Hikmət Babaoğlu Azərbaycanın tarixi Qarabağ Zəfərindən və bu şanlı hadisənin tariximizdəki xüsusi rolu haqqında danışıblar.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin hərbi əməliyyatlarına son qoyan razılaşma hədsiz əhəmiyyətli və mühüm məsələləri özündə əks etdirir. Bu sənəd bölgəmizdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin və gələcəkdə iqtisadi inkişafın təmin olunması üçün zəruri hüquqi çərçivəni müəyyən edən çox böyük tarixi əhəmiyyətə malikdir. Bu Bəyanatı Prezident İlham Əliyevin növbəti parlaq diplomatik qələbəsi kimi qiymətləndirən çıxışçılar Qarabağ müharibəsi zamanı Azərbaycan-Türkiyə münasibətlərini, iki qardaş ölkə arasındakı tarixi birliyin bu müharibə zamanı özünü daha da büruzə verdiyini xüsusi qeyd ediblər.

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsini şanlı tariximizin olduqca əhəmiyyətli səhifəsi kimi qiymətləndirən çıxışçılar Azərbaycanın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatındakı rolu və hazırkı sədrliyi, eləcə də ölkəmizin beynəlxalq miqyasda atdığı mühüm addımlardan danışıblar. Nizami Gəncəvinin 880 illik yubileyinin layiqli şəkildə bütün dünyada qeyd edildiyini, bu dahi şəxsiyyətin türk dünyasının mədəni inkişafı baxımından rolunun əhəmiyyətini vurğulayıblar.

Daha sonra Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot, İstanbul Kent Universitetinin professoru Hasret Çomak, 29 May Universitetinin müəllimi Elnur İsmayıl mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransdan sonra universitetin kitabxanasında yaradılan Azərbaycan guşəsinin açılışı və “Şuşa-Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğuna, Azərbaycan-Türkiyə əbədi qardaşlığına həsr edilmiş kitab Milli Məclisin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb.

Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın rəyi ilə hazırlanan kitabın redaktoru isə Türkiyə Böyük Millət Məclisinin deputatı Öznur Çalıkdır.

Kitaba Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən başlayaraq davam edən ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin mətni daxil edilib.

Oxucular bu çıxışlar və kitaba daxil edilmiş bəzi sənədlər vasitəsilə bu iki görkəmli liderin “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun, əməkdaşlığın, işbirliyinin ildən-ilə necə güclənməsinin və iki qardaş xalqın daha sürətlə inteqrasiyası yolunda yürütdükləri müdrik siyasətin, qətiyyətli və yorulmaz fəaliyyətin şahidi olacaqlar.

8 Yanvar 2022 17:52 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə