Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cen Psaki: ABŞ Rusiya ilə danışıqlara praqmatik yanaşacaq

 

 

ABŞ-ın Rusiya ilə aparacağı danışıqların mövzularından biri də xarici ölkələrin ərazisində kimyəvi silahlardan istifadə məsələsi olacaq. Bu bəyanatla Ağ evin mətbuat katibi Cen Psaki çıxış edib. Məlumatı “Lenta.ru” verib.

Onun sözlərinə görə, qarşıdakı danışıqlar zamanı Birləşmiş Ştatlar qonşu ölkələrə müdaxilə məsələsini də qaldıracaq: “Biz və müttəfiqlərimiz yaxın günlərdə və həftələrdə Rusiya ilə bu və digər məsələləri müzakirə edəcəyik”.

Psaki bildirib ki, Vaşinqton Moskva­nın irəli sürdüyü təhlükəsizlik təminatı ilə bağlı məsələlərə “maddə-maddə” cavab verməyəcək. Tərəflər yalnız müəyyən maddələr üzrə irəliləyiş əldə edəcəklər: “İnanırıq ki, tərəqqi əldə etməyin müm­kün olduğu sahələr var. Rusiya buna hazır olmalıdır”.

Psakinin fikrincə, gələn həftəyə nəzərdə tutulmuş danışıqların uğur gətirəcəyini söyləmək çətindir: “Ancaq biz müzakirələrə praqmatik yanaşırıq, konkret nəticələrə ümid edirik”.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi keçən il dekabrın 17-də ABŞ və NATO tərəfindən hüquqi təhlükəsizlik təminatı verilməsi ilə bağlı iki layihə irəli sürüb. Təkliflər ABŞ tərəfinə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Moskva­ya səfəri zamanı verilmişdi.

Moskva Şimali Atlantika alyansı­nın üzvü olan dövlətlərə Ukrayna ilə bağlı planlarından imtina etməyi təklif edib. Belə ki, NATO Ukraynanın al­yans üzvlüyünə qəbul edilməyəcəyi barədə öhdəlik götürməlidir. Rusiya bu beynəlxalq təşkilatı həm də Şərqə doğru genişlənməkdən, eləcə də Ukrayna, Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiya ölkələrinin ərazisində hər han­sı hərbi əməliyyatdan imtina etməyə çağırıb. NATO, eyni zamanda, Rusiya və onun müttəfiqləri ilə qonşu zonalarda briqadadan yuxarı səviyyədə hərbi təlim keçirməməlidir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

8 Yanvar 2022 00:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə