Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Gürcüstan regional əməkdaşlıqda ərazi bütövlüyünə hörmətə əsaslanır

 

 

2022-ci ildə Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələr qurulmasının 100 ili tamam olur. Bu əlamətdar tarix ərəfəsində iki ölkə arasında bütün sahələrdə münasibətlər uğurla inkişaf edir. Belə bir bəyanatla Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxış edib. Məlumatı “Anadolu” verib.

Onun sözlərinə görə, qarşılıqlı səfərlər, eləcə də bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Baş naziri İrakli Qa­ribaşvili ilə görüşü münasibətləri daha da möhkəmləndirib. İyulun 1-də baş tutmuş görüş za­manı Ərdoğan və Qaribaşvili ticarət dövriyyəsinin həcmini 1,5 milyard dollardan 3 milyard dollara qaldırmaq barədə razılığa gəliblər. Bundan sonra qarşılıqlı əməkdaşlıq daha da fəallaşıb və dekabrın 23-də Tbilisidə Türkiyə və Gürcüstan arasında azad ticarət haqqında müqavilə üzrə birgə komissi­yanın 13-cü iclası keçirilib.

Fatma Yazqan İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Gürcüstan münasibətləri və regionda gedən proseslər haqqında da danışıb. Onun fikrincə, bu proseslərlə bağlı hər iki ölkənin mövqeyi bir-birinə uyğundur. Ankara və Tbilisi regional əməkdaşlığı ərazi bütövlüyünə hörmət əsasında qurur, təhlükəsizliyi və sabitliyi bu əsasda möhkəmləndirirlər.

Səfir deyib ki, bu il 13 oktyabr 1921-ci ildə Ermənistan, Azərbaycan, Gürcüstan sovet respublikaları və Türkiyə arasında RSFSR-in iştirakı ilə bağlanmış Qars müqaviləsinin 100 ili tamam olub: “Bəzi dairələr bu müqavilə ilə bağlı gürcü ictimaiyyəti arasında spekulyativ cəhdlər edərək, Türkiyə-Gürcüstan münasibətlərini korlamağa çalışdılar. Belə şaiyələr ortaya atıldı ki, guya müqavilə 100 ildən sonra öz gücünü itirir və Türkiyə Gürcüstana qarşı ərazi iddiaları irəli sürəcək. Amma buna imkan verilmədi və anladıldı ki, irəli sürülən iddialar yalandır. Bu şaiyələri ya­yanlar Türkiyə haqqında neqativ fikirlər formalaş­dırmaq və bununla da Gürcüstana Türkiyə investi­siyasının axınını azaltmaq niyyəti güdürdülər”.

Yazqan bildirib ki, Qars müqaviləsinin 100 illiyindən sonra heç nəyin dəyişmədiyini və iki ölkə arasında ərazi bütövlüyünə hörmət və dəstək, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndiyini gürcü ictimaiyyəti də görüb. Onun dediyinə görə, bu təbliğat Gürcüstana xaricdən idxal edilir və Ankara belə hallara qarşı gürcü tərəfi ilə birgə mübarizəyə hazırdır.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

30 Dekabr 2021 04:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə