Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatlar vətəndaşın rifahının və məmnunluğunun təminatına hədəflənib

Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Xalq qəzeti”nə müsahibəsi

– Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamları ilə ölkəmizdə sosial islahatların növbəti mərhələsinə başlandı. Əməkhaqlarına edilən artımlar kimləri və nə qədər işçini əhatə edir? Ümumən əməkhaqlarının artırılması sahəsində son illərdə hansı addımlar atılıb?

– Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Ümummilli liderimiz Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, ölkəmizdə sosial inkişafın təmin edilməsi üçün əsasını qoyduğu işlər, sosial müdafiə və aktiv məşğulluq proqramları ötən 18 ildə uğurla davam etdirilməklə, əhəmiyyətli dərəcədə genişlənib.

Dövlət başçısının tapşırıqlarına əsasən, əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılmasına xidmət edən sosial islahatlar ardıcıl və geniş miqyas alıb. Sosial ödənişlərdə orta hesabla 12 -15 dəfə artımlar baş verib. Respublikamızda çoxsaylı reabilitasiya və sosial xidmət müəssisələri yaradılmaqla, bu müəssisələrin şəbəkəsi xeyli genişlənib. Yeni sosial təminat növləri – müavinətlər, təqaüdlər təsis olunub, sosial təminat sistemində bir sıra hümanist yanaşmalar tətbiq olunub, sosial təminat sisteminə əlçatanlıq xeyli artırılıb. Məsələn, Azərbaycanda 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilib. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan bir çox yaşlı şəxslərin vaxtından daha erkən dövrdə sosial təminat sistemindən faydalanmasına imkan yaradılıb.

Ümumilikdə son 4 ildə ölkəmizdə fərman, sərəncam, qanun və digər normativ sənədlərdən ibarət olmaqla qəbul edilən 1000-dək normativhüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına, həssas qrupların sosial müdafiəsinin gücləndirlməsinə xidmət edir.

Bütün bunlar sosial təminat sisteminin əhatə etdiyi əhali kateqoriyalarının dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb.

“Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik” – deyə bildirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə hələ 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən, onların sosial ödənişlərdə – əməkhaqları, pensiya, müavinət, təqaüdlərdə orta hesabla 100%, bəzi istiqamətlər üzrə 2 dəfədən çox artımları, yeni sosial təminat növlərinin (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və başqa şəxslərə. Prezidentin aylıq təqaüdlərinin) təsis olunmasını təmin edən, dövlət büdcəsindən illik əlavə olaraq 3 milyard manat vəsaitin ayrılmasını nəzərdə tutan inqilabi sosial islahatlar reallaşdırıldı. 

 Bu geniş miqyaslı sosial islahatların davam etdirilməsi üçün dövlət başçısı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı və həmin Sərəncam sosial ödənişlərdə növbəti artımları nəzərdə tutan yeni islahat mərhələsinə başlanmasını təmin etdi və cənab Prezidentin 2021-ci ilin dekabr ayında imzaladığı 10 fərman və sərəncamla sosial islahatların yeni mərhələsi başlandı.

Yeni sosial islahatlar mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və 2022-ci ilin əvvəlindən onlara sosial ödənişlərin artırılmasını təmin edəcək. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait ayrılıb.

Dövlət başçısının 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu artım üçün illik əlavə maliyyə xərci 460 milyon manatdır.

Minimum əməkhaqqı artımı orta aylıq və median əməkhaqqına da müsbət təsir edəcək. Qeyd edim ki, 2018-2021-ci illərdə ölkəmizdə orta aylıq əməkhaqqı 37 faiz, median əməkhaqqı 74 faiz artıb. Digər tərəfdən, bu dövrdə əmək müqavilələrinin sayı 30% və ya 400 minə yaxın artıb. Bütün bu müsbət proseslərin nəticəsi olaraq əməkhaqqı fondunda da 92% artım özünü göstərib və növbəti ildə bu göstərici daha da artacaq.

Onu da bildirim ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır. Bununla yanaşı, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. 

Həmçinin minimum əməkhaqqı artımı ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsini təmin edir. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyiş əldə edilir

Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara – orta hesabla 20% artıma imkan verəcək. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzilkommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun hər pillə üzrə artımlar olacaq. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. 

Həmçinin iki yeni Sərəncamla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, dövlət peşə təhsili müəssisələri müəllimlərinin, idarəetmə və təlim işçilərinin maaşları da orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır. Bu əməkhaqqı artımı da 165 min təhsil işçisini əhatə edir. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 4 minədək işçinin maaşları da orta hesabla 20% artırılıb ki, bunun üçün də dövlət büdcəsindən illik 9 milyon manat əlavə vəsait ayrılıb.

– Müavinət və təqaüdlərin artırılması sahəsində də mühüm addımlar atılır. Yeni Fərman və Sərəncamlarla növbəti dəfə bu sosial ödənişlərdə artımlar edildi. Bəs bu artımlar kimləri əhatə edir və onların gəlirləri nə qədər artacaq?

– Prezident İlham Əliyev tərəfindən əlilliyi olan şəxslər və digər həssas qruplara daim xüsusi qayğı göstərilir və yeni sosial islahatların tərkib hissəsi olaraq 2021-ci il dekabrın 20-də imzalanan yeni Sərəncam və Fərmanlarla onların müavinət və təqaüdlərinin artırılması da bunu bir daha təsdiq edir. Müavinət və təqaüdlərdəki yeni artımlar 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edir, onların müavinət və təqaüdləri 2022-ci ilin əvvəlindən artırılacaq. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, 1 yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, fəxri adı olanlar, doktorant və tələbələri əhatə edir. Həmçinin uşağın doğulmasına görə və dəfn üçün birdəfəlik müavinətlər artırlıb.

Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılacaq. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.

Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında gələn aydan I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Əmək pensiyası aldıqda isə orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur. Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə isə son 3 ildə bu artımlar dərəcələr üzrə müvafiq olaraq 50%, 59% və 112%-dir.

Gələn aydan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılacaq. Onlara qulluğa görə 2019- cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılacaq. Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn aydan həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək.

Həmçinin 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb. Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni Fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu müavinət də 76,5% artırılıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata çatdırılıb. 

Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Bununla da həmin uşaqlar üçün müavinətdə üç il əvvələ (45 manat) nisbətən 55,6% artım baş verir. Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və yeni Fərmanla bu müavinət də 25% artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb, yəni hazırki 200 manatdan 300 manata çatdırılıb. Dəfn üçün müavinətin məbləği isə hazırda 300 manatdırsa, gələn aydan 350 manat olacaq və bu müavinət də 3 il əvvələ nisbətən 2,4 dəfə artıb.

Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni sosial islahat mərhələsində bu təqaüd də elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılıb. Fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 20% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə də 20% artımla 100 manatdan 120 manata çatdırılıb. Dövlət başçısının digər yeni Sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin də 20% artırılması təmin olunub. Bu artım 132 min doktorant və tələbəni əhatə edir.

Onu da qeyd edək ki, ünvanlı yardımın hesablanması ehtiyac meyarı əsasında aparılır. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir. Bu o deməkdir ki, yeni ilin əvvəlindən ehtiyac meyarı artırılmaqla, aztəminatı ailələrə yönələn ünvanlı yardımın məbləği də çoxalacaq. Eyni zamanda, 2022-ci ilin əvvəlində indeksasiya nəticəsində də pensiyalarda artım olacaq ki, bu artım da pensiyaçıların 95%-ə qədərinə, yəni 1 milyon 100 min şəxsə şamil olunacaq.

– Cənab nazir, möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı Qələbəmizin qəhrəmanları olan şəhid hərbi qulluqçuların ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunması sahəsində aparılan işlər barədə məlumat verməyini istərdik...

– 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi, beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildi. Cənab Prezidentin qeyd etdiyi kimi, bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və  mütləq Qələbə olmamışdır.

Azərbaycan bu müharibədə qüdrətli orduya malik güclü dövlət olduğunu əyani şəkildə nümayiş etdirməklə, eyni zamanda, müharibə dövründə və müharibədən sonra da güclü sosial siyasətə malik olduğunu göstərdi. Qeyd edim ki, hələ müharibə zamanı Prezident İlham Əliyevin göstərişi ilə ölkədə bütün sosial proqramlar (o cümlədən, mənzillə, avtomobillə və s. təminat proqramları) da uğurla icra edilərək daha da genişləndi. Sosial müdafiə mexanizmləri arxa cəbhə rejiminə uyğun uyğun daha da çevikləşdi. Sosial təminat proseslərinin dayanıqlığı, sosial ödənişlərin davamlılığı və hər ay vaxtından daha tez həyata keçirilməsi təmin edildi. Müharibə davam etdiyi vaxtlarda belə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkənlər sosial müdafiə, psixoloji dəstək və s. işlər aparıldı.

Müharibədən sonrakı dövrdə isə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlandı. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onlara qanunvericilikdə nəzərdə tutulan sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və digər dəstək istiqamətlərini əhatə edir.

Ümumilikdə postmüharibə dövründə sosial dəstək paketi artıq 40 min insanı əhatə edib. Onlara sosial dəstək yönümlü 46 min xidmət göstərilib.

Belə ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə əlilləri olan 10351 şəxsə 20644 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təyin edilib.  

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı Fərmanlarla növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən həmin sosial ödənişlər əhəmiyyətli şəkildə artırılıb: şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü (2000 manat) təsis edilib.

Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri də davam etdirilir. Onlardan artıq 2400-dən çoxuna ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatından sonra onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və elektron sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatları həyata keçirilib. 

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişləndirlib: 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020- ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri, bu müharibənin əlillərinin 2021- 2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min, yəni 2018-ci ilə nisbətən 5 dəfə çox mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır və artıq bu il 2700-dən çox mənzil bu kateqoriyadan olanlara verilib. Beləliklə, ötən dövrdə 12 minədək şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin olunub.

Eyni zamanda, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təmin edilməsi işləri aparılır. Digər tərəfdən, gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

Avtomobillə təminat proqramı davam edir və 2021-ci ildə daha 164 avtomobil, ümumilikdə isə 7400-ə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, erməni terrorundan zərər çəkənlər, onların yaxınlarının məşğulluq və özünüməşğulluq məsələlərinin həlli sahəsində ardıcıl dəstək işləri aparılır. Bu kateqoroyalardan olan 8100 şəxsin məşğulluğunun, o cümlədən 5500-dən çox şəxsin kiçik ailə təsərrüfatlarını yaratmaları özünüməşğulluq proqramına cəlb edilməsi təmin edilib.

Bu ilin 10 iyun tarixindən başlayan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı isə artıq 600-ü ötüb, onlar marafona 3900-ə yaxın vakansiya təqdim edib. Proses davam edir. Həmin vakansiyalar şəhid ailəsi üzvləri və müharibədə yaralanmış hərbi qulluqçuların işlə təmin olunmasına yönəldilir. Həmin kateqoriyalara aid artıq 1350-dək şəxs bu vakansiyalar üzrə işlə təmin olunub.

Postmüharibə dövründə sosial dəstək paketi üzrə 3 minədək ailənin 10 minədək ailə üzvünə sosial-psixoloji dəstək də göstərilib. Habelə ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300- dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb, sosial tərəfdaşlar tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib.

Dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstəkdir. Bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara hazırda 6-sı mərkəzi, 15-i yerli icra hakimiyyəti orqanları olan 21 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.

Vahid əlaqələndirmə mərkəzlərində artıq 5600-dən çox şəxsə xidmətlər göstərilib. Yaxın günlərdə ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi də yaradılır. Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı olacaq. Zəfər” altsistemi şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu verilənlər, müharibə əlilləri barədə bütün məlumatları özündə əhatə edəcək. Bu altsistem müvafiq qurumlar arasında məlumatların mübadiləsi mexanizminin təkmilləşməsinə imkan verəcək. Xüsusilə də yeni altsistem dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı verəcək.

– Müharibədə əzalarını itirmiş hərbi qulluqçuların ən müasir protezlərlə təminatı da onlara çox mühüm dəstəkdir. Bununla yenidən ayağa qalxırlar, sərbəst hərəkət imkanı qazanırlar, artıq evlərinə də ayaqüstə dönürlər...

– Doğrudur. Bildiyiniz kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmi təcəssüm etdirən təşəbbüsləri, layihələri müharibə əlillərini də əhatə edərək, xüsusilə onların reabilitasiyasına mühüm dəstək olub. Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada ən müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunmuşlar. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə son illər Nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş hərbçilərimiz 2020-ci ilin dekabr ayından etibarən yüksək texnologiyalı, elektron protezlərlə təmin edilir. Artıq 180 hərbçimiz ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Biz görürük ki, müasir 4-cü nəsil elektron protezlə təmin edildikdən sonra onlar artıq sərbəst hərəkət edir, hətta futbol oynayırlar və s. Bu bizi sevindirir.

Həmçinin, müharibədən sonrakı dövrdə 10120 müharibə əlili 11300 reabilitasiya vasitəsi ilə təmin edilib. O cümlədən, əksər qismi müharibə əlilləri olan 1000-dək əlilliyi olan şəxs mühərrikli təkərli oturacaqla təmin olunub. 1300-dən çox müharibə iştirakçısı isə Nazirliyin müəssiələrində reabilitasiya xidmətləri ilə təmin olunub.

Qeyd edim ki, son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsi əlillərinin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı üçün mühüm potensial, baza rolunu oynayır. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bir qədər əvvəl, bu ilin 3 dekabrında - Beynəlxalq Əlilliyi Olan Şəxslər günündə isə ölkəmizdə daha bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi. Bu mərkəz Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının növbəti təzahürüdür. 25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstəriləcək, eləcə də tədrispeşə reabilitasiyası, müəyyən tədris metodikaları da həyata keçiriləcək. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.

Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması imkan verəcək ki, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artırılaraq 30 minə çatdırılsın.

– Həssas qruplardan biri də əliliyi olan şəxslərdir. Onların sosial müdafiəsi, məşğullluğu, inteqrasiya imkanlarının artırılması üçün hansı istiqamətlərdə işlər aparılır?

– Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı həmin şəxslərin sosial təminatının ildən-ilə gücləndirilməsinə imkan verib. Bu gün əlilliyi olan insanlar əlilliyə görə pensiya və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət, müharibə əlilləri və onlara bərabər tutulanlar pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Ümumi səbəblərdən birinci qrup əlilliyi olan şəxslərə, onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə də Prezidentin aylıq təqaüdü verilir.

Qeyd etdiyimiz kimi, növbəti islahat mərhələsində də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müavinətləri, habelə həmin uşaqlara, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri artırılıb. Ümumən son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlərdə I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artım olub.

Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü də mütəmadi artır, son üç ildə bu təqaüdlərin orta məbləği də 2,2 dəfə artıb, o cümldən cari ilin əvvəlində də orta hesabla 50% artırılıb.

Həmçinin əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya tədbirləri daha da genişlənir. Bu ilin oktyabr ayında isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz əlilliyi olan şəxslər və digər həssas qruplar üçün Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Bu mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək yalnız onların istedad və inteqrasiyasına dəstək baxımından önəmli deyil, eyni zamanda, sosialmədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.

Bəzi ölkələrdə oxşar təcrübələr olsa da, onlarda olan mərkəzlərdə təlim-tədris məhdud profildə və spesifikasiya edilmiş şəkildə aparılır. Bakıda yaradılan yeni DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin unikallığı isə onun xeyli geniş profilli olmasında, incəsənətin bir çox fəaliyyət sahələrini, eləcə də, art-reabilitasiyanı, art-psixoterapiyanı, musiqi terapiyasını, dramaterapiyanı, fizioloji və mənəvi reabilitasiyanı özündə əhatə etməsindədir. Mərkəz 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyadan, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarətdir. Mərkəzin tikintisini “PAŞA Holding” maliyyələşdirib və “Cobalt Architecture and Design” şirkətinin arxitektura, layihələndirmə və təşkilati dəstək verib və bu baxımdan da həmin mərkəz özəl şirkətin həmrəylik və sosial məsuliyyətinin, uğurlu sosial tərəfdaşlıq təcrübəsinin növbəti nümunəsidir. Mərkəz eyni anda 5 yaşdan yuxarı 100 nəfərin müxtəlif peşə-yaradıcılıq növləri üzrə bacarıqlarının inkişafı üçün tədris-təlim işləri aparılmasına imkan verir. .

Xüsusi kateqoriyalardan olan əlilliyi olan şəxslərin mənzillə, avtomobillə də təminatı həyata keçirilir. Tənha ahıl və əlilliyi olan şəxslər evlərində sosial xidmətlə təmin edilir.

Əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahəti, sanator-kurort yollayışlarla təminatı işləri aparılır. Məsələn, 2021-ci ilin ötən dövründə Vətən müharibəsi əlilləri də daxil olmaqla 2141 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort, müalicə müəssisələrində bərpa-müalicə prosedurlarına cəlb olunublar. Sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili» layihəsinə 6200 uşaq cəlb edilib ki, onlardan da böyük əksəriyyəti sağlamlıq imkanları məhdud uşaqlardır. Yaxud digər layihə üzrə sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial reabilitasiyası tədbirləri davam edir. Sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olanlara sosial-məişət problemlərinin həll edilməsinə, habelə ayrı-ayrı əlilliyi olan şəxslərin respublika daxilində müalicəsinə məqsədilə birdəfəlik maddi yardımlar da edilir.

Əlilliyi olan şəxslər üçün Bakıda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir və son illərdə bu mərkəzlər müasir tələblərə uyğun qurulub. Əlilliyi olan şəxslərin reabilitasiya vasaitələri ilə təminatı işləri aparılır, bu ilin 11 ayında da 8 mindən çox əlilliyi olan şəxsə 41,6 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib, 7,8 min nəfərə reabilitasiya xidmətləri göstərilib. Onu da qeyd edim ki, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri siyahısına 2020-ci ildə 23 yeni növ də daxil edilərərk siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57- yə çatıb. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu il özünüməşğulluq proqramına 16 min şəxsin cəlb edilməsi işləri aparılır. Bu o deməkdir ki, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə muqayisədə bu proqram 2021-ci ildə təqribən 13,6 dəfə genişlənib.

Özünüməşğulluq proqramının icrasında da üstünlük verilən kateqoriyalardan biri əlilliyi olan şəxslərdir və ötən dövrdə minlərlə əlilliyi olan şəxs də özünüməşğulluq proqramına cəlb olunub və onlar üçün kiçik müəsissə və təsərrüfatlar yaradılıb.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi layihə üzrə də 500 nəfər əlilliyi olan şəxsin dayanıqlı biznes qurmalarına dəstək verilməsi işləri aparılır. Eyni zamanda, Nazirliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində əlilliyi olan gənclərin yeni peşələrə yiyələnməsi təmin edilir. 2 mindən çox şəxs həmin mərkəzdə təlim kursunda olub, yeni peşələrə yiyələniblər.

Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İB birgə əlilliyi olan sahibkarlara dəstək məqsədilə yeni layihəyə də başlandı. Layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Təlimləri uğurla bitirən şəxslər özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.

Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirləri də davam edir. Bu günlərdə də Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar əlilliyi olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olundu. 217 iştirakçının 1346 əl işi təqdim edilən sərgi müsabiqənin qaliblərinə diplom və mükafatlar, digər iştirakçılara həvəsləndirici mükafatlar, təşəkkürnamələr verildi. Bu kimi tədbirlər onların yaradıclılığını stimullaşdırır.

– Nazirliyin fəaliyyət sahələrində geniş elektronlaşdırma proqramı icra olunur. Bu sahədə hansı nailiyyətlər və planlar var?

– Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda aparılan sosial islahatların mühüm bir istiqaməti - dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, rəqəmsal müstəvidə əhaliyə proaktiv xidmətlər şəbəkəsinin, avtomatlaşdırılmış sistemlərə əsaslanan optimal idarəçiliyin yaradılmasıdır.

Ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilib. Mühüm innovativ uğurlardan biri - dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan «e-sosial. az” portalıdır. Ölkənin sosial reyestri olan portal vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s.) çıxış imkanı verir və 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmalarına şərait yaradır.

Bu ilin 11 ayında da e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb. Portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1 milyon 20 minə çatıb. Nazirliyin “e-Hökumət” portalına yerləşdirilmiş xidmətlərinə isə 2021-ci ilin yanvar-noyabr aylarında 14 milyon müraciət olub.

Ümumilikdə Nazirlik üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən göstərilir. Həmçinin 44 e-xidmət proaktiv qaydada (şəxsin sosial təminat növünə hüququ yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılması) xidmətlərin göstərilməsini təmin edir. Ötən dövrdə bu proaktiv xidmətlər vasitəsilə cari ilin 1 dekabr tarixinə 254 min, o cümlədən bu ilin 11 ayında 128,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada həyata keçirilib.

2020-ci ilin əvvəlindən e-qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti fəaliyyətə başlayıb. Bu ilin 11 ayında da 140,2 min şəxsə proaktiv şəkildə olmaqla e-sistem üzərindən fərdi hesab açılıb. Son üç ildə nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, 2021-ci ilin yanvar-noyabr aylarında da həmin xidmətlər vasitəsilə 534 min e-arayış verilib. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən bu il nazirliyin informasiya bazalarına sorğu sayı 123 milyon olub.

Nazirliyin fəaliyyət sahələri üzrə daha 56 xidmətin də elektronlaşdırılması üçün işlər aparılır və onlardan 20-ə qədəri proaktiv xidmətlər olacaq.

Eyni zamanda, əmək münasibətlərinin rəsmi qeydiyyatı “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan “Məşğulluq” altsistemi də dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığının və effektivliyini təmin edir. Fərdi məşğulluq proqramları artıq e-qaydada tərtib olunur. “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) yaradılır ki, bu e-platforma bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. Eləcə də, peşə hazırlığı prosesinin rəqəmsallaşdırılması, elektron dərslik və dərs vəsaitlərinin hazırlanması da nəzərdə tutulub. Bu gün elektron informasiya sistemlərindən toplanmış məlumatlar əsasında ölkənin məşğulluq xəritəsi də hazırlanır. Ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sektoral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və s. barədə informasiyalar bu xəritədə toplanacaq. “Məşğul şəxslərin reyestri”, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “Monitorinq və Səyyar yoxlama”, “İctimai işlər portalı” və s. yaradılır.

– Azərbaycanın mühüm innovativ nailiyyətlərindən biri də DOST konsepsiyasıdır. DOST-la bağlı hansı planlar var? DOST konsepsiyası beynəlxalq arenada hansı mövqeyə malikdir?

– DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Nazirliyin tabeliyində 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb və paytaxtın bütün rayonları, eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub.

DOST mərkəzlərində xidmətlər ”bir pəncərə”dən, operativ, tam şəffaf və müasir, innovativ əsasda, nəzakətli şəkildə təqdim edilir.

Ötən dövrdə 650 minədək şəxs DOST xidmətlərindən faydalanıb. 2021- ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98%-dir.

Bu mərkəzlər vasitəsilə sosial müdafiə və sosial təminat, tbbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta və s. sahələrlə yanaşı əmək və məşğulluq sahələri üzrə də xidmətlər göstərilir. DOST xidmətlərinin sayı da mütəmadi artır. Məsələn, bu ilin sentyabr ayında dövlət başçısının fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na daha iki xidmət - əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi və mediasiya xidmətləri də əlavə edildi. Ümumilikdə, ilk DOST mərkəzi açılandan, yəni 2019-cu ilin may ayından bəri DOST xidmətlərinin siyahısı 30 faizə yaxın genişənlənərək bu xidmətlərin sayı 155-ə çatıb.

Qarşıdakı dövrdə Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub. Ölkənin istənilən yerindən DOST xidmətləri üzrə müraciət etmək imkanı yarada bilən “Virtual DOST mərkəzi” platforması da hazırlanır.

DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi beynəlxalq arenada da böyük maraqla qarşılanır. Hazırda 15 ölkə Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olan “DOST” təcrübəsini özündə tətbiq etməyə maraq göstərir. Digər tərəfdən, Avropa məkanında da bu gün DOST konsepsiyası sosial sahə üzrə ən mütərəqqi təcrübələrdən biri kimi tanınaraq seçilir və DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şurasının üzvü də seçilib və şəbəkənin müxtəlif tədbir və müzakirələrində fəal iştirak edir.

Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı istiqamətində ardıcıl olaraq mühüm nailiyyətlərin əldə olunduğunu göstərir. Bütün sahələrdə olduğu kimi, sosial sahədə ölkəmizin uğurları qarşıdakı dövrdə artmaqda davam edəcək, sosial proqramlar daha da genişlənəcək.

– Cənab nazir, ətraflı, dolğun və faktlarla çox zəngin müsahibəyə görə təşəkkürümüzü bildiririk.

– Sağ olun.

“Xalq qəzeti”

23 Dekabr 2021 09:49 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə