Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alfred Nobel və mükafatları

Müasir dünyada müxtəlif elm sahələrinə, həmçinin ədəbi yaradıcılıq və sülhün qorunması kimi fəaliyyət formalarına aid nailiyyətlərin yüksək göstəricilərindən biri də Nobel mükafatı sayılır. Hətta, belə də demək olar ki, XX əsrin ilk ilindən başlayaraq 120 ildən artıq bir müddətdə verilən Nobel mükafatı həmin nominasiyalar üzrə ən nüfuzlu beynəlxalq mükafat hesab olunur.

Təəssüf ki, bir neçə çox məşhur şəxsi çıxmaq şərti ilə, Nobel mükafatı almış müəlliflərin böyük əksəriyyətinin adları və mükafatın verilmə tarixçəsi Azərbaycan oxucusuna tanış deyil. Həmin boşluğu, qismən də olsa, doldurmaq üçün bu yazını təqdim edirik.

Əvvəlcə Nobel mükafatı və onun təsisçisi barədə ən zəruri məlumatları oxuculara çatdırmaq istərdik...

Nobel ailəsinin kökü İsveçin cənubunda yerləşən Nobeleff əyalətindən, kəndli zümrəsindən idi. Ailənin başçısı Emmanuel Nobel (1801-1872) uşaq çağlarından yetim qalmış, 16 yaşından yük gəmisində matros işləməyə başlamışdı. Sonralar Stokholm Universitetində texnologiya üzrə təhsil almış, ölkəsində görkəmli mühəndis, ixtiraçı və sənayeçi kimi tanınmışdı.

1842-ci ildə Rusiyaya gələn E.Nobel Peter­burqda zavod tikdirərək özünün ixtira etdiyi sualtı minaların istehsalı ilə məşğul olmağa başlayır. Eyni zamanda, Rusiyanın bir çox şəhərlərində silah-sur­sat zavodları açır.

Krım müharibəsi zamanı Rusiya ordusunda xidmət edərək sualtı minaların Türkiyə donanma­sına qarşı tətbiq olunmasına rəhbərlik edir. Bu işdə qazandığı uğurlara görə E.Nobel 1853-cü ildə imperatorun fərmanı ilə xüsusi qızıl medalla təltif edilir.

E.Nobelin dörd oğlu vardı: Robert, Lüd­viq, Alfred və Emil. Sonralar ata kiçik oğulları ilə birgə İsveçə qayıtdı və ailənin Rusiyadakı müəssisələrinə böyük oğlu Robert rəhbərlik etməyə başladı. 1860-70-ci illərdə Robert və Lüdviq Peter­burq və Tula şəhərlərində daha bir neçə silah-sur­sat zavodu açdılar.

Tüfəng qundağı hazırlamaq üçün palıd meşələri sorağı ilə Qafqaza gələn Robert Bakıda olarkən onda neft işinə maraq oyanır. 1874-cü ildə o, iki min rubl xərc çəkərək torpaq sahəsi və kiçik bir ke­rosin zavodu alır. Bundan sonra Robert və Lüdviq qardaşlarının əsas işi sənaye üsulu ilə neft hasi­latının təşkili olur. 1879-cu ildə “Nobel qardaşları” şirkətini yaradırlar. Şirkətin səhm kapitalı 3 milyon rubl idi.

Alfred də qardaşları ilə, formal da olsa, şərik idi, ilkin vəsaitin toplanmasında onlara kömək etmişdi. Lakin şirkətin işlərinə rəhbərliyi 1876-cı ildən Bakı­da yaşayan Lüdviq həyata keçirirdi. “Nobel qardaş­ları” şirkətinin sərvəti 1884-cü ildə 15 milyon rubla çatmışdı. Lüdviq Nobel Rusiya imperiyasının “neft kralı” sayılırdı. Bakı neftinin hasilatı, emalı, nəqli və satışı əsasən “Nobel qardaşları” şirkətinin əlində toplanmışdı. Dünya neft sənayesində mexaniki qazma qurğularını, tankerləri, dəmiryolu çənlərini, boru kəmərlərini ilk dəfə bu şirkət tətbiq etmişdi. Bakıda mədən avadanlığı istehsal edən ilk maşın­qayırma zavodunu da L.Nobel tikdirmişdi. Lüdviqin ölümündən sonra (1888) şirkətin fəaliyyətinə onun oğlu, babasının adını daşıyan Emmanuel rəhbərlik etməyə başladı. Neft hasilatı və emalı ilə yanaşı şirkət maşınqayırma, nəqliyyat, ticarət işləri ilə də məşğul olurdu. İstehsalat fəaliyyəti ilə bərabər “No­bel qardaşları” şirkəti tikinti, abadlaşdırma, yaşıllaş­dırma, kadr hazırlığı, xeyriyyəçilik sahələrində də böyük işlər görürdü. Məsələn, Qara şəhərdə, rəsmi ofislərinin yanında Bakının ilk yaşıllıq sahələrindən birini – bu gün “Nizami parkı” adlandırılan bağı “No­bel qardaşları” saldırmış, Sabunçu qəsəbəsindəki məşhur xəstəxananı da bu şirkət tikdirmişdi.

…Ancaq bütün bunların Alfred Nobelə heç bir aidiyyatı yox idi.

1908-ci ildə müxtəlif istehsal sahələrini birləşdiən konsern şəklində yenidən qurulan “Nobel qardaşları” ümumi kapitalı 130 milyon rubldan çox olan 25 müəssisəni əhatə edirdi. Birinci Dünya müharibəsi ərəfəsində və müharibənin ilk dövründə xüsusilə coşqun inkişaf edən konsernin 1916-cı ildə illik gəliri 24,3 milyon rubl olmuşdu. O dövr üçün bu, fantastik bir göstərici sayılırdı. Bakıda neft məhsulları istehsalının yarıdan çoxu bu konsernin əlində cəmləşmişdi.

1918-ci ildə “Nobel qardaşları” konserninin müəssisələri Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının) qərarı ilə milliləşdirildi və bununla da konsernin fəaliyyətinə son qoyuldu.

Nobel familiyasının dünyada tanınması ilk növbədə ailənin üçüncü oğlu Alfredin adı ilə bağlı­dır. A.Nobel 1833-cü ildə anadan olmuşdu. Ailələri Rusiyaya köçəndə doqquz yaşı vardı. Peterburqda böyüyüb təhsil almışdı. Ana dilindən başqa rus, ingilis, alman, fransız dillərini mükəmməl bilirdi. Stokholm Universitetinin kimya fakültəsini bitirmişdi İxtisasca kimyaçı mühəndis idi. Kimya doktoru elmi dərəcəsi almışdı. London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü idi.

Gənc yaşlarından partlayıcı maddələrin kimyəvi sintezi ilə məşğul olur, sınaq təcrübələri aparırdı. Belə təcrübələrdən biri zamanı baş vermiş partlayış nəticəsində bir neçə əməkdaşı, o cümlədən ona assistentlik edən kiçik qardaşı Emil həlak olmuşdu.

1862-ci ildə A.Nobel nitroqliserin partlayıcı maddəsi üzərində apardığı təkmilləşdirmə işlərinə görə ilk ixtira patentini alır. 1863-cü ildə İsveçdə və Almaniyada nitroqliserin istehsal edən ilk zavodla­rını tikdirir. Maraqlıdır ki, nitroqliserini 1847-ci ildə ixtira etmiş İtaliya kimyaçısı Askanio Sobrero bu maddənin son dərəcə təhlükəli olmasını, isteh­sal, daşınma və saxlama zamanı tez-tez təsadüfi partlayışların baş verfməsini, günahsız adamla­rın həlak olmasını nəzərə alaraq onun tətbiqini mümkünsüz sayır və bu işdən kənara çəkilir. Ancaq A.Nobel tədqiqatçı və sənayeçi kimi bütün səylərini bu “perspektivsiz” maddənin istehsalı, təkmilləşdirilməsi üzərində cəmləyərək, böyük miqdarda sərvət toplayır. İnadlı axtarışların nəticəsi kimi, 1867-ci ildə daha səmərəli, daha effektli yeni partlayıcı maddənin – dinamitin ixtirasına nail olur. Bu maddə öz partlayış enerjisinə görə nitroqlesirindən beş dəfə güclü, təsadüfi partlayışlar baxımından isə dəfələrlə etibarlı idi. Bundan sonra A.Nobel dünya miqyasında hərbi sursat istehsalının şəriksiz inhisarçısına çevrilir.

A.Nobelin mühəndis, alim-ixtiraçı və sənayeçi istedadını bəşəriyyətə fəlakət gətirən bir sahəyə həsr etməsi və bunun sayəsində böyük sərvət toplaması faktına özünün münasibəti maraq do­ğurur. XIX əsrin 90-cı illərində Parisdə keçirilmiş sülh konqresi iştirakçılarının qınaq dolu məktubuna cavabında “dinamit kralı” yazırdı: “Mənim dinamit zavodlarım müharibələrə son qoyulmasına sizin sülh konqreslərinizdən daha çox xidmət edir. Üz-üzə gələn iki ordu bir-birini bir neçə saniyə ərzində məhv etmək qüdrətinə malik olanda bütün sivil millətlər dəhşətə gələrək müharibələrdən biryolluq əl çəkəcəklər”. Ən maraqlısı budur ki, A.Nobel bu sözləri nüvə silahının yaradılmasından əlli il öncə demişdi. Təsis etdiyi mükafatlar sırasında sülhün qorunmasına görə ayrıca nominasiyanın olması onun pasifist – sülhpərvər dünyagörüşünə böyük önəm verdiyini sübut edir.

A.Nobelin elmi ixtiraçılıq fəaliyyəti təkcə hərbi sahə ilə məhdudlaşmırdı. O, ümumilikdə 355 ixtira­ya görə patent almışdı və dövrünün görkəmli kim­yaçı alimi kimi tanınırdı. Təsadüfi deyil ki, Mende­leyev cədvəlindəki 102 nömrəli radioaktiv element onun adını daşıyır. A.Nobelin məşhur ixtiraları sıra­sında süni dəri, süni ipək, qaz mühərrikləri, tətbiqi imkanlarını bu günəcən saxlayan rabitə sistemləri və s. də vardır.

Müasirləri onun xarakterinin tipik kapitalist ob­razına uyğun gəlmədiyini vurğulayırdılar. O, kütləvi toplantıları sevmir, həmişə tənhalığa can atırdı. Spirtli içkiləri, siqareti, pestoran və kazinolarda vaxt keçirməyi xoşlamır, ədəbi yaradıcılığa xüsusi ma­raq göstərirdi. Gənclik illərində xeyli şeir, bir neçə roman və pyes, çoxlu sayda məqalə yazıb çap et­dirmişdi. Sonralar dəqiq elmlərə bağlılıq bu həvəsi üstələsə də, mükafatları təsis edərkən ədəbiyyatı yaddan çıxarmamışdı. Öz xarakterindən söz açarkən təbiətən fağır adam olduğunu, təmizkarlığı ən müsbət, ailəsizliyi isə ən mənfi cəhəti saydığını, həyatda yalnız diri-diri dəfn olunmaqdan qorxduğu­nu bildirmişdi.

Rusiyadan getdikdən sonra A.Nobel bir müddət Stokholmda, sonralar isə əsasən Parisdə yaşamış, müxtəlif dövrlərdə İsveç, Rusiya, Almaniya, Fransa, İtaliya kimi dövlətlərin vətəndaşı olmuşdu. Onun hətta daimi evi də olmayıb. 1896-cı il dekabrın 10-da İtaliyanın San-Remo şəhərində vəfat edib.

Ölümündən bir il əvvəl, 1895-ci il noyabrın 27-də tərtib olunmuş vəsiyyətnaməsinə əsasən, A.Nobelin bütün varidatı İsveç Dövlət Bankında xüsusi fonda toplanmalı, əsas vəsaitə toxunmadan il ərzində yığılan bank faizləri 1901-ci ildən – yeni əsrin ilk ilindən başlayaraq hər il beş sahə (fizika, kimya, tibb (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması) üzrə ilin ən yüksək nailiyyətləri üçün mükafat kimi verilməli idi.

Vəfat edərkən dünyanın ən zəngin adamların­dan biri olan A.Nobelin birbaşa varisi olmasa da, qardaşlarının övladlarının şəxsində ağlasığmaz sərvətinə göz dikən çox idi. Buna görə də qohum­ları vəsiyyətnamənin saxta olduğunu iddia edirdilər. Vəsiyyətnamə ilə bağlı məhkəmə çəkişmələri beş il davam etdi. Nəhayət, sübut edildi ki, vəsiyyətnamə qanunidir və ona əməl olunmalıdır.

Nobel mükafatlarından söz düşərkən Azərbaycan oxucusu üçün xüsusi maraq doğu­ran bir məsələyə toxunmamaq olmaz. Söhbət A.Nobelin mükafat üçün miras qoyduğu varidatın Bakı neftindən götürülən gəlirlə bağlı olub-ol­mamasından gedir. Bizdə uzun illərdir ki, ictimai rəydə, dərc olunmuş publisistik yazılarda, hətta bədii əsərlərdə, televiziya verilişlərində və filmlərdə bu fondun Bakı nefti hesabına yarandığı vurğula­nır. İndi isə bu sıraya internet resursları da əlavə olunub. Lakin bu fikir həqiqətə o qədər də uyğun deyil. Məsələn, şirkətin bu gün muzey kimi fəaliyyət göstərən ofisinin qabağında onun real yaradıcısı Robertin, uzun illər Bakıda yaşayaraq konsernin işinə faktiki rəhbərlik etmiş Lüdviqin və onun oğlu Emmanuelin deyil, nədənsə məhz Alfred Nobe­lin heykəlini qoyublar. Onun Bakıya “bağlılığını” sübut etmək üçün müxtəlif nağılvari əhvalatlar uydururlar. Məsələn, yazırlar ki, guya Alfred Azərbaycan mətbəxini, xüsusən paxlavanı və şaf­talı mürəbbəsini çox sevirmiş. Halbuki, A.Nobelin ömründə bir dəfə də Bakıda, Azərbaycanda olmadığını bunu yazanlar da, o heykəli qoyanlar da yaxşı bilirlər.

Əvvəldə qeyd etdiyimiz kimi, Bakı neft sənayesində aparıcı rol oynayan “Nobel qardaşları" konserni Robert və Lüdviq tərəfindən yaradılmış, sonralar isə əsasən Lüdviqin oğlu Emmanuelin əlində olmuşdu. Şirkət yaradılarkən Alfred qardaş­ları ilə, rəmzi də olsa, şərik sayılırdı, lakin şirkətin fəaliyyətində onun iştirakı və qazancında payı simvolik xarakter daşıyırdı. “Nobel qardaşları”nın gəlirində A.Nobelin konkret olaraq üç faizə bərabər olan payı onun öz qazancının bir faizindən də az idi.

A.Nobelin dünyanın 20-dən çox ölkəsində 100-ə yaxın silah-sursat zavodu vardı. Bu, dünyada ilk transmilli hərbi sənaye korporasiyası idi. A.Nobelin sərvəti də əsasən buradan toplanmışdı. Digər tərəfdən, o, bütün dünyada tətbiq olunan çoxsaylı ixtiralarından da külli miqdarda qazanc götürürdü. Nobel Fondunun əsasını təşkil edən 30 milyondan çox İsveç kronunun (o vaxtın hesabı ilə təxminən 10 milyon ABŞ dolları) yalnız cüzi bir hissəsi “Nobel qardaşları” şirkətinin gəlirindən şərik payı idi. Digər tərəfdən, “Nobel qardaşları” şirkətinin çiçəklənmə və böyük qazanc əldə etmə dövrü A.Nobelin ölümündən və Nobel Fondu yaradılandan 12 il sonra baş vermişdi. 1896-cı ildə isə A.Nobelin öz sərvəti “Nobel qardaşları” şirkətinin ümumi sərvətindən xeyli çox idi.

Yeri gəlmişkən qeyd edək ki, Nobel Fondunun indiki ümumi məbləği 710 milyon İsveç kronuna (təxminən 240 milyon ABŞ dollarına) bərabərdir. İllik faiz hesabına toplanan vəsait beş bərabər hissəyə bölünərək fizika, kimya, tibb (yaxud fiziolo­giya), ədəbiyyat və sülhün qorunması sahələrində böyük nailiyyətlər qazanmış şəxslərə, yaxud müəlliflər qrupuna, bəzi hallarda isə təşkilatlara verilir. Son illər hər mükafatın həcmi təxminən 1,4 milyon ABŞ dolları olur.

Nobel Fondunun nizamnaməsinə görə, müka­fatlarla təltif etmək səlahiyyəti dörd təşkilata həvalə edilmişdir. Fizika və kimya üzrə mükafatları İsveç Kral Elmlər Akademiyası, tibb (yaxud fiziologiya) üzrə Stokholm Karolina Tibb-Cərrahiyyə İnsti­tutu, Ədəbiyyat üzrə İsveç Akademiyası, sülhün qorunması üzrə isə Norveç Parlamentinin xüsusi komitəsi verir. Bu təşkilatların müəyyənləşdirdiyi laureatları Nobel Mükafatları Komitəsi təsdiq edir.

Bu dörd təşkilat 15 nəfər qəyyum seçir, onlar da Nobel Fondunun Direktorlar Şurasını yaradırlar. Şuranın sədrini və sədr müavinini İsveç Kralı təyin edir.

1968-ci ildə İsveç Dövlət Bankı iqtisadiyyat üzrə ayrıca mükafat təsis edib. Bu mükafat rəsmi olaraq, “A.Nobelin xatirə mükafatı” adlanır. İqtisadiyyat üzrə mükafat Nobel Fondunun vəsaiti hesabına verilməsə də, onun məbləği və statusu digər müka­fatlardan fərqlənmir.

Nobel mükafatına təqdim olunan əsərlər mütləq çap edilmiş olmalıdır. Vəfat etmiş müəlliflərin əsərləri müzakirəyə qəbul edilmir və müəllif ölümündən sonra təltif olunmur. Təltif edilmiş müəllif mükafatı almamış vəfat edərsə, müka­fat onun varisinə təqdim edilir. Namizədlərdən kimsə müzakirə müddətində vəfat edərsə, onun adı dərhal siyahıdan çıxarılır. Nobel Komitəsinin əsasnaməsinə görə, namizədlərin adları, eləcə də müzakirələrin gedişi tam məxfi saxlanılır və yalnız 50 ildən sonra açıqlana bilər. Buna görə də kimlərinsə, guya, mükafata namizəd olması barədə hər il yayılan söhbətlər boş şayiədən başqa bir şey deyil. Məsələn, bu günəcən yalnız 1970-ci ilə qədər olan namizədlərin adları rəsmən elan edilib.

Gələcək laureatların namizədliyini təşkilatlar yox, yalnız ayrı-ayrı şəxslər verə bilər. Namizədlərin sənədləri hər il fevralın birinə qədər qəbul edilir. La­ureatların adları hər il oktyabrın 21-dən – A.Nobelin ad günündən başlayaraq bir həftə ərzində elan olunur, təqdimetmə mərasimi isə İsveç Kralının işti­rakı ilə dekabrın 10-da – A.Nobelin vəfatı günündə keçirilir.

Laureatlar təqdimetmə mərasimində, yaxud təqdimatdan ötən altı ay müddətində Stokholmda “Nobel nitqi” ilə çıxış etməlidirlər. “Nobel nitqi” lau­reatın yaradıcılıq yolu, elmi, ədəbi, ictimai fəaliyyəti, mükafata layiq görülmüş əsərin məzmunu haq­qında informasiyaları, onun öz fəaliyyət sahəsinin durumu, perspektivləri haqqında mülahizələrini, müasir dünya sivilizasiyasının gələcək tərəqqi yolu, inkişaf meyilləri haqqında ictimai, elmi, fəlsəfi ideyalarını əhatə etməlidir.

A.Nobelin vəsiyyətinə uyğun olaraq, XX əsrin birinci ilində ilk Nobel mükafatları laureatlara təqdim edildi. Oxucuları ayrı-ayrı nominasiyalar üzrə ilk mükafatçılarla tanış etmək istəyirik.

– Fizika üzrə: Vilhelm Rentgen (1845-1927) Almaniya.

X-şüaların (Rentgen şüalarının) kəşfinə görə;

– Kimya üzrə: Yakob Vant-Qoff (1852-1911) Ni­derland, Almaniya. Kimyəvi dinamika qanunlarının və məhlulların təzyiqinin kəşfinə görə;

– Tibb (yaxud fiziologiya) üzrə: Emil Adolf fon Berlinq (1854-1917) Almaniya. Difteriya xəstəliyinin zərdab üsulu ilə müalicəsini kəşfinə görə;

– Ədəbiyyat üzrə: Sülli Prüdom (1839-1907) Fransa.

Poeziyasının yüksək ideyalılığına və bədii mükəmməlliyə görə;

–Sülhün qorunması üzrə:

Anri Dünon (1828-1910) İsveçrə.

Beynəlxalq Qırmzı Xaç Komitəsinin yaradıcısı;

Frederik Passi (1822-1912) Fransa.

Sülh və Azadlıq Liqasının yaradıcısı.

Nobel Mükabatları Komitəsi müasir dövrdə də mükafatların verilməsi zamanı A.Nobelin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalmağa çalışır.

İlham ABBASOV,

“Xalq qəzeti”

19 Dekabr 2021 01:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə