Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mentorların hazırlanması təlimləri davam etdirilir

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Təhsil İnstitutu “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsini davam etdirir. Həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin təşkilinə təkan vermək məqsədilə mentorlar tərəfindən layihəyə cəlb olunan bölgələrin məktəblərində çalışan təhsilverənlərin peşəkar inkişafına dəstək veriləcək.

İnstitutdan "Xalq qəzeti"nə verilən məlumata görə, təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi üçün diaqnostik qiymətləndirmədən aşağı bal toplayan, peşəkar inkişaflarının təkmilləşdirilməsinə ehtiyac duyulan müəllimlərə fərdi məsləhət xidmətinin göstərilməsi məqsədilə mentorların hazırlanması təlimləri keçirilib. Mentorların hazırlanması təliminə müxtəlif psixoloji testlərdən keçmiş və nəticələri yüksək olan müəllimlər seçilib. Təlim 18 akademik saat olmaqla 9 gün müddətində hər gün 2 saat ərzində “Microsoft Teams” platforması vasitəsilə keçirilib. Təlimdə effektiv ünsiyyət bacarığına malik, vaxtdan səmərəli istifadə edən, peşəkar inkişaf ehtiyaclarına və potensialına uyğun fərdi dəstək strategiyaları qura bilən 15 mentor seçilib. Mentorlar layihənin həyata keçirildiyi Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan rayonlarının məktəblərində müəllimlərlə fərdi müsahibə və sorğu apararaq onların peşəkar inkişaf ehtiyaclarını və potensial imkanlarını müəyyən edəcək və hər bir müəllim üçün fərdi inkişaf planı hazırlayacaqlar. Mentorlar müəllimin fərdi inkişaf planı əsasında onun peşə biliyi və bacarığının artırılması üçün 4 ay müddətində xidmət göstərəcəklər.

Təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti 2022-ci ilin mart ayına qədər davam edəcək.

7 Dekabr 2021 16:53 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə