Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 "Xalq qəzeti" xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlandı və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edildi.

Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.

Görüşdə bu gün açılışı olacaq Həştərxan İşgüzar Mərkəzinin əhəmiyyəti qeyd edildi, Bakı ilə Həştərxan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulandı.

Söhbət zamanı ölkəmizin Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Sonda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

7 Dekabr 2021 12:05 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə