Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Omicron” pandemiyanın sonunu gətirə bilər

Bu ştammdan qorunmağın ən effektiv yolu vaksinasiyadır

Böyük Britaniya Hökumətinin Fövqəladə Vəziyyətlər Elmi Məşvərət Qrupunun (SAGE) ekspertləri belə qənaətə gəliblər ki, koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq. Həmçinin göstərilən həmin müddət ərzində koronavirusa qarşı peyvəndləmə və monitorinq vasitəsilə cavab tədbirləri görməyin vacib olacağı bildirilib. Lakin peyvəndləmə və sair cavab tədbirləri yetərsiz olsa, bu müddət uzana da bilər. Məşvərət qrupu tərəfindən Böyük Britaniyada aparılan geniş əhatəli peyvəndləmə işləri nəticəsində koronavirusa yoluxma ilə bağlı vəziyyətin nisbətən sabitləşdiyi də diqqətə çatdırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə bu il noyabrın 24-də rast gəlinən CO­VID –19-un yeni variantı olan “Omicron” ştammına yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu elan edib və COVID – 19-un yeni variantından qaynaqlanan riskin daha çox olduğunu qeyd edib.

İnfeksionistlər bildirirlər ki, “Omicron” ştammının Azərbaycanda mövcud olması haqqında hələlik heç bir məlumat yoxdur. Verilən xəbərlərə görə, bu ştammda əsas müşahidə olunan əlamətlər hədsiz dərəcədə süstlük, halsızlıq və şiddətli baş ağrılarıdır. COVID – 19-un digər ştammlarında müşahidə olunan dadbilmə və qoxubilmənin itməsi, şiddətli sümük ağrıları, temperatur yüksəlməsi “Omicron” ştammı üçün o qədər də xarakterik deyil. Digər ştammlarla müqayisədə yeni ştamma yoluxma zamanı saturasiyanın – qanda oksigenin miqdarının düşmədiyi də deyilir. Bu isə virusa yoluxanların daha tez sağalmaları üçün çox vacib məqamdır.

Azərbaycanda COVID –19 əleyhinə 2021– 2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq, ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam edir. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və çox sürətlə yayılan təhlükəli variantı olan “Omicron” ştammından qo­runmağın ən effektiv yolu vak­sinasiyadır. İnfeksionistlərin və immunoloqların bildirdiklərinə görə, yayılan yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici peyvəndləmə aparılmalıdır. Qeyd etməliyik ki, “buster” doza yalnız “Omicron” ştammı üçün nəzərdə tutulma­yıb. Yeni ştamm yayılmamışdan əvvəl də “buster” dozanın vurul­ması dünya səhiyyəsində qəbul olunmuşdu. “Buster” dozanın vurulması virusun mutasiyası nəticəsində yaranan bütün digər ştammlara qarşı mübarizə yollarından biridir. Bu doza gələcəkdə “Omicron”dan başqa hansısa ştammla­rın yaranacağı təqdirdə də onlara təsir edəcək. Ona görə də hər kəsə. xüsusən də risk qrupuna daxil olan şəxslərə “bus­ter” dozanın vurulması məsləhət görülür.

Hazırda “Omicron” ştammının Rusiyaya, eləcə də, Azərbaycana və digər qonşu ölkələrə keçmə ehtimalı artıb və bəlkə də artıq bu ştamm bəzi ölkələrin sərhədlərini keçib. Virusoloqlar əmindir ki, bu ştammın yayılmayacağı ölkə qalmaya­caq. Bəs “Omicron”dan qorunmaq üçün daha nələr lazımdır? Rusiyalı gene­tik, mikrobioloq Konstantin Severinov “Delta”dan da yoluxucu olan yeni muta­siyadan qorunmağın yollarını açıqlayıb. O, hesab edir ki, yeni vaksin olunanlar və peyvənd vurdurduğu vaxtdan 1– 2 ay keçməyənlər yeni mutasiyaya qarşı bir qədər dözümlü ola biləcək. Bir il, 6 ay əvvəl koronavirusa yoluxub sağalanlarda isə yoluxma riski çox yüksəkdir. “Buster” dozanı son ayda vurduranlar şanslı ola bilərlər. Mikrobioloq, həmçinin diqqətə çatdırıb ki, maskaları daha mükəmməl seçib, dekabr –yanvar ayında kütləvi yerlərdən çəkinmək lazımdır. Hamıya məlumdur ki, virus burun – tənəffüs yolu ilə keçir. Ona görə də mütləq burunun hər gün xüsusi dezinfeksiyasını həyata keçirmək lazımdır.

Xarici ölkə virusoloqları, həmçinin, immunologiya sahəsində daha təcrübəli olan mütəxəssislər bildirirlər ki, in­feksion xəstəliklər və epidemiyanın qanunauyğunluqlarından biri budur ki, virus yayıldıqca, dəyişdikcə, yayıl­ma sürəti artdıqca, gücü bir o qədər zəifləyir, onun zərərvericilik – öldürücülük qabiliyyəti azalır. “Omicron”un pande­miyaya təsiri barədə maraqlı proqnoz verən mütəxəssislər bildirirlər ki, əldə edilən məlumatlara görə, yeni variant pandemiya dövründə ən sürətli yayıl­ma xüsusiyyətinə malik ştammdır: “O, “Delta”dan da sürətli yayılır. Amma yayıl­ma sürətinə baxmayaraq, bunu proqnoz­laşdırmaq olar ki, öldürücülük qabiliyyəti aşağı olacaq. Əgər bu variant qrip kimi yüngül keçərsə, elə hesab edin ki, insan­ları özü vaksinasiya edəcək. “Omicron” “Delta”nı meydandan çıxarsa, pandemiya səngiyəcək və bitmiş sayılacaq. Buna ümid edirik”.

İsrailli immunoloq Zvika Qranot “Omicron” ştammı ilə bağlı mətbuata açıqlama verərkən deyib: “Nə qədər təəccüblü olsa da, bildirməliyəm ki, qənaətimə görə, yeni ştammın yayıl­ması pandemiya ilə mübarizəyə kömək edə bilər. Məncə, yeni ştammı tunelin sonundakı işığa bəzədə bilərik”. Profes­sorun fikrincə, “Omicron” ştammı daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir. Afrika və Av­ropa ölkələrindəki tədqiqatları təhlil edən Z.Qranot bildirib ki, yeni ştamma yoluxan­larda çox yüngül simptomlar müşahidə edilir: “Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda götürsək isə pandemiyaların tarixindən bildiklərimizə əsasən onu dəqiq deyə bilərik ki, korona­virus da əvvəlki viruslar kimi mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, “Omicron” hazırda geniş yayılmış “Delta” variantını üstələyəcək”. Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştammlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

7 Dekabr 2021 05:46 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə