Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amnistiya aktının qəbulu humanist siyasətimizin növbəti təzahürüdür

Bir ildən artıqdır ki, xalqımız Ermənistan üzərindəki parlaq qələbənin sevinci ilə yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etməsi tariximizin şanlı salnaməsidir. 10 noyabr 2020-ci il hamımız üçün unudulmaz tarixə çevrilib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyanat tarixi qələbəmizi rəsmiləşdirdi. Ermənistan rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu açıq şəkildə hiss etdi və məcburiyyət qarşısında kapitulyasiya aktına imza atdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə böyük qələbə qazandı.

2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik, “Qarabağın tacı” olan Şuşa şəhəri qəhrəman hərbçilərimizin qeyri-adi peşəkarlığı sayəsində azad edildi. Bu gün dün­yanın əksər ölkələri hərbçilərimizin misli görünməmiş fədakarlığını, hərbi taktikasını öyrənirlər. Mərd oğul və qızlarımızın hədsiz Vətən sevgisi və qəhrəmanlığı sayəsində Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin gedişində həlledici rol oynadı.

Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya aktının qəbul olunması dövlətimizin humanizm siyasətinə sadiqliyinin bariz nümunəsidir. Milli Məclis möhtərəm Prezidentimizin bu təşəbbüsünü dəstəkləyərək, humanizm ənənələrini davam etdir­miş, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Azərbaycan Respublikası Konstitusi­yasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə qərar qəbul edib.

Amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir. Birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin siyahısı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dör­düncü bölmələrdə isə müvafiq olaraq, aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar öz əksini tapıb.

Onu da qeyd edək ki, Azərbaycanda insan hüquq və azadlıq­larının müdafiəsinin yüksək səviyyədə təmin olunmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Şərqdə ilk müsəlman ölkəsidir ki, ölüm hökmünün ləğv edilməsi barədə qərar qəbul edib. Ulu öndərin təşəbbüsü ilə 1995- ci ildə əfvetmə institutunun əsası qoyulub. Heydər Əliyevin siyasətində humanizm prinsiplərinə sadiqlik prioritet təşkil edib. Bu siyasətin nəticəsi olaraq ulu öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs ba­ğışlanaraq cəzalarından azad ediliblər. Həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Ümummilli liderin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasəti varisliyini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əfvetmə institutunun çe­vik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edib. Dövlət başçımı­zın və Birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək on minlərlə ailəyə sevinc bəxş edib. Möhtərəm Prezidentimizin son 18 ildə insan hüquq və azadlıq­larının müdafiəsinə verdiyi xüsusi önəm beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ölkə başçısının əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının eti­barlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kur­sun layiqincə davam etdirildiyinin göstəricisidir. Son illər Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə çağdaş dünya­nın yeni çağırışlarına uyğun geniş isla­hatlara start verilib. Xüsusən də dövlət quruculuğu sahəsində daha mütəşəkkil idarəetmə formasının yaradılmasını hədəfləyən sistemli dəyişikliklər və struktur islahatları cəmiyyət və dövlət həyatında mühüm yeniliklər vəd edir.

Ölkəmizdə aparılan genişmiq­yaslı islahatların nəticəsi olaraq, hazırda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nəzərdə tutulan təkmilləşmə prosesi son dövrlər bütövlükdə, ölkə üzrə həyata keçirilən geniş islahatlar kursunun tərkib hissəsidir. Bu sahədə daha yüksək nəticələrə nail olmaq məqsədilə Prezident İlham Əliyevin im­zaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqın­da” 2019-cu il 3 aprel tarixli Fərman mühüm siyasi əhəmiyyət kəsb edir. Bu sənəd respublikamızda norma­tiv-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursun keyfiyyətcə yeni mərhələsinin başlanğıc nöqtəsi də hesab olunur.

Son 18 ildə Prezident İlham Əliyev 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyə istiqamətlənmiş bu huma­nist addımlar ümumilikdə, indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illərdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycanda 11 aministiya aktı, 67 əfv sərəncamı imzalanıb.

Vətən müharibəsində qazanıl­mış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü alqışla qarşılan­mışdır. Hazırkı amnistiya aktı ge­nişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 məhkuma, Pro­basiya Xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiya aktının icrası onun şamil edildiyi 17 min nəfərdən 15 minə yaxını üzrə ədliyyə orqanları tərəfindən təmin olunacaq. Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı da tədbirlər görü­lüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır.

“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının birinci bəndi “Amnistiya tətbiq edilən şəxslərin dairəsi” adlandırılır. Bu bəndə nəzər yetirdikdə amnistiya tətbuiq olunacaq məhbusların əhatə dirəsinin nə qədər geniş olduğunu görərik. Bununla bağlı bəzi faktları diqqətə çatdırmaq istərdim. Qərarda qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilsinlər. Kimdir onlar, deyərdim ki, o xoşbəxt şəxslər?

İlk növbədə, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları. Həmçinin Vətən müharibəsində və Azərbaycan Res­publikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respub­likasının orden və medalları ilə təltif olunmuş şəxslər. Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948–1953-cü və 1988–1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırı­mı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər.

Qərarda amnistiyanın doğma yurd-yuvalarından didərgin salın­mış soydaşlarımıza da tətbiqi öz əksini tapıb. Belə ki, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslərə amnistiya tətbiq olunacaq. Bunlarla yanaşı, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin, Azərbaycan Respublikası­nın, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcu­nu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin ya­xın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər, o cümlədən keçmiş SSRİ dövründə siyasi rep­ressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa) bu humanist siyasətdən yararlanacaqlar.

Amnistiya aktı qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə, həmçinin birinci və ya ikinci dərəcə əlilliyi olan, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə şamil olunacaq.

Amnistiyanın tətbiqi yalnız bu­nunla bitmir. Qeyd etdiyimiz kimi, Zəfər Gününə həsr olunmuş amnis­tiya öz əhatə dairəsinin genişliyinə görə əvvəlkilərdən xeyli fərqlənir. Ümumiyyətlə, indiyədək həyata keçirilən 11 amnistiya aktı 117 min 770 şəxsə şamil edilib.

Azərbaycanın sürətli inkişafı, Ermənistanın 30 illik işğalçı siyasətinə 44 gün ərzində rəşadətli ordumu­zun gücü ilə son qoyulması və Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının, eləcə də, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi prioritet vəzifə kimi qarşı­ya qoyulub. Hazırda Azərbaycanda vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar. Bu da ölkə başçısı­nın humanist siyasətinə xüsusi önəm verməsinin göstəricisidir.

Rasim MUSAYEV,

Zaqatala rayon prokuroru,

ədliyyə müşaviri

7 Dekabr 2021 05:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə