Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soçi görüşü mübahisəli məsələlərin ədalətli həllinə zəmin yaratdı

 

 

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görü­şün keçirilməsi, ölkə rəhbərlərinin mətbuata bəyanatla çıxış etmələri və nəhayət, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması mübahisəli məsələlərin ədalətli həllinə zəmin yaratdı.

Bu fikirləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, sabiq millət vəkili, professor İsmayıl Safi dedi.

O qeyd etdi ki, Azərbaycan Prezidenti üçtərəfli razılaşmaların tam icrasında maksi­mum ardıcıl və məsuliyyətli olduğunu Soçidə bir daha göstərdi. Müharibədən sonrakı bir il ərzində Ermənistandan fərqli olaraq, Azərbaycan sülh istiqamətli görüşlərin baş tutmasına həmişə konstruktiv yanaşması ilə fərqlənib.

Cənab İlham Əliyev dəfələrlə bəyan etmiş­di ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik.

Əslində, bu müddət ərzində üçtərəfli bəyanata destruktiv yanaşmaya cəhd edən Ermənistan olub. Lakin Ermənistan anla­malıdır ki, hadisələrin bu istiqamətdə inki­şafı onlara da xeyirlidir. Sülhə əməl etmək, nəqliyyat dəhlizlərinin və xətlərinin açılmasına maneçilik törətməmək, nəinki Azərbaycanın, Ermənistanın, o cümlədən, Cənubi Qafqazın dirçəldilməsinə, digər dövlətlərin də bu inkişaf prosesinə qoşulmasına zəmin yaradır. Soçi görüşünün əlamətdar xüsusiyyətlərindən biri də Rusiya dövlət başçısının səylərinin İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsidir. Prezident İlham Əliyev üçtərəfli görüşün baş tutmasına və Rusiyanın roluna səmimi qiymət verməklə Ermənistan rəhbərinin hər vəchlə bu formatdan qaçmaq istəyinin də qarşısını aldı.

Türkiyəli politoloq bildirdi ki, Azərbaycan hər zaman bölgə dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verib. İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan–Türkiyə, Azərbaycan–Rusiya, Azərbaycan–Gürcüs­tan münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. Soçi görüşünün müsbət ab-hava şəraitində keçməsi və prinsipi­al qərarların qəbul edilməsi bu ölkələrlə Azərbaycanın, o cümlədən Ermənistanın əlaqələrinin inkişafına yeni stimul verəcəyinə əminəm. Ermənistan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır. Çünki Azərbaycan güclü dövlətdir, Ermənistanın isə iqtisadiyyatı müharibədəki ağır məğlubiyyətdən sonra da daha da çöküb. Bu baxımdan, ağıllı düşünüb, praqmatik addımlar atmaqda və istər Azərbaycanla, istərsə də ona hər cür siyasi və mənəvi dəstək verməkdən çəkinməyən Türkiyə ilə münasibətləri düzəltməkdə fayda var. Soçi görüşü göstərdi ki, Azərbaycanın geostrateji yol və nəqliyyat xəritələrinin reallaşdırılmasın­da istəyi daha məntiqli və reallığa yaxındır.

İ. Safinin fikrincə, Nikol Paşinyan da bu strateji iqtisadi açılış proqramlarında ma­raqlı olmalıdır. Yoxsa, vəziyyət Ermənistan üçün daha da acınacaqlı olar. Hazırda Azərbaycanın Şərqi Zəngəzur nahiyyəsinin Qərbi Zəngəzurla birləşdirəcək yol kommuni­kasiyalarının tikintisi aparılır. Müəyyən olun­muş vaxtdan da əvvəl Azərbaycan bu dəhlizin açılmasını reallaşdıracaq.Ermənistandan isə yalnız revanşist bəyanatlar eşitmişik. Üstəlik, Ermənistan Azərbaycanın əksinə olaraq, yenidən müharibənin baş verməsini aktuallaş­dıran addımlar atır.

Ona görə də Soçi görüşü keçirilməli və ölkələrin real addımlar atmalı olduğu dəqiqləşdirilməli idi. Bu baxımdan, Soçi görüşündə əsasən Azərbaycanı maraq­landıran mövzular müzakirə olundu və yekun qərarlar qəbul olundu. Azərbaycan bu məsələdə haqlı tərəfdir. Lakin indi gündəlikdə duran əsas məsələlər təbii ki, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiya və demarkasiya­sı idi. Ermənistanda sərhəd məsələsinin həllini istəməyən kifayət qədər qüvvə vardır. Soçidə humanitar məsələlərdə də irəliləyişə nail olmuşuq – bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina proble­mi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq. Cənab İlham Əliyevin iradəsi, qətiyyətli və inamlı gedişləri nəticəsində proses başlamaq üzrədir və yaxın zamanlarda bu istiqamətdə diqqətəlayiq işlərə başlanılacaq.

Təqdim etdi: Anar TURAN,

 “Xalq qəzeti”

7 Dekabr 2021 05:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə