Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soçi bəyanatında işğalçı Ermənistanın məğlubiyyəti bir daha rəsmiləşdirildi

 

 

“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Vladimir Putinin, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Soçidə imzaladıqları bəyanat regionda 30 il davam etmiş münaqişənin qalib tərəfi olaraq ölkəmizin milli maraqlarına və strateji məqsədlərinə tam uyğundur. Ermənistan isə sərgilədiyi ənənəvi pozucu və inkarçı ritorikaya baxmayaraq, təşviq etdiyi heç bir tezisi məğlub tərəf kimi bəyanatın mətninə daxil edə bilmədi”.

Milli Məclisin deputatı Azay Quliyev həmin görüş ilə bağlı mediaya bu açıqlamasının davamında bildirdi:

–Azərbaycanın bu növbəti siyasi-diplomatik qələbəsi Ermənistanın məğlubiyyətinin diplomatik arenada bir daha rəsmiləşdirilməsi demək oldu. Cəmi bir səhifəlik bəyanat nəticə etibarilə xalqımızın bu mərhələ üçün gözləntisini tam əks etdirdi.

Əvvəla, Azərbaycan uyğun şərtlər daxilində qonşu ölkə ilə sərhədlərimizin delimitasiyası və sonradan demarkasiyası üçün Ermənistan və Rusiyanın birinci şəxsləri səviyyəsində yazılı razılıq əldə etdi. Bu prosesin tezliklə başlanmsı üçün qısa müddətdə təsirli mexanizmlər hazırlanacaq və bu işə tezliklə start veriləcək. Birmənalı qeyd etmək olar ki, əgər noyabrın 16-da sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ermənistanı ağır şəkildə cəzalandırılmasaydı, 10 gün sonra N.Paşinyan Soçidə delimitasiya prosesinə razlıq verməyə məcbur olmayacaqdı. İndi bu proses qaçılmaz xarakter aldığından nəticəni proqnozlaşdırmaq mümkündür.

Suveren övlətimizin sərhədlərinin toxunulmazlığı prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanındığından və indiki şərtləri Azərbaycan lideri İlham Əliyev irəli sürdüyündən, əminliklə demək olar ki, delimitasiya prosesinin nəticəsində ölkəmiz Ermənistanın tarixi sərhədlərimizi tanımasına nail olacaq. Bu proses isə çoxillik təcavüzkar siyasəti mğlubiyyətə uğradılmış işğalçı dövlətin ərazi bütövlüyümüzü tanınması ilə tamalanacaq.

Beynəlxalq hüquqa, xüsusilə, Helsinki Yekun Aktına əsasən, dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipi ilə ərazi bütövlüyü və suverenliyi prinsipləri bir-birini tamamlayan anlayışlardır və bunların hər üçü bütün beynəlxalq sənədlərdə bir konteksdə qeyd olunur. Bu da o deməkdir ki, Ermənistan indiki razılaşma ilə sərhədlərimizi tanıdıqdan sonra ərazi bütövlüyümüzü və suverenliyimizi də tanımağa və beləliklə, bizim təklif etdiyimiz hər üç prinsip əsasında yekun sülh sazişini imzalamağa məhkum olduğunu öz üzərinə götürdü.

İkincisi, bəyanatda Ermənistanın yerli və beynəlxalq tribunalarda səsləndirdiyi heç bir tezis– nə “Dağlıq Qarabağ”, nə “status”, nə “münaqişə”, nə “hərbi əsirlər”, nə də onların himayədarı olmuş “ATƏT-in Minsk qrupu” haqqında heç nə yoxdur. Bu isə o deməkdir ki, Ermənistanın baş naziri bundan sonra iki ölkə arasında davamlı sülhün, barışın və təhlükəsizliyin təminatı prosesində yuxarıda qeyd olunan amillərin yer almayacağını qəbul etdi. Artıq arxada qalmış münaqişənin məğlub tərəfinin rəhbəri mənasını itirmiş anlayışları Azərbaycan liderinin qəti olaraq rədd etməsi reallığını və bu səbəbdən bəyanatın mətninə daxil edilməməsini imzası ilə təsdiqlədi.

Üçüncüsü, bəyanatda bir daha Ermənistanın ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında bütün növ kommunikasiya xəttlərinin, dəmir və avtomobil yollarının açılmasının vacibliyi qeyd olundu və bu məqsədlə əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Bununla da Paşinyan hökumətinin ictimai rəyi aldatmağa və rəqiblərini sakitləşdirməyə hesablanmış təbliğatına baxmayaraq, Zəngəzur dəhlizinin açılmasının zəruriliyi növbəti dəfə təsdiqləndi.

Deputat Azay Quliyev açıqlamasını bu sözlərlə bitirdi: “Qeyd etdiklərim bir daha onu göstərir ki, 26 noyabr Soçi Bəyanatı Azərbaycanın diqtəsi və razılığı ilə hazırlanmış sənəddir və onun mahiyyəti və ruhu milli maraqlarımıza və strateji hədəflərimizə tam cavab verir. Bu sənəddə işğalçı Ermənistanın məğlubiyyəti bir daha rəsmiləşdirildi. Bu da, heç şübhəsiz, cənab Prezident İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsi oldu”.

Hazırladı: R.TAHİR,

 “Xalq qəzeti”

7 Dekabr 2021 05:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə