Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tahir Budaqov: İki qardaş ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər qlobal cəmiyyətdə böyük imkanlar yaradır

 

 

Hər il keçirilən Boğaziçi Sammiti bu gün regionda və ümumiyyətlə beynəlxalq aləmdə çox önəm daşıyan iqtisadi-siyasi platformadır. Bu Sammitdə adətən iş adamları, siyasətçilər, vətəndaş cəmiyyəti institut­ları bir araya gələrək bəşəriyyət qarşısında, regionda olan əhəmiyyətli məsələləri müzakirə edir, bununla əlaqədar müəyyən əməkdaşlıqlar yaradaraq bu problemlərin həlli istiqamətində fəaliyyət göstərirlər. Builki Sammitin hər birimiz üçün çox vacib olan “Daha yaxşı dünya naminə çağırışlar” mövzusu yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.

Bu fikirləri Yeni Azərbaycan Parti­yası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İstan­bulda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində açıqlamasında bildirib.

Sammit çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan panelin keçiriləcəyini xatırladan YAP Sədrinin müavini deyib: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanın da, Türkiyənin də dünya siyasətində rolu ildən-ilə artır. Xüsusilə də Vətən müharibəsindən sonra regionda yaranan geostrateji vəziyyət və bu reallıqlardan irəli gələrək həm Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin, həm də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdükləri bir çox təşəbbüslər nəinki regiondakı ölkələr və xalqlar üçün, ümumiyyətlə, daha geniş mənada, Avrasiya məkanında böyük perspektivlər, böyük imkanlar yaradıb. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı, qardaşlı­ğı və hətta son Şuşa Bəyannaməsindən sonra müttəfiqliyə yüksələn strateji tərəfdaşlıq münasibətləri nəinki iki ölkə xalqlarına, iki ölkəyə öz xeyrini, öz dividentlərini gətirir, eyni zamanda, bu münasibətlər bölgədə, hətta Avropada enerji təhlükəsizliyi baxımından böyük rol oynayır. Artıq bu ölkələr üçün bizim tarixi əlaqələrimiz bir çox nailiyyətlərlə yadda qalıb. Bilirsiniz ki, Azərbaycanla Türkiyə birlikdə bir çox qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini həyata keçirib. Bunların sırasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, TAP və TANAP layihələrini qeyd etmək lazımdır. Hazırkı vəziyyətdə ən əsası isə qarşıda duran və perspektivdə nəzərdə tutulan layihələrin həyata keçirilməsidir. İlk növbədə, Zəngəzur dəhlizinin açılması bu region­da yeni imkanların, yeni iqtisadi real­lıqların yaranmasına təkan verəcək ki, bu da Azərbaycanla yanaşı, Türkiyənin də tranzit potensialının artırılmasına və bu dəhliz vasitəsilə daha çox iqtisa­di-ticari əlaqələrin qurulmasına, eləcə də, ümumiyyətlə, regionda yeni iqtisadi modelin yaranmasına səbəb olacaq. Hazırda bu istiqamətdə işlər gedir”.

Qırx dörd günlük Vətən müharibəsindən sonra tarixi Qarabağ torpağımızda dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işləri barədə danışan Tahir Budaqov de­yib: “Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq işlərinə başlayıb və artıq Böyük Qayıdışa hazırlıq prosesi həyata keçirilir. Pre­zidentimiz İlham Əliyev dəfələrlə bu prosesdə Azərbaycana qardaş və dost olan ölkələrin iş adamlarını da inves­tisiya yatırımlarına, bərpa prosesində yaxından iştirak etməyə dəvət edib. Düşünürəm ki, bu platforma vasitəsilə də müəyyən mesajlar burada toplanan böyük auditoriyaya çatdırılacaq. Düşü­nürük ki, bu məsələlərdə Azərbaycana yaxın və dost ölkələr Azərbaycanın bundan sonrakı haqq işində də, in­kişaf prosesində də yaxından iştirak edəcəklər. Eyni zamanda, təbiidir ki, Azərbaycanın bu gün böyük iqtisadi potensialından, onun siyasi çəkisindən digər ölkələr də kifayət qədər bəhrələnmək imkanı əldə edəcəklər”.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:24 - SİYASƏT
SİYASƏT
23 Yanvar 2022 | 08:25
Yaponiya səfiri Lerikdə

Köhnə versiyamızdan xəbərləri izlə