Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Zəfəri: müdrik siyasətin təntənəsi

Müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində əldə edilən Qarabağ Zəfəri tariximizin ən şərəfli səhifələrindən biridir. Erməni faşizminin 30 il işğal altında saxladığı Qarabağ torpağı və ətraf bölgələrin azadlığa qovuşması ölkəmizin hərbi-siyasi mübarizəsinin uğur­lu nəticəsidir. Bu savaşın qalibləri isə Prezident, Ali Baş Komandan İlham Əliyev, müzəffər Azərbaycan Ordusu və son 18 ildə dövlət başçımıza dəstəyini əsirgəməyən, onun arxasında dayanan, yürütdüyü siyasəti, sosial-iqtisadi islahatları daim yüksək qiymətləndirən xalqımızdır.

Amma burada əsas məqamı, ən baslıca cəhəti də unutmamalıyıq. Ermənistanın qəsb etdiyi Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas olunmasında ilk qətiyyətli addımlar ümummilli liderimiz Heydər Əliyev tərəfindən atılıb. Belə ki, ulu öndər müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi bütün beynəlxalq tədbirlərdəki çıxışların­da Qarabağın xalqımıza məxsus olmasını tarixi faktlarla, dəlillərlə dünyaya çatdırıb, Ermənistanın işğalçı siyasətini kəskin tənqid edib, onu bu yoldan çəkinməyə çağırıb. Bu məqsədlə də hələ münaqişənin ilk dövrlərindən başlayaraq problemin sülh və danışıqlar yolu ilə həllinə üstünlük verib, düşməni dialoqla tarixi ədaləti bərpa etməyin faydalılığına inandırmağa çalışıb.

Bütün bunlara baxmayaraq, erməni tərəfi tutduğu yoldan çəkinməyib, müxtəlif çirkin üsullarla işğalı möhkəmləndirməyə davam edib. Belə təqdirdə dahi şəxsiyyət siyasi mübarizəni beynəlxalq müstəvidə daha da genişləndirib. Nəticədə Heydər Əliyev müdrik siyasəti ilə Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən bir daha yekdilliklə tanınmasına və Birləşmiş Millətlər Təşkilatı tərəfindən ərazilərimizin işğaldan azad edilməsi haqqındakı qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə nail olub.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliyi aradan qaldırmaq üçün siyasi mübarizə ilə bərabər, həm də müstəqil Azərbaycanın ordu quruculuğunun əsaslarını yaratmağı da daim diqqət mərkəzində saxlayıb. Ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində önəmli tədbirlər görüb. Bunun üçün, ilk növbədə, respublika iqtisadiyyatını gücləndirməyin, bu sahədə inqilabi islahatların aparılmasının zəruriliyini vurğulayıb və sözügedən istiqamətdə əməli addımlar atıb. İstər siyasi, istərsə də iqtisadi-hərbi yöndə müəyyən işlərin vaxt baxımından səmərəliliyini gerçəkləşdirmək məqsədilə atəşkəs sazişini reallaşdırıb.

Burada bir məsələni də xatırlatmaq istərdik. Ümummilli lider ikinci dəfə Azərbaycan rəhbərliyinə gələndə respublikada xaos, özbaşınalıq baş alıb gedirdi. Sosial-iqtisadi vəziyyət gündən-günə ağırlaşırdı. Müharibə şəraitində Silahlı Qüvvələrimiz ağır böhranlı günlərini yaşayırdı. Müstəqil dövlət quruculuğu istiqamətində bu yöndə ciddi tədbirlər həyata keçirilmirdi. Ona görə də ulu öndər siyasi fəaliyyətində, ilk növbədə, bu məsələyə xüsusi diqqət yetirdi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və respublikada müasir ordu formalaşdırılmasının əsasını qoydu.

Yeri gəlmişkən, o illərdə ulu öndərin tarixi xidmətlərindən biri də yeni formalaşdırdığı ordunun gücü ilə Horadizin düşməndən azad edilməsi oldu və bununla da Azərbaycan torpaqlarının müharibə yolu ilə geri alınmasının mümkünlüyü də təsdiqlədi.

Yeri gəlmişkən, onu da deyək ki, Heydər Əliyev yalnız müstəqillik illərində deyil, həm də sovet dönəmində də ordu quruculuğuna prioritet istiqamət kimi yanaşıb. Dahi şəxsiyyət həmin dövrdə gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsinə, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsinə xüsusi diqqət yetirib, əhalinin hərbi xidmətə münasibətində yeni bir baxış formalaşdırıb. Orta və ali təhsil müəssisələrində vətənpərvərlik ruhunun aşılanması üçün texniki-təşkilati tədbirlərin həyata keçirilməsini gerçəkləşdirib. Bununla bərabər, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyin təşkilini reallaşdırmaqla, yüzlərlə gənci bu hərbi məktəbə yönləndirməklə hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsini uğurla gerçəkləşdirib.

Ümummilli liderin ordu quruculuğu istiqamətində diqqətçəkən fəaliyyəti sırasında dahi rəhbər tərəfindən tarixi varislik ənənəsinə sadiq qalaraq 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun qurulduğu günün – iyunun 26-nın Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilməsi, 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun təsis olunması haqqında imzaladığı fərmanlar xüsusi önəm daşıyıb. Azərbaycanda bu gün güclü maddi-tədris bazasının, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, nailiyyətləri ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi məhz sadalanan fərmanların uğurla icrası nəticəsində mövcudluğunu tapıb.

Azərbaycanda hərbi quruculuq son 18 ildə də yüksələn xətlə inkişaf edib. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bu dövr ərzində bu məsələyə prioritet istiqamətlərdən biri kimi yanaşıb. Xatırladaq ki, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ölkə rəhbəri fəaliyyətində bu vədinə daim sadiq qaldı, respublikamızda ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər gördü, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərini reallaşdırdı. Əsgər və zabitlərimizin mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq keyfiyyətləri daim diqqət mərkəzində saxladı. Bunun nəticəsində 2016-cı ilin aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini qəsbkardan təmizlədi, minlərlə hektar ərazi hərbçilərimizin tam nəzarətinə keçdi. Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında isə Günnüt zəfəri qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvanın 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad olundu. Nəhayət, Silahlı Qüvvələrimiz tərəfindən ötən il iyul ayının 12-16-da Tovuz rayonu istiqamətində düşmənin daha bir məqsədyönlü təcavüzkar hərəkətinə layiqli cavab verildi.

Lakin bütün bunlar Ermənistana dərs olmadı, düşmən məkrli niyyətlərini davam etdirdi və ötən il sentyabrın 27-də yeni bir təxribat törədərək, ölkəmizə hücuma keçdi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutdu. Bu cinayət qarşılığında isə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi.

Beləliklə, Silahlı Qüvvələrimizin ulu öndərimiz tərəfindən başlanılan və Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təsdiqini tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemlərini və hərbi hava qüvvələrini sıradan çıxardı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdi.

Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu xarici və daxili siyasətlə bərabər, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, eyni zamanda, dövlətimizin başçısının ata vəsiyyətini ləyaqətlə yerinə yetirməsinin məntiqi nəticəsi idi.

Vaqif BAYRAMOV,

7 Dekabr 2021 05:01 - SİYASƏT
SİYASƏT
23 Yanvar 2022 | 08:25
Yaponiya səfiri Lerikdə

Köhnə versiyamızdan xəbərləri izlə