Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreya-Azərbaycan II Humanitar Forumu keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və A.Bakıxanov adına Tarix İnstitutu Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutu ilə birgə onlayn formatda Koreya-Azərbaycan II Humanitar Forumu keçirib.

  Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, forumda çıxış edən Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri koreyalı professor Eunkyung Oh 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması münasibətilə humanitar elmlər forumunun birgə və müntəzəm əsasda keçiriləcəyinə ümidvar olduğunu bildirib. “İki ölkə mədəni birlik yaratmalı və ondan Dördüncü Sənaye İnqilabının hərəkətverici qüvvəsi kimi istifadə etməlidir”, - deyən professor Eunkyung Oh bunun Koreya-Azərbaycan Forumunun əsas məğzi olduğunu vurğulayıb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op isə deyib: “Fərqli məkanlarda yaşasaq da, fərqli tarixə, fərqli dilə sahib olsaq da, düşünürəm ki, humanitar forum sayəsində xalqlarımız bir-birini daha yaxın hiss edəcəklər”.

Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov yaxın gələcəkdə Azərbaycan-Koreya humanitar forumlarının təşkili ilə yanaşı, Azərbaycan-Koreya və Türk dünyası-Koreya formatlarında müxtəlif humanitar mövzular üzrə elmi-praktik konfransların keçirilməsinin şahidi olacağımızı qeyd edib. Bildirilib ki, “Koreya yarımadası ilə Qafqazı birləşdirən, mübadilə və tərəfdaşlığa töhfə verən humanitar elmlər” mövzusunda olan bu forum Koreya və Azərbaycanın mədəniyyətlərini humanitar sahədə müqayisə etmək və mədəni birliyin yaradılması yollarını axtarmaq məqsədi daşıyır.

Humanitar forum “Dil-ədəbiyyat” və “Tarix-mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular müzakirə edilib. Xüsusən Koreya ilə Azərbaycan arasında müqayisəli ədəbiyyat araşdırmasının nəticələri ilk dəfə olaraq bu forumda açıqlanıb. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bu cür tədbirlərin iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. “Hesab edirəm ki, forumda dinləniləcək məruzələr, aparılacaq müzakirələr bundan sonrakı əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək”, – deyə akademik əlavə edib.

Seul Milli Universitetinin professoru Banq Minhonun “Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin koreyalı şair Şin Donqyupun yaradıcılığı ilə müqayisəli təhlili”, professor Bədirxan Əhmədlinin “Kim Jiha və Xəlil Rza Ulutürkün yaradıcılığında demokratik və milli mücadilənin inikası”, filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyevin “Koreya və türk dillərində leksik paralelliklər”, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan şəhərlərinin inkişafında Böyük İpək Yolunun əhəmiyyəti (XII-XV əsrlər)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyevin “Azərbaycan və Cənubi Koreya arasında müasir incəsənət sahəsində layihələrin inteqral formatı”, professor Kim Conqilin “Koreya və Azərbaycan mütəxəssisləri ilə birgə aparılan arxeoloji qazıntılara dair gələcək inkişaf planı” mövzularında məruzələr dinlənilib. Müzakirə zamanı professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Sunah Choi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, filologiya üzrə fəlsəfə doktoru Younq-Hee Lee və başqaları çıxış ediblər.

Qeyd edək ki, Avrasiya Türk Araşdırmalar İnstitutu dekabrın sonunda Nizami Gəncəviyə dair xüsusi mühazirə keçirməyi planlaşdırır. Həmçinin 2022-ci ilin yanvar ayında pulsuz Azərbaycan dili kursu təşkil olunacaq.

6 Dekabr 2021 19:14 -
23 Yanvar 2022 | 08:35
Rusiyada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə