Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Baş Prokurorluğunun bir qrup əməkdaşı Rusiyada səfərdə olub

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında 2019-cü il iyunun 24-də imzalanmış “Əməkdaşlıq haqqında” Sazişin icrası ilə əlaqədar 2021-2023 illəri əhatə edən əməkdaşlıq proqramının 1-ci bəndinə uyğun olaraq, “Prokurorların məhkəmələr tərəfindən baxılan mülki və arbitraj, eləcə də inzibati xətalara dair işlərdə iştiraklarının təmin edilməsi istiqamətində işin təşkili” mövzusunda Moskvada keçirilmiş tədbirdə Azərbaycan prokurorluğunun bir qrup əməkdaşı iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi qrupun tərkibində həmin idarənin prokuroru Babək Zakirzadə, Səbail rayon prokurorunun köməkçisi Hilal Abbasov və Qazax rayon prokurorunun köməkçisi Tərlan Kərimov görüşlərdə iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri Rusiya Federasiyası Baş Prokurorluğunun Mülki mühakimə baş idarəsi və onun tərkibində olan Mülki, inzibati və arbitraj işlərində məhkəmə baxışlarında prokurorların iştirakının təmin edilməsi idarəsinin, Federal qanunvericiliyin icrasına nəzarət baş idarəsinin Azyaşlıların hüquq, azadlıqlarının və maraqlarının təmin edilməsi idarəsinin, Hüquqi statistika və informasiya texnologiyaları baş idarəsinin və digər struktur qurumlarının rəhbərliyi və əməkdaşları ilə görüşlər keçiriblər. Görüşlərdə Rusiyada ictimai maraqların, xüsusilə də ətraf mühitin qorunması və əhalinin həssas qruplarının maraqlarının qorunması, bu məqsədlə mülki iddiaların qaldırılması, inzibati icraatların başlanması təcrübəsi öyrənilmiş, hüquqi ədəbiyyat və informasiya resurslarından davamlı istifadə edilməsi məsələsi müzakirə olunub.

Eyni zamanda, nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ətraf mühitin qorunması, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunması məqsədilə gördüyü işlər, mövcud qanunvericiliyin tələbləri barədə rusiyalı həmkarlarına məlumat veriblər.

Sonra Rusiya Federasiyasının Baş Prokurorluğunun əməkdaşlarına cinayət təqibindən kənar icraatlar sahəsində prokuror fəaliyyəti üzrə toplanmış təcrübənin öyrənilməsinin zəruriliyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, xüsusilə şəffaflığın və cavabdehliyin təmin edilməsi məqsədilə mütərəqqi Avropa və dünya standartlarının tətbiqi istiqamətində görülmüş tədbirlər Rusiya Federasiyası Baş Prokurorluğunda xüsusi maraqla qarşılanıb.

“Əməkdaşlıq haqqında” Saziş hər iki ölkənin Baş prokurorluqları arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsinə xidmət edir.

6 Dekabr 2021 12:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə