Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvənd olunmayanlarda virusun yeni mutasiyaları yaranır

“RNT tərkibli virus olan COVID – 19-un yeni “Omicron” ştammının yayılma­sı barədə informasiyalar əhali arasında ciddi narahatlıq doğurur. Doğrudur, yeni ştamm indiyədək ölkəmizdə qeydə alınmayıb. Lakin bir sıra ölkələrdə ona təsadüf edildiyi barədə informasiyalar var. Əlbəttə, arzu edirik ki, yeni ştamm ölkəmizə gəlməsin, lakin pandemiya dövründə yaşayırıqsa, güman edirəm ki, bu, qaçılmazdır. Təəssüf ki, yoluxma sayındakı rəqəmlər azaldıqca, insanlar arasında arxayınlıq ya­ranır və bu hal xəstəliyin yayılması üçün zəmin yaradır”. Bu fikirləri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva yeni ştammla əlaqədar deyib. O, həmçinin bildirib:

– Virusun növbəti mu­tasiyası olan “Omicron” (B.1.1.529) molekulyar quru­luşuna görə çox mükəmməldir və əvvəlkilərdən daha yoluxu­cudur. Pandemiya başlayanda mütəxəssislər deyirdilər ki, hər yaranan ştamm intensiv yolu­xuculuğu ilə təhlükə yaradır. İlk ştammların iki dəfə yoluxucu olduğu qeyd edilirdi, yəni bir nəfər daha iki nəfəri yoluxdu­ra bilərdi. Sonradan “Delta” ştammının əvvəlki variantlara nisbətən daha sürətli – 6 dəfə çox yoluxucu olduğu deyildi. Mütəxəssislər yeni yaranan ştamm – “Omicron” ştammının isə 8 –10 dəfə yoluxucu oldu­ğunu bildirirlər.

Nə qədər ki, hamı peyvəndlənmə prosesindən keçməyib, virus peyvənd olun­mamış orqanizmin birindən digərinə keçdikcə, dəyişikliyə uğrayır. Peyvənd olunmuş orqanizmdə çevrilmə get­mir, bunun əksinə, peyvənd olunmamış orqanizmdə virus özünə münbit şərait tapır və yeni mutasiyalar yaranır. Məhz bu səbəbdən peyvənd olunmaq vacibdir. “Omicron” ştammının 30-dan çox mutasi­yanı özündə birləşdirdiyi qeyd olunur. Bunlar yeni variantın nə qədər dəyişkən olduğu və hətta aparılan peyvəndləmə prosesinə qarşı dirənişli ola biləcəyi ehtimalı doğurur. Dəyişkənlik virusların həyatda qalma şəklidir. İndiyə qədər də müxtəlif ştammlar yaranmışdı. Lakin Ümumdünya Səhiyyə Təşkilatı hər hansı ştamma görə bu qədər həssaslıq göstərir, daha dəqiq yanaşır­sa, bu, həqiqətən vəziyyətin ciddiliyindən xəbər verir.

Y. Abdıyeva, həmçinin son vaxtlar peyvəndlər üzərində aparılan araşdırmaların onun hələlik yeni ştamm üçün də təsirli olacağını düşünür: “La­kin təsirin effektivliyi xəstəliyin əmələ gəlməməsinə kömək etmir, “Delta” kimi bu ştamm da xəstəliyi yüngül keçirməyə səbəb olur, çünki virus orqanizmdəki anticisimləri tanıyır. Lakin yeni ştammdakı alt mutasiyaların müəyyən bir qismi həmin anticisimlərə qarşı reaksiya göstərməyib. Bu isə o deməkdir ki, mutasiyanın ge­niş yayılması vaksinasiyanın səmərəsini azalda bilər”.

Yeni ştammın əlamətləri barədə danışan həkim deyib: “Əlamətlər hələ araşdırılır. Məlumdur ki, bu ştammı daha çox gənclər arasında yayılır, yaşlılar və yanaşı xəstəliyi olanlar üçün təhlükəli ola­raq qalır. Hər ştammın sırf özünəməxsus xüsusiyyəti olur. Əvvəlki ştammlarda da daha çox ürəkbulanma, halsız­lıq, hərarət və s. əlamətlər üstünlük təşkil edirdisə, “Delta” ştammında daha çox iybilmə və dadbilmənin itməsi baş ve­rir. Ümumi olaraq digər kəskin respirator infeksiyalarda olan kliniki əlamətlər çox güman ki, “Omicron”da da olacaq. Lakin orqanizmlərin fərdi xüsusiyyətlərinə görə təbii ki, dəyişə də bilər.

RNT tərkibli bütün viruslar aqressiv olurlar, onları idarə etmək çətindir. Adətən belə düşünülür ki, indiyə qədər olan bütün pandemiyalar zamanı mutasiya yarandıqca virus zəifləyir və proses öz-özünə bitir. Çox təəssüf ki, bu virus haqqında bunu demək olmur. Bəzi mütəxəssislər belə fikirdədir ki, bu virus labo­ratoriya məhsulu olduğuna görə zəifləmə getmir. Bir sıra mütəxəssislər bunu onun quruluşu ilə əlaqələndirirlər. Elm sahəsində də öz təsdiqini tapmamış çoxlu belə versiya­lar var, lakin hələlik yekun bir rəy yoxdur. Şübhəsiz ki, yekin nəticəni zaman göstərəcək.

Y. Abdıyeva xarici mətbuata istinadən onu da deyib ki, peyvənd istehsal­çısı “Moderna” yeni ştamma qarşı vaksin hazırlanması­na başladıqlarını elan edib. Peyvənd hazırlanmasında xüsusi mRNT (matrisalı RNT) texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Ber­ton BBC-yə açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb. O deyib: “Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”. Uğur Şa­hin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiya­lara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq. Digər tərəfdən, “John­son & Johnson” şirkəti də peyvəndlərinin “Omicron” va­riantına qarşı təsirini ölçməyə başladıqlarını açıqlayıb. Çin peyvənd istehsalçısı “Sinovac” da mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra “Omicron” variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazır­lanması mümkün olacaq.

Sonda daha bir maraqlı faktı da diqqətə çatdırmaq yerinə düşər ki, Rusiyada Sibir oftalmoloji klinikalar şəbəkəsinin sahibi Alek­sandr Padar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə verib və ko­ronavirusun yeni ştammını ifadə etmək üçün “Omicron” sözündən istifadənin qadağan edilməsini tələb edib. Klinika­nın təsisçisinin sözlərinə görə, tibb müəssisəsinin adı (Omik­ron) qeydiyyatdan keçmiş ticarət nişanıdır və COVID–19 ştammı ilə assosiasiya klini­kanın işgüzar nüfuzuna xələl gətirir. A.Padar deyib: “Bir özünüz düşünün, əgər kimsə – qohumunuz və ya dostunuz “Omicron”dan ölürsə, o zaman çətin ki, eyni adlı klinikaya bir daha müraciət edən olsun”.

Qeyd edək ki, ilk “Omik­ron Oftalmologiya Mərkəzi” Novokuznetskdə 2015-ci ildə açılıb və hazırda Rusiyanın 11 şəhərində onun filialları fəaliyyət göstərir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

5 Dekabr 2021 00:55 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə