Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Murovdağda ölməzlik zirvəsi

 

 

İsa Fikrət oğlu Miriyev 24 fevral 1974-cü ildə Bərdə rayonunun Lənbəran kəndində doğulmuşdu. Uşaqlıq illərindən gör-götürü, dərslərə hazırlığı, tərbiyəsi və qoçaqlığı ilə seçilmişdi. 1992-ci ildə doğma kəndindəki orta məktəbi bitirəndə I Qarabağ müharibəsinin şiddətli vaxtı idi. Belə bir zamanda Vətənə oğulluq borcunu önə çəkən İsa təhsilini davam etdirməyi sonraya saxlayıb, Bərdə Rayon Hərbi Komissarlığının xətti ilə cəbhəyə yollanmışdı.

İsa 1993-cü ilin sonuna kimi Ağdam cəbhəsində vuruşmuşdu. 1994-cü ilin yanvarında isə 701 saylı briqadanın 5-ci Bərdə taboruna keçirilmiş və döyüş yolunu 36 gün Murovdağda, Kəlbəcər istiqamətindəki ön xətdə davam et­dirmişdi. Cəsur döyüşçü 1994-cü il fevral ayının 10-da ermənilərlə qanlı döyüşlərin birində itkin düşmüşdü. Həmin vaxt onun 20 yaşının tamam olmasına 14 gün qalmışdı...

Günlər, aylar ötdükcə İsanın 4 bacısı, 2 qardaşı və anası Sahibə xala onun yolunu gözləyir, hər yerdə, hər ötüb-keçəndən onu soraqlayırdılar. Bəs İsanın sonrakı taleyi necə olmuşdu? Sağlam, diribaş oğlan, doğrudanmı, itkin düşmüşdü? Bununla bağlı suallara çox, dəqiq cavab verən isə demək olar ki, yox idi. Amma həqiqəti bir az yaxından bilənlər var idi.

Onlardan biri 5-ci Bərdə taborunun sabiq tağım komandiri Yusif İsmayılov­dun dediklərindən:

–1994-cü ilin dekabr ayının sonunda 2- ci Kəlbəcər əməliyyatına start veril­miş və 1994-cü ilin yanvar ayının 8-ə kimi 701-ci briqadanın taborları güclü hücum əməliyyatları keçirərək dalba­dal ondan çox yaşayış məntəqəsini düşməndən azad etmişdi. Həmin döyüşlər zamanı ermənilər canlı qüvvə, texnika sarıdan böyük itkilərə məruz qalmışdılar. Azərbaycan Ordusu bir müddət irəli getmiş, düşmən isə geriyə çəkilmişdi. Fevral ayında isə qüvvələr nisbəti dəyişmiş, düşmən ordusu yenidən qruplaşma keçirərək mövqeyini möhkəmləndirmişdi.

Beləliklə hücum dayanmış, Azərbaycan Ordusu Buzluqla Yanşağın arasında məxfi “Qızılqaya” postu yarat­mışdı. Fevralın 10-a keçən gecə mənim komandir olduğum tağım növbəni dəyişməyə hazırlaşırdı. Postla bizim dayandığımız yerin arası, təxminən, 300 metr olardı. Bu məsafəni piyada qət etmək üçün 5–10 dəqiqə vaxt lazım idi. Növbə düz gecə yarısı dəyişməliydi. Gecə saat 12-yə 20 dəqiqə qalmış qəflətən güclü partlayış baş verdi və bi­zim gedəcəyimiz postdakı səyyar çadır bir anda göyə sovruldu. Dərhal kömək üçün irəli atıldıq. Amma ermənilərin güclü müqaviməti ilə rastlaşdıq. Atəş səslərindən yəqin etdim ki, düşmən, ən azı, 100 nəfərlə, yəni bir bölüklə hücu­ma keçib. Odur ki, məcburiyyət qarşısın­da qalaraq geri çəkilməli olduq.

O gecə həmin postda 15 nəfər əsgərimiz növbə çəkirdi. İsa da onların arasında idi. Onlardan yalnız bir zabit sağ qalmışdı ki, onu da ermənilər əsir götürərək, sonradan İrana qaytarmış­dılar. Qalan əsgərlərin hamısı bir nəfər kimi çadırda həlak olmuşdu. Bu faciə Murovdağ zirvəsində misilsiz bir igidlik zirvəsi idi. O şəraitdə onların heç biri sağ qala bilməzdi. Və əgər sağ qalanı, əsir düşəni olsaydı, ötən 27 ildə, yəqin ki, ondan bir soraq çıxardı. Bunu əsir düşümş zabit də təsdiq edirdi. Yəni sağ qalan təkcə o özü olmuşdu. Allah onla­rın hamısına rəhmət eləsin. Öləsi oğul­lar deyildilər… Mən də İsanın sağ qalıb əsir düşməsinə inanmıram. Çünki İsa ilə birlikdə olmuş Ələddin əsir düşmüş zabi­tin gözü qarşısında özünü əl qumbarası ilə partlatmışdı. Yəni İsa və Ələddin kimi cəsur döyüşçülər əsir düşməyi heç vaxt özlərinə sığışdıra bilməzdilər. Ayrıca İsa haqqında onu da əlavə edim ki, o, mərd, cəsur, ölümün gözünün içinə dik baxmağı bacaran əsgər idi. Biz bilirdik ki, onsuz da ölümə məhkumuq. Belə olan halda nə üçün qorxmalıydıq? Odur ki, mən birmənalı olaraq bildirirəm ki, İsa bəzilərinin düşündükləri kimi nə əsir düşüb, nə də itkin olub. O, Vətənin müdafiəsi zamanı döyüşdə həlak olub.

Bu barədə düşünmək olduqca ağırdır: o vaxt biz o mürəkkəb şəraitdə İsa kimi şəhidlərimizin meyitlərini götürə bilmədik. O vaxt ağır məğlubiyyətin əvəzini çıxmaq üçün namərd düşmən buna heç çür imkan vermədi. Biz igid qardaşlarımızın necə həlak olduqlarını da aydınlaşdıra bilmədik. Bircə onu bildik ki, onlar şərəflə, qəhrəmanlıq nümunəsi göstərərək 18–20 yaşların­da öz torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəldilər. Unutmaq lazım deyil ki, belələrinin nə ölüsü, nə də dirisi düşmən əlinə keçə bilməz.

I Qarabağ müharibəsinin tağım komandiri olmuş İsa İsmayılov həqiqəti söylədi.

Yəni döyüş zamanı həlak olanların cəsədlərini götürmək mümkün olmadığı üçün onları itkin saymaq düzgün deyil. Çünki belə oğlanlar öz torpaqlarında şəhid olublar. Belələrinin cəsədlərinin qalıqları o dağlardan, dərələrdən, yamaclardan toplanıb həlak olduqla­rı məntəqədə uğrunda vuruşduqları torpağa əmanət edilməli, bu məzarların üzərinə həmin itkin sayılan döyüşçülərin adları, şəkilləri həkk olunmalıdır.

“Qardaşlıq məzarı” adlandırılacaq bu abidələr indiki nəsillərin ziyarət ünvanla­rına çevriləcək. Bax onda şəhidlərimizin narahat ruhları dinclik tapacaq. Bu, onların on illərdən bəri gözləri yollarda qalmış doğmalarına da bir təsəlli və toxtaqlıq gətirəcək.

Bərdə rayonunun Lənbəran kəndində I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən xatirə kompleksi də İsa kimi igid, yurdsevər oğullarımızın şərəfinə ucal­dılıb.

Məhyəddin HACIYEV,

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri

4 Dekabr 2021 23:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə