Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaxtilə Bakıdan isti olmuş buzlaqlar diyarı

Son təxminən bir əsr ərzində bəşəriyyət dünyanın sirlərinin açılması, materiklərin öyrənilməsi istiqamətində böyük axtarışlar apararaq mühüm nailiyyətlər əldə edib. Bu sırada ərazisinin çox böyük bir hissəsi buzlaqlarla örtülmüş Antarktidanın öyrənilməsini xüsusi qeyd etmək lazımdır. Bu sahədə qazanılanları dünya elminin ən böyük nailiyyəti hesab etmək olar. Amma bu qitə haqqında heç də geniş biliyə malik deyilik. Hətta çoxlarımız bilmirik ki, uzaq zamanlarda qitə bizim Bakı qədər isti bir ərazi olub. Bunları nəzərə alaraq Antarktida haqqında oxucularımıza bir qədər ətraflı məlumat vermək istərdik.

Yer kürəsinin ən cənub materiki

Antarktida faktik olaraq Yer kürəsinin ən cənub materiki və qitəsidir, tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Qitənin ərazisi haqqında müxtəlif rəqəmlər irəli sürülsə də, “Vikipediya”nın məlumatında 14,4 milyon kvadratki­lometr göstəriliir ki, bu da Antarktida­nı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Materikin 98 faizi orta qalınlığı 1,6 kilometr olan buz layı ilə örtülüb.

Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli, ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Hazırda Antarktidada daimi yaşayış yoxdur və bu ərazidə qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Qitənin sakinləri yalnız pinqvin və suiti kimi soyuğa­davamlı canlılardır.

Amma əbədi buzlaqlar diyarında izi itmiş sivilizasiyalarla bağlı ver­siyalar da mövcuddur. Keçən əsrin 50-70-ci illərində irəli sürülmüş ma­raqlı ehtimallardan biri adı əfsanəyə çevrilmiş Atlantida ilə bağlıdır. Onun izlərini alimlər dünyanın hər yerində axtarırlar. Yarım əsr bundan əvvəl İtaliyada nəşr edilən “Euro­peo” jurnalında Amerika alimləri tərəfindən Atlantidanın izlərinin Antarktidada tapılması ilə bağlı məlumat verilmişdi. Dünya alimləri bundan az qala şoka düşmüşdülər. Amerikalı alimlərin fikirləri sonra­dan italiyalı tədqiqatçı Barbiyero Flavio tərəfindən də təsdiq edilmiş və o, Atlantida ilə bağlı məlumatları özünün “Buzlaqlar altındakı sivili­zasiya” kitabında cəmləşdirmişdi. Tədqiqatçı təsdiq edirdi ki, əfsanəvi atlantların vətəni Antarktidanın buzlaqları altındadır. Flavio hətta bir az da qabağa gedərək bəyan edirdi ki, 10-15 min il əvvəl qitədə mülayim hava hökm sürüb. Atlantlar məhz bu iqlim şəraitində yaşayaraq yüksək sivilizasiya yaradıblar.

Materikin kəşfindən xeyli əvvəl Terra Australis (cənub torpağı) və Terra Incognito (naməlum torpaq) haqqında əfsanə və rəvayətlər ya­yılmış olsa da, Antarktidanı ilk dəfə 1820-ci ildə Rusiya tərəfindən təşkil olunmuş Mixail Lazarev və Fad­dey Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiqinə böyük maneələr törədib.

Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 50 iştirakçı tərəfə malik olan Antarktida haqqında konvensiya müəyyən edir. Sənədə əsasən, materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Ha­zırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.

Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.

Materikin kəşfi

16 yanvar 1820-ci ildə rus ekspedisiyasının rəhbərləri Faddey Bellinshauzen və Mixail Lazaryevin gəmiləri indiki Bellinshauzen şelf buzlağı adlanan ərazilərdə Antark­tidanı kəşf etdilər. Ondan əvvəl Cənub materikinin (lat. Terra Aust­ralis) mövcudluğu hipotetik olaraq qəbul edilirdi, bəzən xəritələrdə onu Cənubi Amerika və ya Avstraliya ilə birləşmiş halda göstərirdilər. Lakin məhz Bellinshauzen və Lazaryevin ekspedisiyası Antarktida ətrafında tam dövrə vuraraq ayrıca materikin mövcud olduğunu sübuta yetirdi. Qitəyə ilk olaraq ayaq basanlar isə 7 fevral 1821-ci ildə ABŞ-ın Sesiliya gəmisinin üzvləri oldular. Amerikalı­ların ayaq basdığı dəqiq yer məlum deyil, lakin ehtimal edilir ki, həmin ərazi Hyuz körfəzində yerləşir.

Antarktika müqaviləsinə əsasən, materik heç bir dövlətə məxsus deyil və ona qarşı ərazi iddiası irəli sürülə bilməz. Buna baxmayaraq, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Çili və Argentina materikin ayrı-ayrı hissələrinə torpaq iddiası irəli sürüblər. Hətta Çili bu yerlərdə şəhər salır. 1977-ci ildə Argentina qitənin bir hissəsini tələb etmək məqsədilə Antarktidaya hamilə qadın göndərib. Bu qadının dünyaya gətirdiyi uşaq Antarktida anadan olmuş ilk insan hesab edilir.

Antarktidanın sahilləri az girin­tili-çıxıntılı olsa da, burada bir çox adalara, dənizlərə, boğazlara rast gəlmək mümkündür. Bunlardan Jerlaş, Dreyk, Bransfild, Lemeir, Mak-Medro və s. kimi boğazların adlarını çəkmək olar. Materikin ən yüksək zirvəsi Vinson massividir.

Antarktidanın ərazisi əvvəllər buranı tədqiq etmiş tədqiqatçıların adlarına uyğun adlandırılmış müxtəlif əyalətlərə bölünür. Həmin ərazini kəşf etmiş və ya öyrənmiş tədqiqatçıların adı verilmiş ərazi vahidləri “torpaq” adlanır. Bun­lar Adel Torpağı, I Aleksandr Torpağı,Viktoriya Torpağı, II Vilhelm Torpağı, V Georq Torpağı, Qreyam Torpağı, Kemp Torpağı, Kraliça Eli­zabet Torpağı, Kraliça Mod Torpağı, Kraliça Meri Torpağı, Kots Torpağı, Mak-Robertson Torpağı, Meri Berd Torpağı, Palmer Torpağı, Şahzadə Elizabet Torpağı, Uilks Torpağı, VII Eduard Torpağı, Elsuort Torpağı, Enderbi Torpağıdır.

Bundan başqa, Antarktida ərazisinə Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Balleni ada­ları və Berkner adası daxildir.

Ən hündür buz təbəqəsi

Antarktida Yer kürəsinin ən hündür qitəsidir. Onun orta hün­dürlüyü 2000 metrdir, mərkəzində isə hündürlük 4000 metrə çatır. Bu hündürlüyün əksər hissəsini qitənin səthini, demək olar ki, tamamilə örtmüş qalın buz təbəqəsi təşkil edir. Buz təbəqəsinin altında kontinen­tal relyef yerləşir, Antarktidanın ərazisinin yalnız 0,3 faizi (təxminən 40.000 kvadratkilometri) buzdan azad torpaq ərazisidir. Antarktida­nın bütün ərazisi boyunca yerləşən Transantarktika dağları qitəni fərqli mənşəyi və geoloji quruluşu olan Şərqi Antarktida və Qərbi Antarktida adlı iki regiona bölür. Şərqi hissədə yüksək buz təbəqəsi ilə örtülü yayla yerləşir.

Antarktidaya hər il 6 minə qədər turist gəlir. Onların əksəriyyəti turist bazası və aerodrom olan Antarktik yarımadasına səfər edir. Turistlərin əksəriyyəti gəmilərdə kruiz edirlər.

Antarktidada daimi olaraq insan yaşamasa da, buranın beynəlxalq telefon kodu 672-dir. Dünyanın ən böyük aysberqi burada yerləşir. Onun sahəsi 11 000 kvadratkilo­metr, çəkisi təxminən 3 milyard tondur.

Antarktidada yerləşən Dry Valley adında bir ərazi var ki, bura dünya­nın ən quraq sahəsi kimi tanınır. Bu əraziyə 2 milyon ildir ki, yağıntı düş­mür. Yağıntıların olmamasının əsas səbəbi dərə üzərində saatda 300 kilometr sürətlə əsən küləklərdir. Qitədə bugünə qədər qeydə alınmış ən yüksək temperatur müsbət 17,5 dərəcə selsi olub. Ümumiyyətlə, ərazidə havanın temperaturu mənfi 93 dərəcəyə qədər düşə bilir. Buzlaqların və qar örtüyünün altında təxminən 300 göl var. Onlar planetin nüvəsindən yayılan istilik sayəsində donmur. Planetimizdəki şirin su qaynaqlarının 70 faizi bu­radadır. Antarktidanın ən gözəl yeri Çiliyə aid olan şəhərcikdir, burada məktəb, xəstəxana, poçt, otel, internet, telefon var və mobil telefon işləyir. Antarktidada yalnız bir ATM mövcuddur.

Antarktidada buzların əriməsi həmin ərazinin cazibə qüvvəsinə təsir edib. Ərazidə buz təbəqəsi ən az 40 milyon ildir ki, mövcud­dur. Erebus dağı qitədə ən aktiv vulkandır və burada buz kristalları püskürür. Bəzi məlumatlara görə, Antarktida vaxtilə müasir Bakıdan daha isti olub.

Paşa ƏMİRCANOV,

ə“Xalq qəzeti”

4 Dekabr 2021 23:52 -

Köhnə versiyamızdan xəbərləri izlə