Ən son xəbərlər
Çox maraqlı insan idi Yaşar müəllim. Onunla həmsöhbət olanda sevinc dolu anlar yaşayardın. Qəribə gülüşü var idi. Yaşar Nurini sevməmək mümkün deyildi. Bu böyük sənəkarla ilə həmsöhbət olmaq, onun şən zarafatlarını dinləmək, filmlərdə çəkildiyi anları müşahidə etmək mənə də nəsib olmuşdu. “Kino” qəzetində onun haqqında xüsusi buraxılış da hazırlamışdıq.
Yaşar Nuri haqqında çox yazılıb, onu tanımayan, bəlkə də, az tapılar. Deyrdilər ki, ona aktyorluq istedadı atasından keçib.
Yaşar 1951-ci ilin sentyabrında Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Bu tamaşa onu teatra bağlayıb. Orta təhsilini Bakıdakı 173 nömrəli orta məktəbdə alıb. Sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində oxuyub.
Təhsil aldığı dövrdə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov obrazlarını yaradıb. 1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdi. 1974-cü ilin dekabrında Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Akademik Milli Dram Teatrında ilk rolu Aleksandr Vampilovun “Övlad” komediyasında Silva olub. Bundan başqa, o, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz, Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində Qasım, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, Cəfər Cabbarlının “Sevil” pyesində Əbdüləli bəy obrazlarını yaratmışdır.
Yaşarın istər teatrda, istərsə də kino və televiziyadakı rolları, həcmindən asılı olmayaraq, tamaşanın “ağırlıq nöqtəsi”nə dönürdü. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirirdi.
Türk yazıçısı Sadık Şəndilin “Qanlı Nigar” əsəri əsasında rejissor Vaqif İbrahimoğlunun hazırladığı tamaşa sında Y. Nuri Abdi rolunu ifa edirdi. .
Cəmil Əlibəyovun “Gülüstanda qətl” pyesi əsasında Xalq artisti Ağakişi Kazımovun hazırladığı eyniadlı tamaşada mənfi personaj, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub-olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif “inadkarlığı” özünü tam doğrultdu.
Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi idi. Bunun ardınca isə o, irili-xırdalı onlarca filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı.
Kinoda aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də “Yol əhvalatı” filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus olan danışıq tərzi xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində, yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.
Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili xaş” və “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar yaratdığı obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin oğurlanması”) obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl günü”ndəki Mahmud doktorunu, “Nə gözəldir bu dünya...” dakı Asim Əliyeviçi, “Hər şey yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Onun aktyorluq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “Xalq artisti” fəxri adına, Dövlət mükafatına, “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. “Şöhrət ordeni” ilə təltif edilmişdir. Prezident təqaüdçüsü idi. Aktyorun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə