Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qalxacaq, şairim, bir gün heykəlin”

1926-cı ilin yayında Səməd Vurğun ilk dəfə Şuşaya gələrkən küçədə təsadüfən rastlaşıb, tanış olduğu Qabil baba (1780–1939) Molla Pənah Vaqifin vaxtilə yaşadığı, indi isə quru divarları qalmış evini ona göstərib. Sonra Səmədi Cıdır düzünə - şairin məzarını ziyarətə aparıb. Gənc qonaq elə ordaca beynində bişirib-düşürdüyü şeir parçasını Qabil babanın yanında bədahətən söyləyib:

 

Olma, şairciyim, olma pərişan,

Pozulsa məzarın mazidən nişan.

Zəhmətkeş əlilə gələr bir zaman

Pənbə güllər açar məzarın sənin,

Bu dağlardan əsən sərin küləklər

Yanıq məzarına lalələr düzər.

...Səməd Vurğun düz 10 il sonra, 1936-cı il noyabrın 12-də yenə Şuşaya gəldi. Soraqlaşıb Qabil babanı tapdı. Vaqif barədə böyük bir əsər üzərində işlədiyini bildirib, bu dəfə ondan daha çox, daha geniş, daha dolğun məlumat ala bildi. Molla Pənah Vaqifin müasiri olmuş və onu həyatda dəfələrlə görmüş bu 156 yaşlı müdrik qocanın dediklərini yaddaş boğça­sına yığdı.

Qabil baba Vaqifin şairliyindən, vəzirliyindən, adi məişət həyatından şəxsən öz gözləri ilə gördüyü, şahidi olduğu neçə-neçə hadisə, əhvalat nağıl elədi. Səmədə şair haqqında indiyə qədər eşidib-bilmədiyi çox mətləblər aydın oldu. Vaqifin qətlə yetirildiyi anları isə Qabil baba yana-yana, böyük kədər hissiylə danışdı. Xüsusilə, şairin ölüm səhnəsi Səmədə daha çox təsir bağışladı, duyğu­larını yerindən oynatdı.

...Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin qardaşı oğlu Məhəmməd bəy Batmanqılınc Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra taxt-taca yiyələnir, İran şahının həbs etdirdiyi adam­ları, o cümlədən, Molla Pənah Vaqifi də zindandan buraxdırır. Amma çox çəkmir ki, Məhəmməd bəy şairin İbrahimxəlil xanla əlaqə saxlamasından şübhələnir. Vaqifin xana göndərdiyi məktub isə Məhəmməd bəyin əlinə keçəndən sonra bu şübhə daha da artır. Molla Pənahı aradan götürmək üçün bəhanə axtaran Məhəmməd bəy şairin oğlu Əli ağa ilə birlikdə edamı barədə dərhal hökm verir.

1797-ci ilin yay günlərinin birində gecəykən Məhəmməd bəyin adamları Vaqifin mənzilinə basqın edib dağıdırlar. Ata-bala ikisinin də əl-qolunu və gözlərini bağlayıb, qabaqlarına qataraq hökmdə göstərildiyi kimi edam yerinə – Cıdır düzünə sarı aparırlar. Adətən, o vaxtlar ölüm hökmü olanları və xanın qəzəbinə gələnləri sıldırımlı, dəhşətli bir yer olan və sonralar “Xəzinə qayası” adlandırı­lan dikdirdən üzü aşağı atırdılar. On­lar “Sürüşkən daş”a çathaçatda Vaqif qətlgaha aparıldıqlarını anlayır, getməyə taqəti qalmır və özündən asılı olmaya­raq bir daşın üstündə oturur. Cəlladdan təvəqqe eləyir ki, ata-bala hər ikisini elə burdaca öldürsün, həm də övlad dağı görməmək üçün əvvəlcə onu qətlə yetir­sin. Ancaq əmrdən çıxa bilməyən cəllad nə illah eləyirsə, Molla Pənah yerindən tərpənmir ki, tərpənmir.

Əhvalatı dərhal Məhəmməd bəy Cavanşirə çatdırırlar. O, şairin bu hərəkətindən qəzəbnak olub, hadisə yerinə yollanır. Əmr eləyir ki, əvvəlcə Əli ağanı, sonra isə Vaqifi öldürsünlər. Ora yığışan adamların gözləri qarşısında hökm yerinə yetirilir. Hadisəni görənlər ata-bala­nın bu faciəsindən çox məyus olsalar da, heç kəs qorxusundan cınqırını da çıxara bilmir. Çünki bu işə kimsə azacıq etirazı­nı bildirsəydi, dərhal dili kəsilərdi. Onlar yalnız dinib-danışmadan, qorxu və vahimə içərisində gözləri önündə baş verən bu mənzərəyə tamaşa edirdilər.

Cəlladlar gedəndən və əl-ayaq tamamilə yığışandan sonra ora toplaşan­lar və yaxında yaşayanlar meyidləri yuyub kəfənləyərək elə öldürüldükləri yerdə, yolun sol kənarındakı bir ağacın altında basdırırlar...

Bir neçə ay keçir. İbrahimxəlil xan Cavanşir özünün halal taxt-tacına yenidən sahib olandan sonra Molla Pənah Vaqifin və oğlu Əli ağanın cəsədlərini yol kənarından çıxartdırıb, Cıdır düzü­nün girəcəyində daha münasib bir yerdə hörmət-izzətlə dəfn elətdirir...

Qabil babanın bu qəmli hekayəti Səməd Vurğunu çox mütəəssir eləyir. O elə burdaca xəyalında böyük şairin əzəmətli heykəlini canlandırır. Vaqifə abidə ucaltmaq barədə hökumət orqanları qarşısında məsələ qaldırmaq fikrilə Şuşa şəhərinin əlaqədar təşkilatlarında olur, Xankəndinə gedir. Vilayət rəhbərliyinin bu işə açıqdan-açığa etinasız və laqeyd yanaşması onu ruhdan salmır. Bakıya qayıtdıqdan sonra məsələni əlaqədar təşkilatlara anladır və artıq o vaxt yenicə şöhrət tapmış Lenin ordenli şairin sözü yerə düşmür...

1936-cı ilin sonlarında Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Şuşada Molla Pənah Vaqifin qəbri üzərində büstünün qoyulması işlərinə başladı. Layihə gənc memar Fərəcova, barelyefi isə Tbilisi Rəssamlıq Akademiyasının məzunu, iste­dadlı heykəltəraş Cəlal Caryağdıya həvalə olundu.

Smeta tutuldu, 94 min 266 manat pul ayrıldı. Bu vəsaitdən 86 min 454 manatı tiktinti işlərinə sərf olunmalı idi. Barelyefin dəyəri isə 7 min 800 manat idi. Abidənin hündürlüyü 13 metr olmalı idi. Pyedestal (kürsü) 5 metr hündürlüyündə qırmızı qranitdən olmalı, onun üstündə isə 8 metr hündürlükdə ağ mərmərdən düzəldilmiş ki­tab şəklində bir lövhə uzanmalı idi. Həmin lövhənin üstündə şairin barelyefi qoyul­malı və abidənin üst tərəfi milli naxışlarla bəzədilməli idi.

Şuşalılar sevimli şairlərinə olan məhəbbətlərini bir daha nümayiş etdirmək üçün məzarın ətrafında 7 hektarlıq bir sahədə Vaqifin adını daşıyacaq bağ salmaq təşəbbüsünü də irəli sürmüşdülər. Bağın 1944-cü ilin yayına qədər hazır olacağı nəzərdə tutulmuşdu.

Tezliklə işə başlanıldı. Əvvəlcə həmin sahə abadlaşdırıldı, qəbrin ətrafına hasar çəkildi, şairin adını daşıyacaq mədəniyyət parkının bünövrəsi qoyuldu. Lakin... Rep­ressiyanın gündən-günə tüğyan eləməsi, ardınca Böyük Vətən müharibəsinin başlanması, daha sonra İttifaq miqyasın­da bərpa-quruculuq işlərinin aparılması, maliyyə çatışmazlığı və sair çətinliklər bu layihənin tam həyata keçirilməsinin qar­şısına bir sədd çəkdi və nəhayət, 1958-ci ildə şairin qəbri üstündə sadə bir büstün qoyulması ilə nəticələndi.

Lakin illər keçəndən sonra bu layihə daha yüksək səviyyədə reallaşdı. Ötən əsrin 80-ci illərində Şuşanın şeiriyyətlə, musiqi ilə dolu mədəni həyatına daxil olan, şəhərin tarixində öz dərin izlərini qoyan, bu yurda yeni həyat verən, onu zinətləndirən 2 böyük ədəbi-mədəni hadisə baş verdi. Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin məzarının üstündə məqbərə ucaldılması qərara alındı. Məqbərənin açılışında isə ulu öndər hər il Vaqif poeziya bayramı keçirilməsinə göstəriş verdi.

1981-ci ilin sonlarında Molla Pənah Vaqifin məqbərəsinin tikintisi başa çat­dırıldı. Bir neçə aydan sonra, 1982-ci il yanvar ayının 14-də isə ümummilli liderin iştirakı ilə məqbərənin təntənəli açılışı oldu. Bununla Şuşanın tarixinə daha bir şanlı səhifə yazıldı– onun müasir memar­lığına əzəmətli bir abidə əlavə olundu. Böyük Səməd Vurğunun yarım əsr əvvəl peyğəmbərcəsinə dediyi sözlər həyata keçdi.

Uçan buludlar da çağırır “gəlin”,

Qalxacaq, şairim, bir gün heykəlin

Bizim Qarabağın Cıdır düzündə,

Vaqif canlanacaq elin gözündə.

Şərqdə ən böyük məqbərələrdən sayılan bu monumental tikinti 3 müəllifin – alim, memar və rəssamın birgə əməyinin uğurlu nəticəsidir. Arxitektor Əbdülvahab Salamzadə, memar Eldar Kanukov və rəssam Albert Mustafayev qədim xalq sənəti ənənələri ilə müasirliyi birləşdirərək yeni tipli bir abidə yarada bilmişdilər. Monolit dəmir-beton qurğulardan ucaldı­lan və hündürlüyü 20 metr olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə bəzədilmiş, ön tərəfə qırmızımtıl mərmərdən üz çəkilmiş, interyeri isə boz rəngli mərmərlə üzlənmişdi. İçəridə tünd yaşıl Qarabağ qranitindən sərdabə qoyul­muş, divarda isə şairin qorelyefi asılmışdı. Məqbərənin girişi şəhərə tərəf yönəldilən milli ornamentlərlə bəzənmiş portal şəklində həllini tapmışdı. Azərbaycanda və bir sıra Yaxın Şərq ölkələrində geniş yayılmış qüllə məqbərələrin kompozisiya formasını yenidən, böyük yaradıcılıqla işləmişdilər. Qüllənin planında kvadrat formalı tikinti qayadan qalxaraq ətraf mənzərəyə harmonik şəkildə uyğunlaş­mışdı.

Memorial tikintinin arxitektura kompozi­siyası özlüyündə aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunur və iki hissədən ibarətdir: aşağı kəsik piramida formasında xüsusi möhkəmlik və monumental görünüş, yuxarı hissə dinamik olaraq yuxarıya qədər olan pilonlu dördkünc qüllə. Abidənin arxitekturası Azərbaycan qüllə məqbərələrinin ənənəvi prinsiplərinə cavab verir və eyni zamanda, onda yenilik, müasirlik ruhu da duyulurdu.

Məqbərə, həqiqətən də, müəlliflərinin düşündüyü kimi, təkcə Vaqifin dəfn yeri deyil, eyni zamanda saysız-hesabsız xarici qonaqların, Vaqif poeziyasının minlərlə pərəstişkarının istədiyi vaxt gəlib yad etdikləri xatirə abidəsi idi. Məqbərənin memarlıq üslubu tikintinin funksional təyinatının şəhər tikinti kompozisiyasında yerini yenidən göstərirdi. Sözsüz ki, bu yeni memorial tikinti idi və burda yenilik xalq mədəniyyətinin qədim ənənələri ilə üzvi surətdə birləşdirilmişdi.

Vaqifin məqbərəsinin açılışı günü yerli poeziya həvəskarları yeni hədiyyə aldılar. Köhnə “Mamayı” məscidi bərpadan sonra onların ixtiyarına verildi. Burada Natəvan poeziya evi kimi fəaliyyət göstərməyə başladı. Bu ocaqda vaxtaşırı “Şuşa” rayon qəzeti nəzdindəki “Vaqif çeşməsi” ədəbi birliyinin üzvlərinin məşğələləri, poeziya məclisləri, şəhərə gələn şair və yazıçılar­la, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, həm də ədəbiyyatımızın aktual problemləri haqqında müzakirələr, disput­lar keçirilirdi.

1982-ci il iyulun 29-u. Gözəllik, ilham mənbəyi, qartal vüqarlı ərlər oylağı qədim Cıdır düzü! Bu gün zamanın yaddaşında qəhrəmanlıq rəmzi kimi yaşayan bu şairlər yurdunda ilk Vaqif poeziya bayramı keçiri­lirdi. Cıdır düzü mahnıya, şerə bürünmüş­dü. Şəhərin küçə və meydanları, parkları və bağları toy-bayram büsatlı idi. Həmin gün Şuşa Vaqif poeziyası ilə nəfəs alırdı. Bu şeir məclisi böyük şairə, Vaqif sənətinə olan hörmət və vurğunluğun ən yaxşı ifadəsi kimi səslənirdi. Nəhəng şeir-sənət salonuna, xalq şənlikləri səhnəsinə çevril­miş bu hünər meydanı qollarını geniş açıb, Şuşanın çoxsaylı qonaqlarını öz qoynuna almışdı. Minlərlə poeziya həvəskarı dəstə-dəstə Şuşanın ən şairanə guşəsinə - Cıdır düzünə gəlmişdi. Şeir-sənət ustaları əzəmətli əbədiyyət mavzoleyində uyuyan “qoca şair”in hüzuruna toplaşaraq, sanki, istedadlı söz sərrafına yaradıcılıq hesabatı verirdilər...

O vaxtdan hər il Şuşada şairin məqbərəsi önündə Vaqif poeziya bayramı keçirilirdi. Hər ilin yayında respublika­mızın ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, digər respublikalardan gəlmiş bədii söz ustaları şairin məqbərəsinin qarşısına toplaşır, öz yeni əsərlərini oxu­yur, görüşlər keçirirdilər. Bir sözlə, Vaqif poeziya bayramı Azərbaycanın ictimai-mədəni həyatında mühüm hadisəyə, eyni zamanda Şuşa mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdi.

Lakin mənfur və murdar ermənilərin məlum hərəkətləri bütün mədəni tədbirlər kimi, Şuşada Vaqif poeziya bayramının keçirilməsinin də qarşısını aldı. Onların özlərinə məxsus vəhşi hərəkətləri Molla Pənah Vaqifin Şuşanın şöhrət bayrağı kimi ucalan məqbərəsinin yandırılmasında özünü bir daha göstərdi. 1992-ci il mayın 8-də Şuşanı işğal etmiş ermənilər komp­leksin binasını və burdakı bütün eksponat­ları məhv etdilər. Lakin bu vəhşi tayfanın arzuları gözündə qaldı. Ermənilər torpaq­larımızdan it qovulan kimi qovuldular.

Keçən il yanvarın 14-də Şuşaya səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən burda təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Məqbərədəki işlər Heydər Əliyev Fondu tərəfindən aparıldı. 2021-ci ilin mart ayından başlayaraq mavzoley ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırıldı və bu çərçivədə işçi layihələr hazırlandı. Bu layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi ma­teriallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirildi, korroziyaya qarşı əlavə tədbirlər görüldü.

Bərpa zamanı abidənin hər detalında tarixi görkəm qorunub-saxlanılmışdır. Abidə kompleksinin bütün infrastruk­turu yenidən qurulmuş, yağış suları üçün drenaj və elektrik xətləri çəkilib-quraşdırılmışdır. Landşaftda istinad divarları və meydança tarixi görkəm çərçivəsində qranitlə üzlənmişdir. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilmişdir.

Nəhayət, 28 illik işğal və vandallıq dövründən sonra bu il avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada yüksək səviyyədə bərpa edil­miş Vaqif məqbərəsinin təntənəli açılışı oldu və həmin gün burada yenidən Vaqif poeziya bayramı ənənəsi dirçəldildi. Bu­nunla faciəli şəkildə öldürülmüş və axirət ünvanı isə bəlalı tarix yaşamış Vaqifin narahat ruhu dinclik tapdı.

Vasif QULİYEV,

“Şuşa” qəzetinin baş redaktoru

 

 

4 Dekabr 2021 23:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə