Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmə həsr olunmuş mənalı ömür

Azərbaycan dilçiliyinin inkişafında xüsusi xidmətləri olmuş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyev mənalı ömrünü, qüvvə və bacarığını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, gözünün nurunu, qəlbinin işığını, ürəyinin istisini tələbələrinə vermiş, yeni elmi-pedaqoji kadrların yetişməsində bilik və bacarığını əsirgəməmişdir. Məhz bunun nəticəsidir ki, Həsən müəllim bu gün də tələbələrin qayğıkeşi, gənclərin ümid yeri, həmkarlarının əziz dostu kimi xatırlanır, ruhu həmişə ehtiramla yad edilir.

Həsən İbrahim oğlu Mirzəyev 26 noyabr 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalın­dakı Qovuşuq kəndində anadan olmuşdur. 1947-ci ildə kənd məktəbinin IX sinfini bitirdikdən sonra X sinfi Naxçıvan MR-in Şərur rayonundakı Cəlilkənd orta məktəbində oxumuşdur. 1948-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1950-ci ildə həmin institutu fərqlənmə dip­lomu ilə bitirən, qəlbində min-min arzular olan, qurub-yaratmaq eşqi ilə yaşayan gənc Həsən Mirzəyev böyüyüb başa çatdığı, qanı və canı qədər sevdiyi, qədim Oğuz ellərinin səsi və nəfəsi duyulan doğma Dərələyəzə dönmüş və Keşişkənd rayonundakı Qovuşuq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi və dərs hissə müdiri vəzifəsində işə başlamışdır.

Ali təhsilli filoloq olmaq, yüksək savadlı mütəxəssis kimi elinə, obasına xidmət etmək onun ən müqəddəs arzusu idi. Bu arzu və istəklə Bakıya gələrək 1951-ci ildə APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olur. 1953–1954-cü illərdə insti­tut tələbə həmkarlar təşkilatının sədri vəzifəsinə seçilir. Ali məktəbi bitirdikdən sonra H.Mirzəyev dil və ədəbiyyat müəllimi kimi Dərələyəz mahalına qayıdır. 1955-1956-cı illərdə Keşişkənd rayon xalq maarif şöbəsində inspektor vəzifəsində işləyir. Həmin illərdə Həsən müəllim təkcə müfəttişlik vəzifəsini yerinə yetirməmiş, müəllimlərin yaxın dostuna çevrilmiş, onlara metodik köməklik göstərərək tədris işinin keyfiyyətinin yüksəldilməsinə yar­dımçı olmuşdur. Məktəbşünaslığı dərindən və elmi əsaslarla bilməsi, yüksək təşkilatçılıq bacarığı nəzərə alınaraq 1958-ci ildə Qovuşuq kənd orta məktəbinin direktoru vəzifəsinə təyin olunur. H.Mirzəyev məktəb direktoru işləməklə yanaşı, 1956-1959-cu illərdə Ermənistanda Azərbaycan dilində nəşr olunan “Sovet Ermənistanı” qəzetinin Dərələyəz bölgəsi üzrə ştatdankənar müx­biri olmuş, 1959-cu ilin mart ayında Qovuşuq kənd sovetinə deputat seçilmişdir. O, bir deputat kimi ilk gündən kəndin və onun sakinlərinin problemlərinin həllinə çalışmış və çox vaxt istədiyinə nail olmuşdur. Sonralar doğma torpaq­larından didərgin düşmüş kənd sakinləri H.Mirzəyevin müəllim, direktor və deputat kimi fəaliyyətini xoş sözlərlə xatırlayır, onun əsl xalq adamı olduğunu söyləyirdilər.

H.Mirzəyev yazmaq, yaratmaq, öz sözləri ilə desək, “bal kimi şirin, qılınc kimi kəsərli” Azərbaycan dili ilə bağlı tədqiqatlar aparmaq istəyirdi. Onda bu fitri istedad, qabiliyyət hələ tələbə ikən özünü göstərmiş, tədqiqatçılıq qabiliyyəti müəllimlərinin diqqətini cəlb etmişdi. Belə ki, hələ 1952-ci ildə, ikinci kursda oxuyarkən yazdığı “Qrammatikanın bəzi məsələlərinə dair” mövzusunda elmi işi respublika tələbə elmi cəmiyyətinin diplomuna və üçüncü dərəcəli mükafata layiq görül­müşdü. Bu arzu onun yenidən Bakıya dönməsinə səbəb olur. Qoynunda elmin sirlərini öyrəndiyi, professor Ə.Dəmirçizadə, profes­sor F.Qasımzadə və neçə-neçə işıqlı şəxslərin işlədiyi Azərbaycan Pedaqoji İnstitutuna gələrək, sənədlərini aspiranturaya verərək 1959-cu ilin noyabrında APİ-nin “Azərbaycan dilçiliyi” kafed­rasının aspiranturasına daxil olur. Görkəmli alim, professor Ə.Dəmirçizadənin rəhbərliyi altın­da “Müasir Azərbaycan dilində feili sifət” mövzusunda elmi-tədqiqat işi üzərində araşdırmalara baş­layır. 1962-ci ildə aspiranturanı bitirdikdən sonra bilavasitə profes­sor Ə.Dəmirçizadənin zəmanəti ilə o, Azərbaycan dilçiliyi kafedrasına müəllim təyin edilir.

H.Mirzəyev 1965-ci ilin iyu­lunda “Müasir Azərbaycan dilində feili sifət” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1967-ci ildə do­sent vəzifəsinə seçilmişdir.

1977-1987-ci illərdə filologiya fakültəsinin qiyabi şöbə üzrə de­kan müavini vəzifəsində işləmişdir. 1987-ci il mayın 7-də “Müasir Azərbaycan dili feillərində təsirlilik-təsirsizlik kateqoriyası” mövzu­sunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1988-ci il aprelin 8-də professor vəzifəsinə seçilmişdir.

1989-cu ilin iyulunda APİ-də yeni yaradılan müasir Azərbaycan dili kafedrasına rəhbərlik professor H.Mirzəyevə tapşırılmış və o, öm­rünün sonuna qədər bu vəzifədə çalışaraq fakültənin ənənələrinə və yeni dövrün tələblərinə uyğun kafedra yaratmağa müvəffəq olmuşdu. Həsən müəllim kafedra əməkdaşlarına münasibətində tələbkarlıqla qayğıkeşliyi üzvi surətdə əlaqələndirməyi bacarır­dı. Onun təşkilatçılıq qabiliyyəti və insani keyfiyyətləri sayəsində kafedrada xüsusi bir səmimilik at­mosferi yaranmış, kollektivdə elmi yaradıcılıq ruhu formalaşmışdı.

Həsən müəllimin yaradıcı əməyi, elmi-pedaqoji fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, müxtəlif təltiflərə layiq görülmüş­dü. Fəal elmi yaradıcılıq işini uğurla davam etdirən professor H.Mirzəyev 1980-1990-cı illərdə ADPU-da, 1989-1997-ci illərdə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda, 1997-2000-ci illərdə BDU-da İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olmuşdur.

H.Mirzəyev 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1998 və 2000-ci illərdə Azərbaycan Respubli­kasının Milli Məclisinə deputat seçilmişdir. O, millət vəkili kimi Milli Məclisin işində layiqincə iştirak edərək dövlətimiz və xalqımız üçün vacib qərarların qəbul edilməsində xüsusi fəallıq göstərmişdir.

H.Mirzəyevin elmi yaradıcılığı dilçilər, xüsusilə gənc araşdırı­cılar üçün bir örnəkdir. O, elmi tədqiqatlara tələbə ikən başlamış, ilk elmi yazılarını 1959-cu ildə “So­vet Ermənistanı” və “Azərbaycan müəllimi” qəzetlərində dərc etdir­mişdir. Sonrakı illərdə görkəmli alimin “Feili sifət” (1971), “Müasir Azərbaycan dilindən ixtisas kursu” (1972), “Azərbaycan dilindən təcrübi məşğələlər” (kollektiv, 1973), “Müasir Azərbaycan dilində sadə feillər” (1984), “Azərbaycan dilində feil” (1988), “Aşıq poezi­yasında yaşayan adlarımız və tariximiz” (1977) monoqrafiya və dərs vəsaitləri çap olunmuş­dur. Bu əsərlər elmi ictimaiyyətin diqqətini cəlb etmiş və onların Azərbaycan dilinin, eləcə də yer-yurd adlarının tədqiqi üçün xüsusi elmi əhəmiyyət daşıdığı dövri mətbuatda göstərilmişdir.

H.Mirzəyevin elmi yaradıcılı­ğının ilk dövründə feil mövzusu xüsusi yer tutur. Dilçiliyimizdə feili sifət, feilin təsirlilik və təsirsizlik kateqoriyası ilə bağlı tədqiqatlar məhz H.Mirzəyev yaradıcılığının bəhrəsidir. Azərbaycan dilində feilə xas olan əsas xüsusiyyətləri Həsən müəllim müəyyənləşdirmiş, elmi dövriyyəyə daxil etmişdir.

H.Mirzəyev Azərbaycan folklo­runu, xüsusilə aşıq yaradıcılığını dərindən bilən ziyalılarımızdan idi. Şeir, sənət xiridarı olan Həsən müəllimin qələmindən həm də böyük poetik tutuma malik gözəl şeirlər çıxmış, minlərlə oxucunun qəlbində əbədiləşmişdir. Bu poetik nümunələr onun “Hanı o səndəki el, Dərələyəz” (Bakı, 2002) şeirlər kitabında toplanaraq çap edilib. Yazdığı hər bir misrada Vətəni canı qədər sevdiyini görür, elin dərdini öz dərdi hesab etdiyinin şahidi oluruq. O, el-obasının yağı düşmən əlində qaldığına haray çəkir, ürəyini məşələ çevirərək qaranlıq yollara işıq saçır.

H.Mirzəyev “Dərələyəz mahalının toponimləri və şivə sözləri” (2003), “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (2004) və “Dərələyəz mahalının toponimləri” kitablarını da artıq yazıb nəşriyyata təqdim etmişdir. H.Mirzəyev “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” əsəri ilə (1997) Azərbaycan poetik onomastikasının əsasını qoymuş­dur.

Bununla yanaşı, professor H.Mirzəyev dilçiliyin müxtəlif sahələrindən bəhs edən əsərlərin elmi redaktoru olmuşdur. Belə ki, bu xeyirxah insan, görkəmli alim 36 monoqrafiya, dərs vəsaiti, me­todiki göstəriş və ayrı-ayrı tədris proqramlarına redaktorluq edərək həmin əsərlərə həyat vəsiqəsi vermiş, müəlliflərindən dəyərli məsləhətlərini əsirgəməmişdir.

Elmi kadrların hazırlanmasında professor H.Mirzəyevin xüsusi xidmətləri olmuşdur. Onun elmi rəhbərliyi ilə B.Xəlilov namizədlik və doktorluq, M.Nəzərova, K.Səmədova, S.Sadıqova, A.Həsənova və P.İsmayılov fəlsəfə doktorluğu dissertasiyaları müdafiə etmişlər. Bununla yanaşı, bilavasitə H.Mirzəyevin yaxından köməkliyi ilə Müasir Azərbaycan dili kafedrasının əməkdaşlarından B.Əhmədov, Q.Bağırov, C.Cəfərov, M.İsmayılova, İ.Bayramov, A.Bayramov doktorluq dissertasiyası müdafiə etmişlər.

Professor H.Mirzəyev ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, nüfuzlu ağsaqqal və ziyalı mövqeyini, vətəndaşlıq qətiyyətini həmişə nümayiş etdirmişdir. Xaraktercə mərd və cəsarətli bir adam olan Həsən müəllim haqq işi uğrunda aparılan mübarizələrin həmişə önündə getmiş, heç nədən qorxmadan, çəkinmədən həqiqətin gözünə dik baxmışdır.

1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan deporta­siyasına dözməyərək, öz etiraz səsini ucaltmış, bütün qüvvəsini Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə həsr etmişdir.

1990-cı ildə Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun Dağlıq Qarabağın idarəsini öz üzərinə götürməsinin hiylə olduğunu ilk dəfə deyən məhz professor H.Mirzəyev olmuşdur. O, Bakı Şəhər Sovetinin 25 dekabr tarixli iclasında şəxsi bəyanatla çıxış edərək, baş katibin mövqeyini kəskin tənqid etmişdir. Həmin bəyanat 31 dekabr 1990-cı il tarixli “Bakı” və “Baku” qəzetlərində nəşr edilmişdir.

Respublikanı 1988-ci ildən sonra düşdüyü ağır vəziyyətdən çıxarmağı yalnız Heydər Əliyevin bacaracağını dəfələrlə bəyan etmiş və bununla bağ­lı mətbuatda da çıxış etmişdir. Bunun nəticəsi olaraq, respub­likanı ağır vəziyyətdən çıxar­maq məqsədilə 1992-ci ilin 14 noyabrında “Azərbaycan sizin yolunuzu gözləyir” (“Səs” qəzeti, 14 noyabr, 1992) başlığı altında 91 ziyalı ilə birlikdə cənab Heydər Əliyevə müraciət qəbul etmiş və ADPU-nun on əməkdaşını da arxasınca apararaq, onların müraciətə imza atmasına nail ol­muşdur. 1992-ci ilin 7 dekabrında AMEA-da ulu öndər Heydər Əliyev üçün müdafiə komitəsi yaradan, orada çıxış edib bəyannaməyə qol çəkənlərdən biri olmaqdan qürur duyduğunu söyləyən də Həsən Mirzəyev olmuşdur.

1993–2000-ci illər arasında müstəqil Azərbaycan Respubli­kasının, onun Prezidenti Heydər Əliyevin daxili və xarici siyasət sahəsində qazandığı nailiyyətləri, böyük uğurları daim dəstəkləmiş, təbliğ etmişdir.

Həsən Mirzəyevin elmi və icti­mai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2002-ci ildə ümummilli li­der Heydər Əliyevin fərmanı ilə Azərbaycan pedaqogikası­nın inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olun­muş, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş­dür.

Görkəmli dilçi alim və ictimai xadim Həsən Mirzəyevin şərəfli həyat yolu bizim üçün dəyərli bir örnək, xalqa, Vətənə xidmət nümunəsidir. Bu mənada o, ruhən həmişə bizim yanımızdadır.

İbrahim BAYRAMOV,

filologiya elmləri doktoru,

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru

5 Dekabr 2021 00:46 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə