Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İş yerlərinin yaradılması inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

Sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə aza­laraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kol­lektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-okt­yabr aylarında ölkədə 51,1 min yeni iş yeri açılıb. Yaradılan iş yerlərinin 89 faizi qeyri-dövlət sektoruna məxsus olub. Yeni iş yerlərinin 10 faizi yeni yaradılan, 87,1 faizi mövcud, 0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatların, 2,3 faizi isə digər tədbirlərin payına düşüb.

Statistik rəqəmlərdən də aydın görünür ki, yeni iş yerlərinin yaradıl­masında qeyri-dövlət sektoru üstün­lük təşkil edib. Bu sektora güzəştli kreditlərin verilməsi, ümumiyyətlə, çoxsaylı güzəştlər olunması sahibkarlı­ğın inkişafını şərtləndirib.

Xatırladaq ki, cari il noyabrın 1-i vəziyyətinə görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 299,8 min nəfər olub və onlardan 4 milyon 984,5 min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 699,3 min nəfərə çatıb. Onların 903,6 min nəfəri iqtisadiyyatın dövlət, 795,7 min nəfəri qeyri-dövlət sektorlarında çalışıb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min, qeyri neft-qaz sektorunda 1 milyon 667,6 min nəfər işləyib. Müəssisə və təşkilatlarda çalışanların 24 faizi isə məhsul isteh­salı sahələrində işlə təmin olunub.

Yeri gəlmişkən, cari ilin 9 ayında yeni iş yerlərinin 0,7 faizi Naxçıvan MR-də, 4,3 faizi Gəncə-Daçkəsəndə, 4,1 faizi Abşeron-Xızıda, 2,7 faizi Lənkəran-Astarada, 2,5 faizi Quba-Xaçmazda, 2,1 faizi Şəki-Zaqatalada, 1,5 faizi Qazax-Tovuzda, 1,3 faizi Şirvan-Salyanda, 1,2 faizi Mərkəzi Aranda, 1 faizi Mil-Muğanda, 0,9 faizi Qarabağda, 0,7 faizi Dağlıq Şirvanda və 0,3 faiz Şərqi Zəngəzurda açılıb.

Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası” da əhalinin məşğulluq probleminin həllini sürətləndirir. Dövlətin qarşıya qoydu­ğu prioritetlərdən biri olan məşğulluq barədə Prezident İlham Əliyev deyib: “İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proq­ram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. An­caq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”.

Əmək bazarında yaranan şəffaflaşma da iş yerlərinin səmərəli fəaliyyətinə böyük töhfə verib. Belə ki, iqtisadiyyatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın təmin edilməsinə mühüm təsir göstərib. Ölkənin vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər isə əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınmasına və qeyri-neft sektoru üzrə daxilolmaların həcminin artmasına səbəb olub.

İş yerlərinin yaradılması, insanla­rın işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sırasında özünüməşğulluq proqramının uğurla icrası da mühüm əhəmiyyət daşıyır. Koronavirus pandemiyası şəraitində bu proqram həm insanların güzəranının yaxşılaşmasına xidmət edir, həm də iqtisadi inkişafa töhfə verir.

Göründüyü kimi, Prezident İlham Əliyevin “İqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir...” tezisi sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradıl­masına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşıl­masını tələb edir. Ümumiyyətlə, qəbul edilən ayrı-ayrı proqramların icrası zamanı da bu məsələyə mühüm önəm verilir. Bundan başqa ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılma­sı prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

Prezident İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib: “İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik”.

“Xalq qəzeti”

4 Dekabr 2021 23:45 -

Köhnə versiyamızdan xəbərləri izlə