Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda bərpa və quruculuq işləri böyük uğurla başa çatacaq

 

 

30 illik erməni işğalından sonrakı dövr ərzində Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizin qəlbini fərəhləndirir. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının bir illik fəaliyyətinə dair iclasda da qeyd olunduğu kimi, tarixi Zəfər sayəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.

Bu gün ölkəmizin siyasi və iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəflənmişdir. İşlər qurumlararası dəqiq koordinasiya ilə həyata keçirilir. Bölgənin ümu­mi planının hazırlanması yekun mərhələdədir. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlətimizin başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. Ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir. Konkret olaraq sənaye zonalarının, is­tehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial re­zident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb.

Qarabağın kənd təsərrüfatında görülən işlər də ürəkaçandır. Artıq on minlərlə hektar ərazidə taxıl əkini üçün şumlama aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafının üstün istiqamətləri müəyyənləşdirilib. Avqust ayında Laçın və Kəlbəcərə səfər edən Prezident İlham Əliyevə orada arıçıların bal hədiyyə etmələrinin elə ətrafdakı dağlar boyda uca mənası vardı. Həmin məqamın şirinliyi Qarabağa gətirilən xoşbəxt həyatın müjdəçisidir.

Füzuli Beynəlxalq Hava Li­manının rekord müddətdə tikilib istifadəyə verilməsi, artıq Zəngilan Hava Limanının uçuş-eniş zolağın­da ərazinin minalardan təmizlənib qurtarması, Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlərin hazırla-nması və tikinti işlərinə başlanması üçün baza yara­dılması Qarabağda yerin də, göyün də bütünlüklə rahat nəfəs almasının, orada havanın düşmən nəfəsindən tam təmizlənməsinin göstəricisidir.

Ötən ilin noyabrında təməli qoyu­lan “Zəfər Yolu”nun inşası 355 günə uğurla başa çatıb. Şanlı Ordumuz Şuşanı düşməndən azad edərkən məhz bu ərazidəki cığırlardan keçərək irəliləyib. Bu il noyabrın 7-də Şuşaya səfərə gələn Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva öncə Füzuli rayonunda bu yolun açılışında iştirak ediblər.

Qarabağın işğaldan azad edilmiş ərazilərində 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması üzrə işlər də sürətlə davam edir. Bölgədə elekt­rik enerjisi təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıq quraş­dırılıb, yarımstansiyalar yenidən qurulub və və bərpa edilib. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. Qarabağa işıq çəkilməsi əsas həyat əlaməti, yaşayışın bərpası amilidir.

Ötən bir ildə işğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpası və turizm inf­rastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görü­lüb. Oradakı bütün tarixi abidələrin qeydiyyata alinması yekunlaşıb. Şuşada “Xarıbülbül” və “Qarabağ” otelləri istifadəyə verilib. Preziden­tin tapşırığı ilə Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi qısa müddətdə bərpa edilib. Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, Mehmandarovların evinin bərpası davam etdirilir. Bir sıra şəhərlərdə yeni Zəfər muzeylərinin və memorial komplekslərin təməli qoyulub. Zəngilan rayonu ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğu­nun fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərə başlanıb.

“Böyük Qayıdış” çərçivəsində həyata keçirilən tədbirlər fasiləsiz minatəmizləmə fəaliyyəti ilə müşayiət olunur. İşğaldan azad olunmuş Qarabağda ötən bir il ərzində 20 min hektara yaxın ərazi minalardan təmizlənib. Bir sözlə, çox tezliklə orada zərrə qədər də erməni faşiz­minin izi qalmayacaq. Beləcə, dövlət rəhbərimizin dediyi kimi, döyüş meydanlarında əldə etdiyimiz tarixi Zəfər sülh və quruculuq qələbəsi ilə davam edir.

Bugünlərdə möhtərəm dövlət başçımız Qarabağ iqtisadi rayonuna daxil olan azad ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsu­si nümayəndəsinin təyin edilməsi haqqında imzaladığı sərəncamla bir daha göstərdi ki, regional idarəetmə və icra məsələlərinə necə böyük önəm verir. Qazanılmış tarixi Zəfərin kökündə cənab İlham Əliyevin uzun illər ərzində böyük fədakarlıqla gördüyü çoxşaxəli işlər durduğu kimi, azad olunmuş ərazilərin dirçəldilməsi və bu yerlərə qayıdışın təmin edilməsi də dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.

Ruslan HƏMİDOV,

Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar- Texnoloji Kollecinin direktoru,

fəlsəfə doktoru, dosent

 

 

5 Dekabr 2021 00:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Yanvar 2022 | 09:51
AMB-nin valyuta məzənnələri
19 Yanvar 2022 | 09:16
Neft bahalaşıb
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə