Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litvanın Azərbaycandakı səfiri Gəncədə olub

 

 

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Litvanın “Cormack Consultancy Group”un direktor müavini Gintaras Steponaviciusla birlikdə Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Litva münasibətləri, mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Niyazi Bayramov qonağa Nizami yurdu haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə İpək yolu üzərində yerləşir. Gəncə sənaye sahəsində inkişaf etmiş şəhərlərdəndir. Burada bir sıra iri sənaye müəssisələri, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiya­sının Gəncə bölməsi və 3 universitet fəaliyyət göstərir. Şəhər rəhbəri qeyd edib ki, Gəncə tarixən mədəniyyət mərkəzi hesab edilib. Şəhər bir sıra tarixi məkanları, muzeyləri və parkları ilə hamıda xoş təəssürat yaradıb.

Eqidius Navikas Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini və burada olmaqdan məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Litva ilə Azərbaycan arasında olan əlaqələrin regionlar səviyyəsində də inkişaf etdirilməsidir.

Litvanın təhsil, mədəni və iqtisadi vəziyyəti haqqında şəhər rəhbərinə məlumat verən Eqidius Navikas, səfər çərçivəsində burada fəaliyyət göstərən bir sıra sənaye və ali təhsil müəssiələrinə baş çəkmək niyyətində olduğunu da vurğulayıb.

Görüş zamanı Azərbaycan və Litva arasında olan əlaqələrin mövcud vəziyyəti, Gəncə ilə Litva şəhərləri arasında təhsil, mədəni, iqtisadi və aqrar sahədə əlaqələrin yaradılma­sı istiqamətində görülə biləcək işlər, gələcək perspektivlər müzakirə olunub.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Daha sonra Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Səfirə məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrast­ruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Eqidius Navikas səfər çərçivəsində “Gəncə Şərab - 2” ASC və Azərbaycan Dövlət Aqrar Universitetində də olub.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

5 Dekabr 2021 00:36 -

Köhnə versiyamızdan xəbərləri izlə