Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Humanizm prinsiplərinə sadiqliyin daha bir nümunəsi

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi siyasətimizin əsas prioritetidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi həmişə dövlətimizin diqqət mərkəzində olan zəruri məsələlərdəndir. Respublikamız ötən dövrdə bu sahədə beynəlxalq sənədlərə, konvensiyalara qoşulmuş, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verilmiş, 10 dekabr 1949-cu il tarixli BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”də təsbit olunmuş insan hüquqları müstəqil Azərbaycanın 12 noyabr 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında geniş əksini tapmışdır. Bu gün insan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi bir çox ölkələr üçün örnəkdir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün yeni tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz regionun lider dövləti kimi tərəqqi yolunda inamla irəliləyir.

İnsan hüquq və azadlıqlarının təmini müasir dünyada demok­ratik inkişafın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İctimai-si­yasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması ədalət prinsiplərinə ciddi şəkildə riayət olunmasının, sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkşafın ən başlıca təminatlarından biridir.

1993-cü ilin ikinci yarısından başlayaraq, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin humanizm prinsiplərinə böyük önəm verməsinin nəticəsi olaraq 1993-cü ildə ölüm hökmü­nün icrası üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi. Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü.

Ulu öndər humanizm prinsiplərinə uyğun olaraq əfvetmə və bağışlama institutunu yaratmış, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş­dir. Minlərlə məhkum, o cümlədən ağır dövləti cinayətlərə görə həbs edilən şəxslər ulu öndərin humanizmindən yararlanaraq, qəbul edilmiş amnistiya aktına əsasən vaxtından əvvəl azadlığa qovuşmuşlar.

Amnistiya sözü yunancadan tərcümədə “bağışlamaq”, “unut­maq” mənasındadır. Amnistiya – cəzanın yüngülləşdirilməsi və ya ləğv edilməsidir. Bu, elə bir normativ-hüquq aktıdır ki, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir, bu dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir. Amnistiya aktları ölkə Konstitusiyası, cinayət, cinayət-prosessual, cəzaların icrası və digər qanunvericiliyə muvafiq olaraq qəbul və tətbiq edilir.

Ümummilli liderin təşəbbüsü ilə qəbul edilən amnistiya akt­ları Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin diqqət mərkəzində saxla­nılmasından xəbər verirdi. 1995-2003-cü illərdə ölkədə 7 amnistiya aktı və 32 əfv fərmanı icra edilmiş­dir. Amnistiya aktları 77 mindən çox məhkuma şamil edilmiş, bun­lardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanları da bağışlamışdır.

Müdrik şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışın­dan sonra 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu ölkədə aparılan siyasi, hü­quqi və iqtisadi islahatlar, həyata keçirilən demokratik dəyişikliklər iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsinə, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların, önəmli irəliləyişlərin əldə edilməsinə imkan yaratmışdır. Bu da, eyni zamanda, respublikamızın qlobal­laşan dünyaya daha yaxından və hərtərəfli inteqrasiya olunması, ic­timai münasibətlərin yeni keyfiyyət tələblərinə münasib olaraq dəyişməsini zəruri etmişdir.

Əsas Qanunumuzun mütərəqqi və demokratik ənənələrə sa­diqliyi ölkədə qəbul edilmiş normativ-hüquqi bazanın daha da təkmilləşməsi və yeni qəbul edilmiş qanun və qanunqüvvəli aktların insanların sosial- iqtisadi rifahının və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət etmişdir. Azadlıq və şəxsi toxunulmazlıq hü­ququ insan hüquqları haqqında bir sıra mühüm sənədlərdə, 1215-ci il tarixli “Azadlıqlar haqqında Böyük Xartiyada”, 1700-ci illərin Amerika və Fransa Konstitusiyalarında öz əksini tapmışdır.

10 dekabr 1949-cu il tarixli BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”də, BMT-nin 16 dekabr 1966-cı il tarixli “Mülki və Siyasi hüquqlar haqqında PAKT”ında şəxsi, siyasi, iqtisadi, mədəni və digər hüquqlar bəyan edilmişdir.

Respublikamızın 2001-ci il yan­var ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqla­rın müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqlarının təmininə sadiqliyin ifadəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası müasir dünyada ümumbəşəri mədəniyyətin mü­hüm tərkib hissəsi olan insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıq­larının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının respublika ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Təsadüfi deyil ki, dövlət həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuş­dur. Konstitusiyada prokurorluğa ayrıca müddəa həsr olunması bu quruma verilən yüksək qiymətin, onun dövlət orqanları sistemində xüsusi yer tutmasının təzahürü kimi qiymətləndirilməlidir.

Demokratik cəmiyyətə xas prinsipləri təsbit, təmin və müdafiə etmək yönümündə sivil dövlətlərin konstitusiyalarına bərabər əsas qanunumuzda prokurorluğa ayrıca maddənin həsr edilməsi və bu maddədə onun fəaliyyəti, təşkili, strukturu, səlahiyyət həddinin birmənalı şəkildə öz əksini tap­ması, hər bir prokurorluq işçisində qürur doğurmaqla yanaşı, dövlət quruculuğu prosesində proku­rorluğun layiq olduğu yeri dəqiq müəyyən edir.

Prezident İlham Əliyevin 16 iyun 2020-ciil tarixli sərəncamı ilə Baş Prokurorluğun yeni struk­turunun təsdiq edilməsi müasir dövrün tələbləri ilə uzlaşan, qabaqcıl və beynəlxalq təcrübəyə əsaslanan idarəetmə metodlarının iş fəaliyətində tətbiqi prokurorluq orqanlarında yeni islahatların aparılmasını şərtləndirmiş və Baş prokuror Kamran Əliyevin bilavasitə təşəbbüsü ilə hazır­lanaraq tətbiqinə başlanmış iş fəaliyyətinin bütün sahələrini əhatə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 iyul 2020-ci il tarixli kollegiya iclasında təsdiq edilmiş “İşin Təşkili Qaydaları” işin səmərəliliyinin artırılması, yeni idarəçiliyin, şəffaf mühitin yaradıl­ması, dövlətçilik və qanunçuluğun qorunmasına bilavasitə zəmin yaratmışdır.

Humanizm, insan hüquq və azadlıqlarının etibarlı təminatı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin pri­oritetini təşkil edir. Humanizm prinsiplərinə sadiqlik Heydər Əliyev Fondunun da başlıca məramlarından birini təşkil edir. Fondun əsas vəzifələrindən biri mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirməkdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu yöndə atdığı addımlar ölkə ictimaiyyəti, o cümlədən hər bir ailə tərəfindən yüksək qiymətləndirilir. Mehri­ban xanım Əliyevanın hələ Milli Məclisin deputatı olan zaman amnistiya aktı ilə bağlı təşəbbüsləri də ulu öndər tərəfindən əsası qoyulan humanizm ənənələrinin davamının əyani təcəssümüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Milli Məclisdə təmsil olunduğu müddət ərzində humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyü amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarları tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimul­laşdırmış, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanmış­dır.

Son 18 ildə dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib və bu müddətdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Dövlət başçımızın humanizm prinsiplərinə sadiqliyi, şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, am­nistiya aktlarının qəbulunda özünü göstərir.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunub. Bu sənəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sistemi­nin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilir.

Ölkə həyatının digər sahələrində olduğu kimi cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümü ilə bağlı bu zəfərin memarı olan müzəffər Ali Baş Komandan, möhtərəm Prezi­dent İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 no­yabr tarixli qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə vurğulanmalıdır ki, bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sıra­sında öz əhatə dairəsinə görə ən genişidir. Həmin qərarın nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud cəza çəkməkdə olan məhkumlar barəsində, həmçinin təhqiqat, ibtidai istintaq orqanlarının icraat­larındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunması nəzərdə tutulmuşdur.

Onu da qeyd edim ki, sonuncu amnistiya aktı parlament tərəfindən 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunma­sıdır. Bu, ölkəmizin Ermənistan üzərindəki tarixi qələbənin xüsusi əhəmiyyət kəsb etməsini əks etdirir. Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının özünə inamını, güvənini artırıb, həmçinin Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiya aktının qəbul olunması ulu öndər Heydər Əliyev tərəfindən başlanılan hunamizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən imzalanmış “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə əlaqədar prokurorluq orqanları­nın vəzifələri barədə” 5 noyabr 2021-ci il tarixli əmrdə amnistiya qərarının tələblərinə müvafiq olaraq, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən barələrində cinayət təqibi aparılan cinayət törətmiş şəxslərə, məhkum olunmuş və cəza çəkən şəxslərə amnistiya aktının təxirəsalınmadan və düzgün tətbiq olunması, icra zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsi, amnisti­ya tətbiq edən digər orqanlarla qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Prokurorluq orqanlarında qeyd edilən əmrin tələblərinə əməl edilməklə amnistiya qərarı qüvvəyə mindiyi 5 noyabr 2021-ci il tarixdən başlayaraq təxirə salın­madan icra edilməyə başlanılmış­dır və 4 ay ərzində təxminən 17 mindən çox şəxsə şamil edilməsi həyata keçiriləcəkdir.

8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilmiş amnis­tiya aktı minlərlərlə ailəyə ikiqat sevinc bəxş etdi: həm qələbə, həm də cəzadan azadolunma. Bu sənəd dövlət başçımızın humanizm siyasətinə sadiqliyinin daha bir nümunəsidir. Ölkəmizdə insan amilinə verilən yüksək dəyər Azərbaycan cəmiyyətinin haqq - ədalətə inamını daha da möhkəmləndirəcək.

Demokratik cəmiyyətlərdə, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yana­şılmasının daha bir nümunəsinin şahidi olduq . Məhz belə dəyərlərin qorunması və ənənəyə çevrilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərindəndir.

Azər HƏTƏMOV,

Şəmkir rayon prokuroru, baş ədliyyə müşaviri

5 Dekabr 2021 00:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə