Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir

 

 

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu qurumda təmsil olunan dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Ölkəmiz beynəlxalq platformalar­da, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Türkmənistanın pay­taxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışı zamanı bəyan edib.

Bununla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Əziz Ələkbərli dedi:

– Prezident İlham Əliyev İƏT-in XV Zirvə Toplantısında çıxışı zamanı son 18 ildə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun üç dəfədən çox artdığını qeyd edib. Onun sözlərinə görə, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradı­lıb. Dünya Bankının “Doing Business” hesa­batında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycan lideri deyib: “Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcu­muzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030- cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir”.

Dövlət başçısı bəyan edib ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Da­vos Dünya İqtisadi Forumunun hesa­batına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb.

Prezident COVID-19-a qarşı mübarizənin uğurla davam etdiyini, ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vu­rulduğunu bildirib. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün də mühüm addımlar atır, “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır. Azərbaycan koro­navirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və hu­manitar yardım edib.

Dövlət başçısı, eyni zamanda, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən iş­ğalına son qoyulduğu, 44 günlük Vətən müharibəsinin Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndiyini deyib. Beləliklə, Azərbaycan özü ərazi bütövlüyünü bərpa edib. İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irsi abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərimiz dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər iki məscidə isə ciddi zərər dəyib. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb. Hazırda isə Azərbaycan azad olunmuş ərazilərdə geniş­miqyaslı yenidənqurma işləri aparır və yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

5 Dekabr 2021 00:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə