Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP və “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

 

 

Kiyevdə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Radada keçirilən görüşdə Ukrayna tərəfindən spikerin birinci müavini Aleksandr Kornienko, hakim “Xalqın Xidmətçisi” partiyasının sədri, deputat Yelena Şulyak, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, həmsədrin müavini Lyudmila Marçenko iştirak ediblər.

Qonaqları salamlayan Ruslan Stefançuk bildirib ki, Azərbaycan və Ukraynanı ortaq keçmişdən daha çox uğurlu və keyfiyyətli gələcək birləşdirir. Azərbaycanın ərazi bütöv­lüyü problemini həll etdiyini deyən Ali Radanın sədri Ukraynanın da ərazi bütövlüyü məsələsinin həllinə nail olmaq istədiyini vurğulayıb. Qeyd edib ki, Ukrayna bu sahədə Azərbaycanla fikir mübadiləsi apar­maq, Azərbaycanı Qələbəyə aparan təcrübədən faydalanmaq istəyir.

“Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu da bizim əsl dost olmağımızdan xəbər verir. Əlaqələrimizin təkcə parlamentlərarası deyil, həm də par­tiyalararası inkişafı önəmlidir. İqtisadi, siyasi və rəqəmsal sahələrdə birgə layihələr həyata keçirmək olar”, – deyə Ruslan Stefançuk əlavə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, iki ölkə arasında isti dostluq münasibətləri tarixən mövcud olub.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qarşı tərəfə salamlarını çatdıran Tahir Budaqov bildirib: “Prezidenti­mizin Ukraynaya çox isti münasibəti var. Ukraynada güclü Azərbaycan diasporu mövcuddur. Azərbaycan- Ukrayna əlaqələrinin inkişafında diasporun da öz xidməti var. İki ölkə arasında əlaqələrin inkişafı potensialı böyükdür. Əminəm ki, bu istiqamətdə birlikdə hərəkət edəcəyik. Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski demokratik prinsiplərə, ölkələrimizin, xalqları­mızın milli maraqlarına əsaslanan münasibətləri inkişaf etdirirlər. Parti­yalarımız arasında əlaqələr nə qədər sıx olsa, bütün sahələrin inkişafına öz töhfəsini verər”.

Sonra çıxış edən Aleksandr Kornienko, Yelena Şulyak, Valeriy Kolyux, YAP-ın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Veteranlar Şurası­nın sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Ramil Həsən iki ölkə arasında əməkdaşlığın inkişafın­dan danışıblar.

Daha sonra YAP və “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzala­nıb. Memorandumu Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və “Xalqın Xidmətçisi” par­tiyasının sədri Yelena Şulyak imzala­yıblar.

Qeyd edək ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli və Azərbaycanın Ukray­nadakı səfirliyinin müşaviri Kamal Xəlilov, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu­nun sədri Hikmət Cavadov da iştirak ediblər.

“Xalq qəzeti”

4 Dekabr 2021 23:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə