Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bölgədə söz sahibidir

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovdur

Elman müəllim, istər Vətən müharibəsindən əvvəl, istərsə də postmüharibə dövründə Azərbaycanın diplomatik uğurları beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

– Son 18 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin reytinqini getdikcə artırdı. Azərbaycan regionda söz sahibinə çevrildi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq Ermənistan işğalçı ölkə kimi tanınır. Bu müddət ərzində həyata keçirilən uğurlu diplomatik fəaliyyət sayəsində Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyən kifayət qədər hüquqi zəmin yara­dılmışdı. Bu ölkənin mayası sanki terrorçuluqdan və işğaldan yoğ­rulub. Gözlərini qonşu dövlətlərin ərazisinə dikərək, bu yolla “böyük Ermənistan” dövləti yarat­maq iddiasından əl çəkmirdi. 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini öz xoşu ilə azad etmək fikrində deyildi. Dün­yanın nüfuzlu beynəlxalq təşkilatları Ermənistan ordu­sunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə qətnamələr qəbul etsələr də, bu sənədlər uzun müddət kağız üzərində qaldı.

Dünyada baş alıb gedən ikili standartlar, islamofobiya, ədalətsizlik və ayrı-seçkilik Ermənistanı daha ağır cinayətlər törətməyə vadar edirdi. Elə bu havadarlıqdan və tərəfkeşlikdən istifadə edən düşmən ötən il sentyabrın 27-də ölkəmizə qarşı genişmiqyaslı hücuma başladı, lakin bu dəfə, necə deyərlər, “daş qayaya rast gəldi”. Rəşadətli ordumuz düşməni darmadağın edərərk, nəhayət, Ermənistanın 30 illik işğal siyasətinə son qoydu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Cəmi 44 gün tab gətirə bildilər qəhrəman ordumuzun qarşı­sında. Ötən il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və bu­nunla da təslim olduğunu rəsmən təsdiqlədi. Həmin gün imzalanan üçtərəfli bəyanatın əsas məqsədi bölgədə sülhün, əmin-amanlığın təmin olunması, işğal altında qalmış üç rayonumuzun güllə atmadan azad edilməsi, doğma yurd-yuvalarından didərgin salın­mış soydaşlarımızın dədə-baba ocaqlarına qayıtmalarının təmin olunması idi.

– Ancaq Ermənistan üçtərəfli bəyanatın müddəalarına əməl etmir, revanşist meyilli qüvvələr yenidən təxribatlar törətməyə cəhd edirlər.

– Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə revanşist qüvvələrə xəbərdarlıq edib ki, “dəmir yumruq” yerindədir və istənilən zaman düşmənin başını əzər. Ermənistan imzalanmış üçtərəfli bəyanatın qarşıya qoy­duğu vəzifələri yerinə yetirməyə məhkumdur. Çünki baş nazir Nikol Paşinyan həmin bəyanatı imzalayıb.

Artıq Qarabağda genişmiq­yaslı yenidənqurma, abadlıq və bərpa işlərinə start verilib. Bəzi xarici dövlətlərin şirkətləri də bu işlərdə yaxından iştirak edirlər. Hazırda yolların, kom­munikasiya xətlərinin bərpası uğurla həyata keçirilir. Qonşu dövlətlərin də iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin təməli qoyulub. Füzulu Beynəlxalq Hava Limanı sərnişinləri qəbul edir, Zəngilan və Laçın rayonla­rında da beynəlxalq əhəmiyyətli aeroportlar tikilir. İşğaldan azad edilmiş rayonların baş planla­rı təsdiq olunub. Hazırda iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələ gündəmin prioritetini təşkil edir. Bugünlərdə Soçidə Rusiya və Azərbaycan prezidentlərinin, həmçinin Ermənistan baş na­zirinin iştirakı ilə birgə keçirilən üçtərəfli görüşdə də bu məsələlər bir daha müzakirə olundu, avto­mobil və dəmir yollarının, kom­munikasiya xətlərinin bərpasına başlanılmasının vacibliyi bildirildi.

İlk növbədə, qeyd etmək istərdim ki, Soçidə baş tutan ikitərəfli və üçtərəfli görüşlərdə Rusiya və Azərbaycan arasın­dakı münasibətlərin səviyyəsi çox yüksək qiymətəndirilməlidir. Rusiyanın dövlət başçısının da ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə azərbaycanlı həmkarına təşəkkür etməsi diqqət çəkən məsələrdən biri idi.

Soçi görüşündən sonra ta­nınmış ekspertlər Azərbaycanın qarşısına qoyduğu məqsədə çatdı­ğını qeyd etmişlər. Məsələn, belə bir fikir səsləndirilir ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli görüşlərdə əldə edilmiş razılaşma­larda praktiki həllini tapmayan bir sıra məsələlər var idi. Son üçtərəfli görüşün məqsədi də bununla əlaqəli idi.

Xüsusilə vurğulanmalıdır ki, Soçi görüşündə 3 məsələnin həlli istiqamətində razılaşma əldə edilib. Birincisi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələdir. Noyabrın 16-da Ermənistanın həyata keçirdiyi hərbi avantüra bu məsələnin nə qədər aktual olduğunu bir daha təsdiqləyib. Bu ilin sonuna qədər delimitasi­ya və demarkasiya məsələsinin tənzimlənməsi və həmin istiqamətdə mexanizmlərin yaradılması ilə bağlı razılaşma əldə edilib. Buna qədər bu haqda, ancaq danışılırdı, indi isə artıq razılaşma var.

İkincisi, humanitar xarakterli məsələlərdir. Bunlar da çox ciddi müzakirələrə səbəb olub. Təbii ki, Ermənistan tərəfi hər dəfə hərbi əsirlər məsələsini qabardır, amma Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, müharibə bitdikdən sonra 100-dən artıq hərbçi Ermənistana qaytarılıb, yəni Azərbaycanda hərbi əsir yoxdur. Bu, ilk növbədə , etimad mühitinin, qurumlararası birbaşa təmasların yaradılması ilə bağlı məsələlərdir. Məlum olduğu kimi, müdafiə nazirləri səviyyəsində, artıq birbaşa təmasların yaradıl­ması haqqında razılaşma əldə edilib. Digər qurumlar arasında da birbaşa təmaslar yaradılması istisna deyil. Bu kontekstdə xalq diplomatiyasının imkanlarından istifadə ediləcək.

Nəhayət, ən mühüm məsələlərdən biri Ermənistan və Azərbaycan arasında kommuni­kasiyaların blokadadan çıxarılma­sıdır. Bu kontekstdə Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən çəkinir. Nikol Paşinyan hesab edir ki, belə bir ifadə milli maraqlara ziddir və s. Ancaq Soçi görüşündə dəhlizlər məsələsi geniş müzakirə olundu və Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə, məhz “dəhliz” ifadəsini işlətdi. Bu, həm Zəngəzur dəhlizinin aktuallığının, həm də dəhlizlərin işə salınmasında Rusiyanın loyal münasibətinin ifadəsidir.

Vladimir Putin də çıxışında qeyd etdi ki, ilk növbədə, dəmir və avtomobil yolları qarşılıqlı şəkildə fəaliyyətini bərpa etməlidir. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur və bölgədə söz sahibi olduğunun göstəricisidir.

Bu üç mühüm məsələ istiqamətində razılaşmalar möv­cuddur və artıq Moskvada üçtərəfli birgə komissiyanın dəhlizlərlə və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı növbəti görüşü keçirilir. Bu, əslində, Soçi razılaş­malarının praktiki tətbiqi baxımın­dan görüş olacaq.

Üç dövlətin siyasi lideri Soçidə Bəyannamə də imzaladılar. Bu sənəd bir daha onu göstərir ki, artıq postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində ilkin, real addımlar atılıb. Bu da irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir.

– Soçi görüşündən bir gün sonra Aşqabadda İƏT-in Zirvə toplantısı keçirildi və həmin görüş də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdi. Siz bu görüşün nəticəsini necə dəyərləndirərdiniz?

– Soçi görüşünün ertəsi gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü keçirildi. Azərbaycan Preziden­ti İlham Əliyev də bu görüşdə iştirak edirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu xü­susi vurğuladı və dedi ki, bu təşkilat ilə əlaqələrimiz digər platformalarda da inkişaf etdi­rilir. Ölkə rəhbəri çıxışı zamanı Azərbaycanın iqtisadi potensialı haqqında da dövlət başçıları­na məlumat verdi. Qeyd etdi ki, Azərbaycanın güclü iqtisadi potensialı var. Azərbaycan Dünya Bankının son hesabatında 190 ölkə arasında investisiya mühi­tinin yüksək səviyyəsinə görə 28-ci yerə layiq görülüb. Son 18 il ərzində Azərbaycan iqtisadiyya­tına 280 milyard dollar həcmində investisiya qoyulub ki, onun da yarısını xarici investisiyalar təşkil edir. Eyni zamanda, dövlət başçı­mız vurğuladı ki, Azərbaycanın son 18 il ərzində ümumi daxili məhsulu üç dəfədən çox artmış və hazırda ümumi daxili məhsul Azərbaycanın xarici borcundan 6 dəfə çoxdur.

Bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi də kəskin azalıb və 49 faizdən 6 faizə enib. İşsizlik problemi də hazırda 6 faiz səviyyəsindədir. Yəni, bütün bun­lar onu göstərir ki, Azərbaycanın yeritdiyi düzgün iqtisadi siyasət nəticə etibarilə bu uğurlarımızı təmin etmişdir. Azərbaycanın qa­zandığı bu uğurlar Davos Ümum­dünya İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev vur­ğuladı ki, bütün bu nailiyyətlər pandemiyaya qarşı mübarizə dövründə də qorunub saxlanıl­mış və Azərbaycan bu bəlaya qarşı mübarizə prosesinə milli, regional və beynəlxalq səviyyədə ciddi töhfələr vermişdir. Zirvə görüşü iştirakçılarının diqqətinə çatdırıldı ki, insanların və biz­nes subyektlərinin pandemi­ya dövründə dəymiş ziyanın ödənilməsi üçün 3 milyard dollara yaxın vəsait xərclənmişdir. 2021-ci ildə bu məqsədlər üçün pandemiya ilə birbaşa mübarizə üçün 261 milyon manat vəsait xərclənib. Həmçinin, bildirildi ki, 2022-ci ildə biz bu bəlanın aradan qaldırılması, eyni za­manda, vətəndaşlara və biznes subyektlərinə dəstək vermək üçün 1,6 milyard dollar vəsait xərcləyəcəyik.

Bir daha bəlli oldu ki, koro­navirus pandemiyası dünyanı lərzəyə salsa da, Azərbaycanın inkişafına mane ola bilməyib. Çünki vaxtında həyata keçirilən düşünülmüş qabaqlayıcı tədbirlər bu bəlanın fəsadlarının qarşısını alır.

Zirvə görüşündə Zəngəzur dəhlizindən də söhbət açıldı. Dövlətimizin başçısı keçən top­lantıda Zəngəzur dəhlizi haqqında məlumat verdiyni xatırlatdı. Dedi ki, artıq Zəngəzur dəhlizi reallığa çevrilməkdədir. Bu dəhliz Şərq- Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsinə çevriləcək. Bunun üçün imkanlar var və real addımlar atılmaqdadır.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

5 Dekabr 2021 00:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə